“köç”ü dünyaya “səs” salan “dəyirman”çı

Hit: 476
“köç”ü dünyaya “səs” salan “dəyirman”çı

ey dili qafil fil faili məchul fani f...

1. Dünən yazıçı Mövlud Süleymanlının ölüm xəbəri ildırım sürətiylə yayıldı.                                                             
 
Mövlud Süleymanlı ədəbiyyatımızdakı 60-cıların içində  ən parlaq imzalardan biriydi. son dərəcə dil üzərində ağırlıq basan əsərləriylə dediyini dedi. milli metafizik dil qatımızın ahbabıydı. sözə bir dirilik verir, həyat gətirirdi ki, gəl görəsən. 
 
2. Əlbəttə ki, yazdığı əsərlərində qaldırdığı problemlər, onu məşğul edən sorunlar bizim öz problemlərimiz idi. ancaq Mövlud Süleymanlının yazılarında o problemlər mənə görə, sanki bir az da şirinlik qazanırdı. elə biləsən o problem və çətinlikləri tərk etmək yerinə, təkrarən yaşamaq istəyirdin. onun yazılarında bizim toplumun insanları həmişə səfər üstə olurlar. o insanlar bu dünyanın faniliyini bəribaşdan dərk edib daha sonraya həsrət, ayrılıq kimi anlayışlarla bağırbadaş qalmırdılar. beləcə vaxtdan vaxta, zamandan tarixə, tarixdən mədəniyyətə, məkandan məkana və məkandan yurda, ölkəyə adlayan onun yazdığı əsərlərdə bizə təqdim etdiyi insanlar gələcək nəsillərin yaddaşında kainata qarşı həssaslıq dolu duyum haqqaniyyətlə yer tutacaqlarından əminlik təminatı verirdi. 
 
3. Yəni ki, o obrazların, adların, xarakterlərin hər birinin fərqli özəlliklərindəki çəkicilik, bir az yerlil şirinlik Mövlud Süleymanlının öz dünyasının bütövlüyündən qopan parçalardı. Mövlud müəllim canından çıxardığı saysız hesabsız o qəlpələri, o parçaları yazıları boyunca böyütməyi, iriltməyi də bacarırdı. o özünü yazılarında böyüdə böyüdə bu zəhmətindən gözlədiyi qarşılığı yenə əsərlərinindəki sözlərə, cümlələrə bitgi dibinə verilən su kimi verirdi. 
 
4. Sovet dövründə və sistemində yaşamağına baxmayaraq, o əsərləri o dillə yazan yazarın sanki şəxsiyyəttapdayan bir quruluşda yaşadığına heç cür inana bilmirsən. yazılarının dilində inanc, Tanrı ətri özünü parçalamağa, bölməyə, təriqətlərə ayırmağa məhkum deyil. onun mətnlərindəki energetik ab-hava qadın-kişi tanımır. sadəcə bir milli kimliyin metafizik qatmanlarında gizli qalan acılarımızı səbr tabiriylə insanın ərdəminə pərçimləyir. 
 
5. Elxan Elatlıları qoyub da Mövlud Süleymanlını oxuyası halı yox ki camaatın. nəyini oxuyub, harasını anladılar ki, bu gün də heç olmasa onun ölümündən xəbər tutalar.  
Mövlud Süleymanlıya Allahdan rəhmət diləyirəm.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi