Yeni nəslin gözyaşardan əxlaqı
ey dili qafil fil faili məchul fani f... derlər, unudulmuş oxucu,
Bu gün məni düşmənləri əzib torpaqlarımızı qaytarmağımızdan daha çox, müstəqillik dönəmində (30 ildə) doğulub böyüyən bir gəncliyin varlığı daha çox sevindirir. bunun adına həm də “genefond “ deməkdə bir sakınca yoxdur. niyə? çünki çağdaş gəncliklə dialoq yaratmaq, dil tapmaq mümkündür. çünki onların məqsəd və amalı olduqca təmiz və netdir. çünki bu gəncliyin varlığı düzlüklə, təmizliklə yoğrularaq ölkəmizin gerçək problemlərini çözməyə yönəlmişdir. bu gənc nəslin müxtəlif iş başında olan fərdləri ilə saysız - hesabsız qarşılaşmalarımız olub. mən onlardan bir insanın öz ölkəsində necə düzgün, necə doğru onur sərgiləmə şərəfinə matdım-matdım) baxmışam. öz-özümə sual vermişəm ki, ey dadi-bidad, bu gördüyüm gənclik mənim ölkəmin, mənim millətimin övladıdır?
bu günlərdə dostlarımdan birinin avtomobili ilə gedərkən yol polisi bizi saxladı. bildirdi ki, manevr edərkən yanlışlığa yol verilib. hansı ki, o yerdən hər an yüzlərlə maşın hərəkət edir. əgər yol polisinin dediyi doğrudursa, demək hamı cərimələnməlidir. məmur yaxınlaşıb bildirdi ki, burdan dönmək olmaz. yəqin bilmirsiniz. başa düşürəm. ancaq bundan sonra burdan dönməyin.
başqa bir yerdə isə yol polisimiz yanlış manevr etdiyindən dolayı sürücü dostuma yaxınlaşarkən, dostum səhvindən dolayı (hər halda düşündü ki, cərimə yazılsa, çox yazılacaq, ondansa ucuz bir hörmətlə sıyrıla bilər) məmura “hörmət” etmək istərkən, bu hərəkətə kəsin etirazını bildirən, üstəlik də cərimə yazmadan tövsiyələrini verdikdən sonra heç vaxt unutmayacağım o gənc polisimizin sözlərini olduğu kimi bura yazıram: “mən sənə hörməti nəyə görəsə etmirəm. mən öz şəxsiyyətimə hörmət edir, dövlətimə və qanunlarımıza əməl edir, onu ucada tuturam.” gerçəkdən, o gənc polisimiz eynən bu cür dedi. İnanın, belə dedi. əksəriyyətimiz kimi dostumun da alışmadığı bu sözlərdən necə donduğunu xatırlayıram. o uzun müddət özünə gəlmədi. xeyli sonra, əllərini açaraq bu sözləri söylədi: ay Allah, sən varsan, sən böyüksən, sən gerçəksən. yaxşı ki, varsan və yaxşı ki, bu səhnələri də görməyi bizə qismət eləyirsən. dönüb ona baxdığımda gözlərində damcıların üzüaşağı axdığına şahid oldum. bu dostum kim olsa yaxşıdır, bilirsinizmi? azərbaycanın müstəqilliyi yolunda gecə-gündüz mübarizə aparmış, qarabağ hadisələri başlayandan ev-eşik üzü görməmiş, bir şəhid vermiş, nəsli-kökü yerindən- yurdundan didrəgin düşmüş bir vətəndaşımız. mən onun gözlərindəki yaşlarda ömrü boyu apardığı mübarizənin bəhrəsini, sonucunu, meyvəsini görürdüm. dostumun uzun illərdir arzuladığı, yuxusunu ərşə çəkdirən elə bu məqamlar, bu yaşantılar deyildimi? o gənc polis məmurumuzun bütün səmimiyyəti ilə dilə gətirdiyi o cümlələr dostumu qarabağın işğaldan azad olunması xəbərindən daha çox xoşbəxt etdi.
derlər,
unudulmuş oxucu,
azərbaycan polisi o gənc oğlan mənə qarabağ savaşında şəhid olan oğullarımızı xatırlatdı. əgər bu oğlan vəzifəsindən ayrılıb savaşa qoşulsa idi, əminəm ki, o da ya qazi, ya şəhid olacaqdı.
