Anasından əvvəl ölmək istəyən şair

ey dili qafil fil faili məchul fani f....
(bir neçə gün öncə ustad şair Çingiz Əloğlunun yubileyi oldu. İllər öncə yazdığım bu yazının səmimiyyətinə sığınıb, güvənib çapa verirəm)
1. yerlə göyün ahəngini ahəstə bit ritimlə şeirləyən.... bu şeirləmənin ardındanca “mən” - deyən... bu deyilən “mən”- inin isə bizə nə qədər dəxli olub - olmayacağını bir azdan duyacaqsınız.
2. onun yaddaşı çox uzaqlardan gəlir.yaddaşı həm də bizim lap yaxınımızda, doğmalığımızdadır. bu yaddaşın şah damarında şair çingiz əlioğlunun yelə verə bilməyəcəyi yaşantıları bir gün elə bu şəkildə onu danışdıracaqdı. bu səmimiyyəti sadəcə o ağrılardan biridir.
3. geridə qoyub gəldiyi o kənd yolları da dözülməz əzaba çevrilib. o yolları gahdan qar tutar, duman basar, çisgin yağmalayar, gahdan da baharın yaşıllığı, yayın cırhacırı işığa, həzin bir ümidlərə bələyər. bəs o yollar şairlə bu günə kimi necə gəlib, qafil?
4. anasının səsi hələ də qulaqlarında aləmi bir-birinə qatır. bəlkə də bir ayqır kimi onu ram eləyir bu səs. “çingiz, uzağa getmə”. onun qırmızı velosipedlə ötüb keçdiyi anası nə qədər geridə qalırdısa, o səs, o cümlə indi ondan qabaqda, irəlidə canını yaxıb qovurur.
5. ən çox uşaqlıqda axtarılardı. ondan nigaran qalanlar az deyildi. “hardadır bu uşaq, hardadır çingiz. bəlkə uzaqlara gedib.” bəlkə erkən çıxdığı yollar onu dartıb bilinməzliyə, sevənlərinin nigərançılığına aparıb. aha, deyəsən o sevimli itinin yanında əməlli - başlı dünyanı görməzlikdən gələrək, oynamaqdan yorulmur.
6. qarabağın dilbər guşələrindən biri - doğma füzuli - də orta məktəbi oxuyur. ruhunda, zehnində ilk iz açan bir kitab az sonra balaca çingizi ikinci bir dilin incəliklərini öyrənməyə yönəldəcəkdi. o kitabın səbəbkarlığı çox sonralar neçə - neçə kitablarla onu tanış edəcək, ədəbiyyat aləminin təhlükəli yerlərindən onu salamat keçirəcəkdi.
7. bir gün dostlarından birisi çingizə şeir oxuyur. diqqətlə dostunun şeirlərini dinləyir. sonda çingizin dostuna dediyi o unudulmaz cümlə, bəlkə də poeziya dünyasının ənginliklərinə qərq olmağa bir vəsilə olur.
8. uşaqlıq illəri yalnız sehirkar yerlərlə bağlı deyildi.. həyatına, taleyinə misilsiz yön verən kitablar haqqında çingiz əlioğlu nə vaxt danışmaz ki? bu kitablardan danışarkən babası məhəmməd kişini, mirzə səftəri, o kitabların qalaqlandığı füzulidəki evlərini xatırlamq bəs eləyər. bəs eləyər ki, kitab qoxusunu, kitab iyini kitab dərdi olanlar ciyərlərinə kimi çəkməyi bacarsınlar.
9. ağlından keçməyənlər, bir gün qarşına çıxsa... düşünmədiklərin bir gün yaşantına, həyatına rəng qatsa....yuxuna girməyən bir gün səni düşünməyə vadar eləsə.... nə olur, demişlər,qafil. “heyrət ey büt..” dayısı mustafa əfəndiyevin işlədiyi otaqda, illər sonra onun qoxusunu almaq da, başqa bir kitab, başqa bir bölgə, başqa bir yaddaşın töhfəsidir...
