Ağıllı kəndin dəli sakinləri

Hit: 475
Ağıllı kəndin dəli sakinləri
Yaxut 
Laçın haqqında qeydlərim
Ey dili qafil fil faili məchul fani f....
 
Füzuli, Cəbrayıl, Zəngilan boyunca gecə yola çıxanda Arazın o tayında da vətən torpağının milyonlarca işığı sayrışır. O İşıqlardan həmişə məni bir sel kimi nəfəs axını vurur. O gur nəfəs axının əsl adı Azərbaycandır. 
**
Zəngəzurda bu çayı: - Həkərini ki gördüm, bu çayın sahilində, böyür başında yaşayan insanlar əclaf, saxta, ikiüzlü, şərəfsiz ola bilməz. Mən də deyirəm, bu Zəngəzur camaatı niyə belə safdır. Sən demə, onları yuyan, için dışın da təmizləyən, dindardan betər şəklə salan bu çay, bu çaylarmış.
** 
Laçındakı parkda bir saqqalı oğlan gördüm. Üzündən hiss olunurdu ki, namaz qılandı. Özü də vəhhabilərə oxşayırdı. Laçınlılar adətən dalaşan, savaşçı, döyüş ruhlu insanlardır. Bu qardaş mənə nədənsə dindar laçınlı obrazında burda düşmənləri bağışlamağa, əhf eləməyə gəlmişdi sanki. Könüllü, ya qeyri könüllü burda savaşda iştirak edənlərdən biri də o ola bilərdi və bəlkə olub. Ancaq məncə, bu laçınlı dindar vəhhabi oğlan döyüşə qatılmışdı ki, düşmənləri bağışlasın. Düşməni bağışlamaq olar, ancaq 30 il torpağını bayquş yurduna çevirən, namusunu ayaqlar altda atan ermənini bağışlamaq olmaz. Çünki erməni heç düşmən olmağa layiq də deyil. Onun heç həddi deyil ki, özünü türkə düşmən hesab eləsin. Türkün düşməni də var, dostu da. Dostu Allah, düşməni şeytan, iblisdir, şər güclərdir.
**
Bilmirəm, bəlkə mənə elə gəlir, elə görünür: işğaldan azad olan bölgələrimizdə nədənsə  hz. Yusif obrazını oynayan aktyorun bənzərində xeyli gənclər gözümə dəyir. 
**
Zabuxda çay istədim. Çay gətirdilər. Çayı stəkana süzərkən nə görsəm yaxşıdır. 30 il əvvəl qalın, iri stəkan önümdə dayanmışdı. Məni nədənsə qəhər boğru, gözlərimdə yaş parladı. Özümü toparladım. Bu stəkanların hardan tapıb gətirmişdi bu Laçınlı balası. Yoxsa özüylə apardığı bu stəkanların 30 il sonra geri qaytarıb Zabuxda çay içməyə gətirmişdi. Bəlkə deyirəm, ey mənim bir anlıq dəli hönkürtüm, bu stəkanlar 30 ildə qırılmadığı, sınmadığı üçün geri qayıda bilmişdi.
**
Bir dəstə laçınlı ilə Laçında tanış oldum. Yurt yerlərini ziyarətə gəlmişlər 30 il sonra. Gözlərinə vurduqları gün gözlüyü ilə həyət bacalarını, dağı, dərəni, çayı meşəni doymadan seyr edirdilər. Biri də gözlüyünü çıxarmırdı nə sirdirsə. Elə bildim kədərdəndir. Sonra anladım ki, bunlar şəhərdən gələnlərdir və yerli Laçınlıların şəhərdə doğulub böyüyən uşaqlarıdır.
**
İşğaldan sonra xaraba kəndlərimizdə izi qalmış ev yerlərinə baxarkən gördüm ki, əksəriyyətində şam ağacı bitib. Barsız ağac. Bəzi tək - tük evlərdə isə əncir ağacları boy vermişdi. O əncir ağacları bitən evlərin yerində, ev sahibləri ən yaxşı, təmiz adamları xatırlatdı mənə.