bir mənalı olaraq demək lazımdır ki, ölkəmizi böyük dəyişimə doğru aparan yeni nəsildir, gənclikdir. onlar bizdən olduqca fərqli və fərqli mənəvi, şüursal yapıya, ideyaya, əxlaqa sahibdirlər. qanunların dəyişə bilmədiyi, savaşların dəyişə bilmədiyi sistemləri yeni nəslin yeni xarakteri, xeyirin üzərində köklənmiş əxlaqı, inancı dəyişir. bunu görməmək kor adamın işidir. onlar yaşlı nəsildən fərqli olaraq birbaşa bu keyfiyyətlərini sistemə çevirmək uğrunda çarpışırlar:
yalan danışmırlar.
ikiüzlü deyillər.
rüşvət almır və vermirlər. bundan iyrənir və şəxsiyyətlərinə bu iyrənclikdən ləkə salmırlar.
xalqın yanında, içində olmağı, onun sorunlarını görməyi və çözməyi sevirlər.
vedikləri vədlərə əməl etməyi unutmurlar.
xalqa xidmət anlayışını haqqa xitmət məsuliyyəti ilə yerinə yetirirlər.
mənsub olduğu ölkənin bütün dəyərlərini öz mənəviyyatlarının bir parçası hesab edirlər.
vətəni, dövləti, xalqı uğrunda ölümə getməkdən zərrəcə çəkinmirlər.
xarici ağaların əsla qulbeçələri olmadıqlarını hər addım başında hiss etdirirlər.
din, mənəviyyat, mədəniyyət tüccarlığı anlayışından uzaq dururlar.
öz vətənin və xalqının digər inkişaf etmiş ölkələrdən, toplumlardan geri qalmaması üçün, öz zəka və biliklərini, səviyyələrini artırmağın vacibliyini yaxşı dərk edirlər. bu məsuliyyətin önəmini öz əməl və hərəkətləridə üzə çıxarırlar.
əlbəttə ki, onların bu mənəvi keyfiyyətlərinin başında güclü, sarsılmaz imana sahiblənməyin də məsuliyyətini yaxşı bilirlər.
derlər,
unudulmuş oxucu,
mən yuxarıda danışdığım əhvalatın ardınca ikinci bir olayla rastlaşmalı oldum. sabunçu xəsətəxanasında olduqca özünü idarə edə bilməyən ikinci QARABAĞ müharibəsi qazimizin hansısa sənədlə bağlı xətrinə dəyən bir yaşlı həkimin hərəkətlərinin qarşılığında olduqca gənc həkimlərimizin əl-ayağa düşüb o qazimizi necə sakitləşdirdiklərinin şahidiyəm. bu gördüyüm mənzərə önündə özümü tuta bilməyib ağlayırdım. əsəbindən dolayı bayılıb çöldəki daş döşəmənin üstə düşən qazimizi bir neçə gənc həkim xanımlarımızın gətirib təmiz çarpayıda əl-ayaqlarını ovuşdurduğunu, başını sığalladığını, təcili lazım olan ilk tibbi yardımı necə göstərdiklərini gördükcə içim dağılır, bir tərəfdən də sevincdən çıldıracağımı hiss edirdim. bu gördüklərim mənim ölkəmdə baş verirdi. mənim yarımcan savaşçıma ölkəmin gənc həkimləri necə yaxınlıq göstərir, o qazimizi necə sevgiyə bələyirdilər. o gün sabunçu xəsətəxanasında o qazimiz ayılıb özünə gələnə qədər onlarla gənc həkimimiz başının üstən ayrılmadı. hətta ilıq su gətirib yarımcan qazimizin ayaqlarını suya qoyan kim, alnını, kürəyini ovuşduran kim, üzündən öpən kim, üzərini örtən kim... açığını etiraf edim ki, mənim bu gün gənc nəsildə gördüyüm millətinə, xalqına, vətəninə, dövlətinə qarşı duyduğu məsuliyyət və səmimiyyəti, o qədər də yaşlı nəslin nümayəndələri arasında görə bilməmişəm.
bu kimi şahidi olduğumuz gerçəkliklər bizə təlqin edir ki, AZƏRBAYCAN böyük bir yüksəlişin və dəyişimin astanasındadır. ölkəni təkcə iqtisadiyyat, ekonomik dırmanış, quruculuq işləri, yüksək gəlir sistemi irəli aparmır, ölkəni bu saydığım komponentlərdən öncə, o ölkənin əsas varidatı olan gənc nəslinin özünəməxsus mənəvi dəyəri, mənəvi kapitalı olan inanc və əxlaqı yüksəldir, gələcəyə aparır.hələlik bu qədər.
Xanəmir Telmanoğlu