Sənət faciənin və tarixin qənimidir

Ey dadi bidad danəndə dəhan dərviş d...
Derlər,
Unudlmuş oxucu,
1. Bizim ədəbi dairələrdə ən ciddi hesab etdikləri və üzərində az qala davaya çıxdıqları söhbət yazar və oxucu məsələsidir həm də. Düzdür, bu mövzu mənim sorunum deyil və belə anlayışları heç vaxt yaxına buraxmaram. Çünki, bizdə yazarlarımızı üz - üzə gətirən, qarşıdurma yaradan bu söhbətin alt yapısı yoxdur. Onun da səbəbi, yeni dövr yazarlarımızın hər məsələyə, problemə sovet sisteminin pəncərəsindən baxma adəti, şakəri ilə əlaqədardır. Əslində, baş verənlərə və verəcəklərə yeni dünyanın yeni tələbləri işığında yanaşmaq lazımdır.
2. Yeni dövrün Azərbaycan yazarları iddia edirlər ki, gecə - gündüz maraqlı əsərlər yazmalarına baxmayaraq, kitablarının çıxmasına rəğmən, hələ də onların yetərsay oxucu kontingenti yoxdur. Bir sözlə, yazarlarımız bütün dövrlərdə olduğu kimi yazdıqlarının həm maddi qarşılığını gözləyir, həm də fıtratlarında cərəyan edən şöhrətə aludə duyğularının qarşısını ala bilməkdə çətinlik çəkirlər.
3. Mən iddia edirəm ki, Azərbaycanda, cəmiyyətdə tanınmaq, populyar olmaq o qədər də çətin deyil. Yadımdadır ki, bir çox şairimiz bu keçən 30 illik müstəqillik dönəmində yazdığı bəzi mətnlər sayəsində arandı, axtarıldı, tapıldı, oxundu və bu insanlar, gerçəkdən, yazdıqları o yazıların sayəsində cəmiyyətdə bəlli bir yerə də gəldilər. Məsələn, bir zamanlar torpaq işğal altında inləyəndə, zəbt olunmuş rayonlarımızdan olan şairlərimiz öz bölgələri haqqında yazırdılar ki, Cəbrayıla gedə bilmirəm, Füzuliyə, Qubadlıya, Laçına, Zəngilana gedə bilmirəm. Eləcə də, istedadlı bir şair dostum şeirlərinin birini Kəlbəcərə həsr eləmişdi. Şeirdə deyilirdi ki, Amerikaya, İrana, Rusiyaya, lap Aya gedə bilirəm, ancaq Kəlbəcərə gedə bilmirəm. Əlbəttə, olduqca kədərli və üzücü bir ovqata köklənmiş bu şeiri oxuyan hər bir əsl vətəndaş mövqeyi olan insan, hüznə bürünür, ağır köks ötürməli olurdu. Bu gerçəkdir və doğrudur. Aradan elə də çox vaxt keçmədən Kəlbəcərimiz işğaldan azad olundu. Şəhidlərin, xalq və hakimiyyətin işbirliyi sayəsində küllü Qarabağımız özümüzə qaytarıldı. İndi sual edirəm, bir zamanlar səmimi şəkildə dostumun qələmə aldığı haqqında danışdığm o şeirini bu gün uyğun bir tədbirdə kim oxuyar və oxuya bilər? Əgər o və bənzəri yazılar oxunularsa, sizcə, bu şeirlər dinləyənlərə necə təsir bağışlayar? Söhbət təkcə bu şeirdən və şairimizdən getmir. Ümumiyyətlə, sözümün canı ondan ibarətdir ki, kimlərinsə sənəti anlamadan sənət haqqında danışması, şair - yazar və sənət adamlarının gündəmlə bağdaşlaşan problemlərdən sənət əsəri tələb etməsi o qədər də düzgün deyil. Çünki əksər vaxt sənət, tarixi və faciəni yeyə bilmir, həzm eləmir və yaxud sənət tarixi, faciəni üzü qara çıxardır. Sənət, tarixi və faciəni bəzən pərt eləyir, alçaldır, utandırır, gülünc duruma salır, hətta ironiyaya dönüşdürür. Düzdü, sənətin, tarixi və faciəni ironiyaya dönüşdürdüyü yerdə yenə də sənətin başqa bir ekstazı şahlanır. Ancaq təməlli və bünövrəli şüurlara, düşüncələrə təsir edib oturuşmuş bəzi mövzular millilik damarında ironiyaya əl uzadırsa, bu təhqir və əxlaqsızlıq sindromu yaradır.
