Azərbaycanın Nadir övladı

Hit: 276
Azərbaycanın Nadir övladı

Ey dadi bidad danəndə dəhan dərviş d....

Derlər,
Unudulmuş oxucu, 
 
Azərbaycan elə maraqlı tarixi məqamlar yaşayıb, elə müdhiş tarixi şəxsiyyətlərinə şahidlik edib ki, bu şəxsiyyətləri, bu şəxsiyyətlərin gələcəyimiz üçün addığı səmimi, cəsarətli addımları düşünəndə sevincdən bağırmaq istəyirəm. Düşünəndə ki, bu addımlar 300 - 400 il sonra sənin kimliyini, var olma reallığını dünyanın gözünə soxacaq, taleyini müdhiş bir taktiki gedişatla srateji yöntəmlər adı və mahiyyətində həll edəcək, sevincdən, mutluluqdan çıldırtmaq istəyirsən. Ancaq nə yazıq ki, bir azərbaycanlı, bu coğrafiyanın bir talehsiz insanı olaraq sevinmək, içinin dərinliyindən gələn o eşq selinə sona kimi qapıla bilmirsən. Çünki bu torpaqlarda haqqında danışdığım o sonsuz mutluluq hormonlarımızı artıranlar olduğu kimi, bizləri mahşərə qədər cəhənnəm atəşində yandırıb yaxanlar, xəyanətkar, idbar, eqoist yanaşma və varlıqlarıyla bir milləti məhv edən, millətlər arasında köləyə dönüşdürən, mütərəqqi yeniliklərə imza atmağımıza maneə yaradanlar da xirtdəyə qədər olub. Bu xəyanət kralları yalnız özlərindən başqa kimsəni düşünmədən, Azərbaycan adlı məmləkətin əsrlər sonra hansı zülümlərə pərçimlənəcəyinin zərrə qədər fərqində olmayıblar. 
 
Derlər,
Unudulmuş oxucu, 
 
Fikrimi dəqiqləşdirmək üçün, tarixə müraciət etməli oldum: Osmanlı ilə Səfəvvilərin o dönəmdən başlayan əlaqələri, qurduğu münasibətləri Şah Xətai ilə davam etmişdir. Təəssüf ki, bu əlaqə və münasibətlər ağrıdıcı, can alıcı şəkildə tarixə mal olmuşdur. Ancaq etiraf etmək lazımdır ki, Nadir Şah hakimiyyətə gəldikdən sonra Osmanlı dövləti ilə münasibətlərini “işıq”lı deyə biləcəyimiz müstəvidə qurdu və hələ də qanayan yaramıza çevrilmiş məzhəb məsələlərində reform etdi, son nəfəsinə qədər də etməyə çalışdı. Təsəvvür edin, bu uzaqgörən kişi əsrlərdir qara yaramız olan sünnilik-şiəilik problemini kökündən qazıyıb atmaq üçün Nəcəf şəhərində o dönəmin ən məhşur və söz sahibi sünni -şiiə alimlərindən oluşan şuranın toplanmasına nail oldu. Bu bilirsinizmi dövrünə görə nə demək idi? İlin-günün bu çağında belə problemləri dilə gətirməyin özü qanların su yerinə axmasına nədən ola biləcək bir vəhşət idi. Bir sözlə, bu şuranın toplanmasında əsas məqsəd, iki dövlət arasında tarixi məzhəb toqquşmalarını, qarşıdurmalarını həll etmək olmuşdur. Hər iki tərəfdən iştirak edən dövrün böyük  üləmalrının bir araya gəldiyi o toplantıda olduqca önəm ərz edən bəzi vacib məsələlər gündəmə gətirildi, qərarlar qəbul edildi və bu qərarlar o iştrakçı üləmalar tərəfindən imzalandı. Bizim Nadir Şahımız, o uzaqgörən dədəmiz toplantıda alınan qərarları bir məktub şəklinə salaraq səfəvvilərin əliylə, üzərində də xeyli qiymətli hədiyyələrlə Osmanlı dövlətinin Sultanı I Mahmuda göndərdi. Çox təəssüf ki, Osmanlı İmperiyası bəzi dini məsələlərə görə, komissiyanın aldığı qərarları rədd edərək bu günə qədər cızdağımızı çıxartdı. 
 
Ancaq buna baxmayaraq, Nadir şah inadından geri çəkilmir, o dövrün iki türk böyüyü arasında bu istiqamətdə yüksək ehtirama dayanan qarşılıqlı məktublaşmalar, hədiyyələşmələr davam edir. Yazıqlar olsun ki, Nadir şahın bu istiqamətdə bütün gücüylə, səmimiyyətiylə, intellektiylə, patriotluğuyla son nəfəsinə qədər apardığı mücadilə bəhrəsini verə bilmir, Osmanlı imperiyası qaldırılan taleyüklü məslələrin həll olunmasını qətiyyətlə rədd edir. Bu bəs deyilmiş kimi, Nadir şah kimi bir nadir şəxsiyyyət, elə bu yolda da apardığı mübarizəsinə görə, 1747-ci ildə  sui-qəstə qurban gedir. Bu gün də olduğu kimi, mütərəqqi ideyalar, xalqların xoşbəxt, firəvan gələcəyi üçün, insanlığın səadəti naminə aparılan mübarizələrin başında duranlar yaxın çevrələr tərəfindən xaincəsinə öldürülür, aradan götürdülür, yox etdirilir. Hər şeyə rəğmən, Nadir Şah Əfşarın bu iki məzhəbi yaxınlaşdırmaq üçün göstərdiyi səy, İslam birliyinə nail olmaq naminə düşüncələri, addığı atdımlar, bölgədəki iki türk xalqının, dövlətinin tarixi gələcəyi acısından qiyamətə qədər öz aktuallığını qoruyub saxlayır.
 
