Dünyanı narahat edən Türk Birliyi! - ŞƏRH

Türk ölkələri arasında inteqrasiyanın genişlənməsi istiqamətində son illərdə ciddi addımlar atılır. Qürurvericidir ki, bu prosesin güclənməsində Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri, birgə fəaliyyətləri mühüm rol oynayır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu istiqamətdə öz çıxışlarında hər zaman Türk dünyasının birləşməsinin tarixi hadisə olduğunu və Azərbaycanın bu birliyə, bütün sahələrdə əlaqələrin güclənməsinə böyük önəm verdiyini vurğulayır. Cənab Prezidentin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu gün əminliklə deyə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı ilbəil öz nüfuzunu artırır.
Təməlində təbii müttəfiqləri cəmləyən təşkilatın işbirliyi səmimidir. Belə ki, eyni soy-kökə dilə, dinə malik xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir.Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət,nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Dörd il öncə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edəndə bu hadisə Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandı. Təsadüfi deyil ki, bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan geniş yenidənqurma işlərində qardaş ölkələr yaxından iştirak edir, öz töhfələrini verməyə çalışır və tələsirlər.
Bəli, işğaldan azad edilmiş ərazilərdə Türk dünyası əsl birlik, qardaşlıq nümayiş etdirir. Dünya xəritəsinə nəzər saldıqda Türk dövlətləri coğrafi cəhətdən böyük bir ərazini əhatə edir və böyük potensiala malikdir. Digər tərəfdən dövlətlərimiz zəngin təbii sərvətlərə malikdirlər. Bu günlərdə dünya bir daha bu birliyin, həmrəyliyin şahidi oldu. Tarixi Şuşa şəhərimiz artıq ənənəyə çevrilmiş və hər il keçirilən qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etdi. Qardaş ölkələrin dövlət və hökumət rəhbərləri Şuşada bir daha həmrəylik nümayiş etdirdilər. Qəbul edilmiş Qarabağ Bəyannaməsi və imzalanmış digər mühim əhəmiyyətli sənədlər, qəbl edilmiş qərarlar Türk dünyasının birliyinə əlavə güc və töhfə verəcəkdir.
Ülkər Əhmədova;
Neftçala rayonu, müəllim


