Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışan ölkədir - ŞƏRH

Hit: 668
Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışan ölkədir - ŞƏRH

Milli Məclisin deputatı Jalə Əhmədova: “1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb”

Bir neçə gün əvvəl iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi oldu. Mərasimdə çıxış edən Prezident İlham Əliyev otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisinin Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsindəki mühüm rolu barədə danışdı. Dövlət başçımız bildirdi ki, o vaxtdan bəri bu, daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
 
Cənab Prezident otuz il bundan əvvəl Azərbaycanın düşdüyü ağır vəziyyət, qonşu Ermənistanın təcavüzü,  torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı, vətəndaş müharibəsi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ilə ölkənin tarixində yeni səhifə açılması, irimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi barədə fikirlərini bölüşdü.
 
Cənab Prezident birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, üç il müddətində “Çıraq” platformasından ilk neftin hasil olunması, Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəmərinin ərsəyə gəlməsi, BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyaları, “Şahdəniz” yatağının əhəmiyyəti, Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırması, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olması barədə danışdı. 
 
Dövlət başçımız çıxışında vurğuladı ki, “Bizim sözümüz imzamız qədər dəyərlidir”. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək, görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir.
 
Prezident İlham Əliyev onu da qeyd etdi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. 
 
Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin quruması, Azərbaycanda iqlim dəyişikliyinin qarşısının alınması üçün görülən işlər, Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, hazırda inkişafda olan kiçik ada dövlətləri ilə aparılan fəal iş, onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması, COP29 və digər  planlar barədə də danışdı.
 
Bütün bu deyilənlər göstərir ki, Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirərək beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışan ölkədir. 
 








Redaktorun seçimi