Derlər,
Unudulmuş oxucu, 
 
2024-cü ildə dünyada və yaxın Şərqdə baş verən bütün bu axıdılan qanların, göz yaşlarının, törədilən qətliamların, xalqlarımızın düşürüldüyü kölə vəziyyəti, böyük güclər qarşısında olduqca çıxılmaz şəraitdə yaşamağımızın fonunda, bir də düşünün ki, tarixdə qalmış iki türk dövlətinin eyni məzhəbə: ya sünniliyə, ya şiəliyə mənsub bir yapısı ilə sən bu coğrafiyanın bir insanı olaraq hansı yenilməz qürurun, böyüklüyün, qabağından yeməməyin hürriyyəti ilə aşıb daşırsan. İnanın, kimsə qarışmadı, heç o qudurmuş, quduza dönüşmüş qərb dövlətləri, heç Rusiya belə bu toplantıdan alınan qərarlara, o qərarların icrasına mane olmadı. Hər zaman olduğu kimi, o vaxt da o tarixi imkandan istifadə etməyimizə bir-iki dılğır, tuman altı güdən, axça-qızıl peşində qoşan, saxta, yalançı məzhəb aşiqləri işıq gələn yerə barmaqlarını tıxadılar. Elə o mənasız və şər siyapır nəsil- nəcabətlilərin oğul -uşaqları bu gün də başımızı qaldırmağa, ətrafa basxmağa, belimizin taqətini düzəltməyimizə, kimlərinsə başımıza hördüyü corablardan qurtulmağımıza açıq aşikar mane olur, çətinlik yaradırlar. 
 
Derlər,
Unudulmuş oxucu, 
 
Son 300 ildə başımızın bəlasına çevrilmiş slavlar, anqlisaksonlar, Nadiq Şah Əfşarın haqqında danışdığım ideyası baş tutduğu təqdirdə, bölgədə, heç bir güc Yaxın Şərqdə heç bir qələt iş tuta bilməyəcəkdilər. Heç o rus ayıları da gəlib bizi nə 1813, nə 1828-də iki yerə bölüb kimlərinsə cənginə verə biməyəcəkdi. Heç o sonrakı dönəmdə , 1918-ci ildən də etibarən o sovetlər zamanı düşdüyümüz bəlalı durumlarla da qarşılaşmayacaqdıq. Hətta, ən dəqiq və ən konkret gözlərimizin şahidi olduğu İkinci Qarabağ savaşında 3000 - dən çox şəhidimiz, 10 mindən çox yaralımız da olmayacaqdı, sinəmizi param - parça etməyəcəkdi. Dünyanın ən inkişaf etmiş xalqları, cəmiyyətləri, bölgəsi olacaqdıq. Mənim bu fikirlərimi, nəyin ki Azərbaycana, heç bir tərəddüt etmədən eləcə bütün Yaxın Şərqə, bu ərazilərdəki xalqların yaşamına, taleyinə şamil etmək mümkündür. Ağlı kəsən anlayır ki, dediyim sözlərin heç birində utopiya, xəyal gücü rol oynamır.
Düşünürəm ki, yenə də gec deyil. Əgər bu günə kimi yer üzündə haqqında danışdığım coğrafiyaların sahibləri olan insanlar, xalqlar, millətlər, qövmlər bir balaca ağıllarına sahiblik edə bilsələr, acından ölərlər, əllərindəki bütün zənginlikləri verərlər, yeri gələrsə ölümə gedərlər, ancaq Nadir Şah Əfşarın bir zamanlar qaldırdığ, üstəlik də həyatını qurban verdiyi sünni-şiiə qarşıdurmasını kökündən yoluna qoyarlar. Bizim və bizim kimi toplumların bu dünyada heç bir problemimiz, heç bir sorunumuz, heç bir çətinliyimiz yoxdur ki, onu aşa bilməyək, öhdəsindən gəlməyək. Bizim bir cəhənnəmimiz var, o da sünni-şiiə yarasıdır. Bu yaranın nə olursa olsun, heç olmasa yaxın gələcəyə kimi tədavü yollarını arayıb bulmağımız, məsləyə dərin, özüllü çözümlər gətirmək məcburiyyətindəyik. Əks təqdirdə, min il də keçsə, bal da yesək, zəqqum dadacaq. 
 
Xanəmir Telmanoğlu
 








Redaktorun seçimi