“Azərbaycanla Konqo arasında dostluq əlaqələri yaradılır” - Jalə Əhmədova

Hit: 277
“Azərbaycanla Konqo arasında dostluq əlaqələri yaradılır” - Jalə Əhmədova
Bu günlərdə tarixdə ilk dəfə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər etdi. 

Prezident İlham Əliyev aprelin 4-də Konqo  Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, Konqo ilə Azərbaycan arasında dostluq əlaqələri yaradılacaq. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməli olmaqla yanaşı, həm də bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.
 
Qeyd olundu ki, siyasi əlaqələrimizin inkişaf etməsi üçün BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək və hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.
 
Məlumdur ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik edən Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Konqo ölkəmizin təşəbbüslərinə hər zaman öz dəstəyini göstərmiş və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. 
Məhz Azərbaycanın sədrliyi dövründə bu təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılmışdır. Bu gün BMT-dən sonra ikinci böyük təsisat kimi 121 üzvü olan Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır. 
 
Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri arasında neokolonializmə qarşı mübarizə məsələləri də öz yerini tutmuş və bu gün də bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.
 
Bu gün Bakı Təşəbbüs Qrupu da dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bir müddət bundan əvvəl Azərbaycanda yaradılmış bu beynəlxalq qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
 
Dövlət başçımız bu səfərlə bağlı mətbuata verdiyi bəyanatında bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sahəsində layihələrdə iştirak etmək fikrindədir. Bununla yanaşı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. 
Səfər çərçivəsində strateji əməkdaşlığın yaradılması, vaxtilə sovet dövründə Konqodan olan tələbələrin Azərbaycanın ali məktəblərində təhsil alması ənənəsinin bərpa olunması məsələləri də müzakirə edildi, bir sıra mühüm ikitərəfli sənədlər imzalandı.
 
Milli Məclisin deputatı Jalə Əhmədova
 








Redaktorun seçimi