4. Demirəm ki, itkilərimizdən, gündəmdə olan, varlığımızı alt-üst edən problemlərimizdən yazmayaq. Elə Kəlbəcərlə bağlı bir zamanlar yazılmış şeirdə olduğu kimi. Xeyir, yazaq, daha çox yazaq, ancaq bu yaşadığımız tarixi, zamanı, faciəni elə yazaq, elə bədii həllə qovuşduraq ki, üzərindən vaxt ötməmiş, çıxılmaz duruma, gülünc vəziyyətə düşməyək. Sənətin haqqını ödəyək. Faciə və tariximizi sənətə həzm elətdirib qəbullandıraq. Yoxsa, gün keçdikcə, şair və yazarlarımız zamanın - sənətin qarşısnda boynubükük, başıaşağı, sındırılmış bir durumda tarixin amansız qəzəbinə tuş gələcək.
5. Demək istəmirəm ki, yaşadıqlarımızı, həyatımızdan keçən hadisələri vaxtında qələmə almaq olmaz. Demək olmaz ki, vaxtında yazılan hər mətn uğursuzluğa düçar ola bilər, eynən haqqında danışdığımız mətnin aqibətini yaşaya bilər. Xeyir, baş vermiş hadisələrin anında yazılaraq uğur qazanan əsərlər çoxdur və örnəkləri saysız-hesabsızdır. Məsələ ondan ibarətdir ki, yazar o hadisəni-tarixi-faciəni sənətin durduğu ünvana necə yönləndirə bilir. Mahiyyət bundan ibarətdir ki, bir zamanlar vətən məsələsində real uduzduğumuz kimi, mövzularımız da fiaskoya uğramalı, çəkisizlik şəraitinə düşməli idi. Ancaq bu o demək deyil ki, nəsə yazılmamalı idi. Şuşa və digər şəhər - kəndlərimiz, ərazilərimiz haqqında yazmamalı idik - yanaşması da düzgün deyil. Sadəcə olaraq, sənəti anlayan, onun mahiyyətini dərk edən müəlliflər o mövzuları real həyatda uduzmağımıza baxmayaraq, elə yazmalı idilər ki, bu gün o əsərlər oxucunun tələbatını, daxili istəyini doyuzdura biləydi.
6. Bütün bu dilə gətirdiyim mövzuyla əlaqədar çıxardığım nəticə belədir: bəli, vətən, yurd, torpaq, ərazi sənəti həmişə marıqda saxlayır. Sənət, bu sadaladığım anlayışların əhatə elədiyi sorunların necə asanlıqla gəlib onun toruna düşəcəyini dörd gözlə bəkləyir. Sənətin qəddarlığı bu yerdə ondan ibarətdir ki, insan düşüncəsinin, fikrinin, təfəkkürünün bədii həllində baş verən gerçəkləri bəzən imkansız və gülünc, başıaşağı və üzüqara, primitiv və səriştəsiz, bir sözlə, haqsız, hətta iyrənc göstərə bilir. İnsanın dialoqunu kəsir, onun ünsiyyət münasaibətlərini, qaynayıb - qarışma həvəsini öldürür. Ona görə də, əzəldən özünə və sənətə sayğı ilə yanaşan, sənəti öz insiativindən ağıllı şəkildə keçirən düşünürlər, sənət üstü bir gedişat etməkdən ötrü şan-şöhrəti, imkanları, qazanclı çıxmağı arxa plana atır, bu gedişatın gətirdiyi cah-cəlala uymayaraq, öz təkliyini qoruyub saxlamaqla şəxsiyyətini də alçaltmır. Tarixi hadisələrin gerçəkliyindən təsirlənərək yazdığı əsərləri isə yazarın təklik və şəxsiyyət bünyəsində zamanüstü kimlik qazanıb mövzu “əyilməz”liyini (gücünü) diqtə edir.
Xanəmir Telmanoğlu