Onun evinin yerində isə qanqal və qaratikan kolu bitmişdi 
**
İndi cavanlar iş üçün Rusiyaya yox, Qarabağa, Zəngəzura gedib pul qazana bilərlər. Ancaq yox, onlar Rusiyaya rus qızları üçün gedirdilər. (rus qızlarıyla vətən iştahası yaratmaq olarmı...)Vətənin rus qızları yoxdur, yox..
**
Laçının Zabux kəndində ürəyim kəkotulu çay istədi. Zabuxun çayxanasında dedim mümkünsə çay kəkotulu olsun. Dedilər kəkotulu çay vermirik. Niyəsini soruşmadım nədənsə. “ Yekə kişisən, müasir dövrdə nə kəkotu”,- çayçının bayaqkı cümləsindən mənə belə bir anlayış intiqal etdi. Bir gün azad etdiyimiz torpaqlarımıza qayıtmağımıza peşiman olacağımızdan qorxuram. 
**
Zəngəzurda: Qubadlıda, Zəngilanda, Laçında yeməkxanalar, çayxanalar, hotellər, apteklər, marketlər olduğu kimi, yaxşı olardı məscidlər də olardı. Məscid yalnız dini məkan deyil. Kimisi bəzi ehtiyacını ödədiyi, nəfsini öldürdüyü kimi, ibadət edən üçün də ehtiyacını ödəməyə, dini nəfsini öldürməyə imkan, şərait yaratmaq lazımdır, yoldaşlar. 
**
Gündüzlər keçdiyim dümdüz yolu gecə qayıdanda elə bilirəm ki, yeniş enirəm. İllərdir belə bir halı yaşayıram. Hansı ki dəfələrlə gündüz keçdiyim o yolu elə dəfələrlə də gecə keçərkən bu hissi yaşamışam. Bu necə olur?  Hardan yaranır belə bir hal? Yoxsa gecə işıqlar altında dümdüz yolu qaranlıq eniş formasına salır. 
**
Həkəri bir axır bir axır ki... İlahi, bu qədər su dayanmadan hardan çıxır, hardan axıb gəlir belə. Gəlib bu şəhidlər yurdundan keçib Araza, ordan da Xəzərə tökülür. Dayanmadan əsrlərdir beləcə axıb gedən bu çay bu dünyada bizim payımız, qismətimizmiş kimi (mənə) duyğular yaşadır. Çayın şırıltısına aludə olduqca mənə elə gəlir bu su həm Mir Həmzə Seyid Nigarinin, Sarı Aşığın, Sultan Bəyin, Mir Sədi Babanın, Mir Məhəmməd Ağanın, Ağa Laçınlının, Eldar Baxışın, Zəngəzurluların, küllü Azərbaycanın olduğu kimi, həm də mənimdir.
**
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, bu da Laçın. İşğaldan azad olmuş bölgələrimizin yurd yerlərinə gələn insanlar, 30 ildən sonra gəldikləri ata yurdlarında gözləri açılmış buz bulaqların başında pepsidən, koladan o qədər dümləyirlər ki, bir- birləriylə gəyirə gəyirə danışırlar. Bu buz bulaqlar da onların şəkillərini əks etdirərək axıb gedirlər. 
**
Ağalı kəndindəyəm. Çayxanaya girdim ki, çay içən, gördüm kənd ağıllı, burdakılar zır dəlidir. Nə soruşsan, hirslə, əsəblə, gərginliklə cavab verirlər. Elə biləsən bu yerlər şəhidlərin qanı bahasına alınmayıb.
**
Zəngilan Ağalı kəndində çayxana böyükdü. Bir kəpənək səhərdən özünü torlu pəncərədən çölə atmaq istəyir, çıxa bilmir. Uçaraq çayxananı dört dolanıb gəlir, başqa pəncərələri qoyub yenə həmən pəncərədə canıyla əlləşir. Sanki onun qurtuluşu yalnız burdadır, bu pəncərədəndir. Bura da torla belə qapalıdır. Hansı ki çıxış üçün qapı da var. O isə sonsuz çölə qurtuluşunu burdan görür. 
Bu qədər insandan daha çox bu torpaqların qurtuluşu yolunda can verənləri mənə xatırladan yalnız bu kəpənək oldu. Onun qurtulmağa haqqı çatır. Yəqin çıxarkən onu da burdan azad edəcəm. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi