Qələbənin rəmzisi Zəfər paradı

Hit: 221
Qələbənin rəmzisi Zəfər paradı
Üç il bundan öncə, 2020-ci il dekabrın 10-da  paytaxtın Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı xalqımızın tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. Bəli, həmin gün Müstəqillik tariximizin ilk Zəfər paradı keçirildi. Azərbaycan tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib Sərkərdə, Azərbaycan Ordusunu ən güclü Ordu kimi yazdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə  yazdığı şərəfli tarix bütün azərbaycanlıları qürurlandırır,  qalib ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər. Azərbaycan Ordusu haqqı-ədaləti bərpa etdi, işğala son qoydu, bu gün üçrəngli Zəfər bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda  dalğalanır. 
 
Zəfər paradında 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin, eyni zamanda Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də iştirak etməsi düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj olmuşdur. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazılmışdır. Həmin gün ölkəmizin bütün şəhər və rayonlarının Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qeyd etmək istəyirəm ki, qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bu xalqımızı dərindən qürurlandırdı. Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də biz Türkiyənin dəstəyini görürük. Bir sözlə, bu gün Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir. Paradda, eyni zamanda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Bu baxımdan beynəlxalq  ictimaiyyət 10 dekabr  Qələbə paradında bir daha  Azərbaycan xalqının öz Prezidentinin  ətrafında necə yumruq kimi birləşdiyinin şahidi oldu. 
 
Zəfər paradında yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi  idi.  Qənimət kimi ələ keçirilmiş düşmənin  hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.
 
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılıtr. Bundan əlavə, Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Bu gün Prezident cənab İlham Əliyev tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə uğurla həyata keçirilir.
 
Onuda qeyd edim ki, bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. Zəfərlə bağlı siyasi partiya rəhbərlərinin  imzaladığı birgə bəyanatda bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi monolitdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.
Bildiyiniz kimi, bu ilin sentyabrında lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün–23 saat ərzində yerinə yetirildi. Nəticədə Azərbaycan öz suverenliyini bərpa etmişdir.
 
Bəli, bu gün deyə bilərik ki, çoxəsrlik Azərbaycan tarixində xalqımız belə bir şanlı qələbənin şahidi olmamışdır. Azərbaycan Ordusu erməni mifini tamamilə məhv etdi. Azərbaycan xalqı öz müdrik liderinin, qətiyyətli sərkərdəsinin ətrafında sıx birləşərək erməni faşizminin 30 ilə yaxın davam edən hegemonluğuna son qoydu. 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimizin işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi bir daha təsdiqlədi ki, Müzəffər Ordumuz dünyanın ən güclülərindəndir.
Sonda bildirmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda, bu Zəfər paradı düşmənə verilən növbəti mesaj olmuşdur. 
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı! Qarabağ Azərbaycandır!
 
Fizuli Həsənov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri








Redaktorun seçimi