“Azərbaycan-Belarus münasibətləri dinamik inkişaf edir”

Hit: 577
“Azərbaycan-Belarus münasibətləri dinamik inkişaf edir”
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun bir neçə gün öncə Azərbaycana rəsmi səfəri və imzalanmış sənədlər Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında yeni təkan oldu. Aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Qeyd olundu ki, Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək.
 
İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırma, həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin və ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.
 
Prezident İlham Əliyev mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar.
 
Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da mətbuata verdiyi bəyanatında Azərbaycanın son illər böyük nailiyyətlər əldə etməsindən danışaraq, qeyd etdi ki, “Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. ... Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz.”
 
Qeyd etmək lazımdır ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına da ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyətlərində böyük stimuldur.

Millət vəkili Jalə Əhmədova








Redaktorun seçimi