10. artıq yaradıcılığa başlamışdı... ədəbiyyatımızda yeni dönəmin tüğyan elədiyi zamanlardır. gənc çingiz əlioğlu bu həyatı şeirlə nəfəsinə çəkməyə başlayır. sərbəst şeirlər yazır. ancaq bunu başqaları kimi görüntü olsun deyə etmir. zaman göstərəcək ki, bilincli şəkildə, fərqində olaraq eləməyi bacarır.
11. şeir yazır. ancaq dünyada istədiyi yeganə bir arzusu var. nə olursa olsun, ədəbiyyatımızın unudulmayan yazarı, dayısı ilyas əfəndiyev, onun şeir yazdığını bilsin. həm də bu şeirlərin mahiyyəti ilyas müəllimin heyrətinə səbəb olun. ...nəhayət, şair rəsul rzayla qarşılaşmalı olur. rəsul rzanın o dövrün bir çox gəncləri kimi, onun da ədəbi taleyində oynadığı rol, əsla unudulası deyil.
12. bir gün o dağları, düzləri arxada qoyur. böyük şəhərin qalabalığına qarışır. o bu qalabalıqda itmir. seçilir.ürəyində sonsuz dünya sevgisi, yaşamaq həvəsi onu mühitə qovuşdurur, sənət dostlarıyla bir araya gətirir.
13. çingiz əlioğlu yalnız şair deyil. o azərbaycan ziyalılığın həmişə qoruyub saxlayaraq, bacardığı işləri də görməkdən çəkinmir. ədəbiyyatımıza dünya korifeylərinin misilsiz nümunələrini məharətlə çevirməyi bacarır. indi o əsərlər azərbaycan oxucusunun tanış olduğu ən qiymətli mətnlərdir.
14. sevgi deyirsən? hə, onu o qarlı qış günlərində, hələ o illərdə bax, belə yaşayıb. bir az ironik, bir az bu gündən baxanda nisgilli, bir az da elə çingiz əlioğlu sayağı...
15. geç də olsa ailə həyatı qurur. dünyanın ən gözəl qadınını özünə ağrılı acılı həyat yollarında sirdaş, dərddaş seçir. onu sevənlər az olmayıb. ancaq çingiz müəllim də az aşın duzu olmayıb...
16. dərdlər, yaralar, acılar yan keçməz varlığımızdan. varlığımız elə bu acılardan oluşar deyəsən. həkimin verdiyi xəbər, anasının ağır xəstəliyi, bacısının fədakarlığı ayrı cür can üzəndir.
17. o qarlı qış gecələri boyunca uzaqda ulayn canavarların səsi hələ də qulaqlarındadır. anasının həniri, varlığı onun balaca dünyasını xilas edərdi. illər sonra anasının ağır xəstəliyinin ardınca dünyasını dəyişməsi, şairin ruhunu dondurur. o gecə tək - tənha anasının naaşı yanında uzanaraq yuxuya gedir. elə bil anasından qabaq ölmək istəyir.
18. dünya kı var, şeir dadır, “ayrılıq dadır”- demişlər. şeir həmişə olacaq. şair əskilməyəcək. şeirin taleyini kimsə həll edə bilməyəcək. onun mayası, cövhəri başqa məkanlarda yazılıb, fərqli şəkildə bizlərə təqdim edilib. əzəl başdan söz vardı - deyilmi. axır zamanda da söz olar - nə deyirsən.
19. şair çingiz əlioğlu əbədiyyət adamıdır. insanın inandığı nəsə olur, olmalıdır da. qədim kitablardan biri də elə beləcə yazır : adəmin övladları hansı düşüncəni daşıyırsa, axırda o düşüncənin özünə, mahiyyətinə dönüşürlər.
20. bəs şair görəsən ölüm haqqında nə düşünür. bir şairin ölüm haqqında belə rahatlıqla danışması, onun yalnız bu sirlə - sehirlə dolu həyatı bıtraq-bıtraq yaşamasından, dünyanı dibinə kimi dərk eləməsindən irəli gələ bilər, qafil.
21. elədir, ölməyən, itməyən çox şeylər var, var. orda şeir də var. orda şair də az deyil. o ölməzlikdə yaşamaq bir az da böyük Allah qorxusu, böyük Allah sevgisidir,qafil.
2012-ci il.
Xanəmir Telmanoğlu


