Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Hit: 618
Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

30 il ərzində mənfur düşmənin viran qoyduğu torpaqlarımızda bu gün Azərbaycan öz gücü hesabına xarüqələr yaradır!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə artıq bu ildən etibarən işğaldan azad edilmiş şəhərlərimizin günləri bayram tədbirləri ilə qeyd edilməyə başlanıb. Bu mənada döyüş meydanında məhv etdiyimiz ermənilər tərəfindən süni şəkildə ortaya atılmış və son zamanlar beynəlxalq səviyyədə ən çox müzakirə edilən “dəhliz”in yerləşdiyi Laçın şəhəri Gününün 26 avqust tarixində təntənəli şəkildə qeyd edilməsi, həm də azadlığına qovuşmuş torpaqlarımızın bayramı idi. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
 
Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində elan etdi və bu xəbər ürəyi Azərbaycanla döyünən hər bir vətəndaşımızın sevinc və qüruruna səbəb oldu. Ölkə başçısı: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” deyərək, növbəti tarixi qələbəmizi xalqa çatdırdı. Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
 
Qeyd edək ki, şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən Müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi ilə isə Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur oldu, o vaxta qədər hələ işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları isə bir güllə belə atılmadan düşmən tapdağından təmizləndi. Bununla da tarixi ədalət bərpa olundu. Müharibədən sonra ərazilərimizdə gördüklərimiz isə bizlərə dərin hüzn yaşatdı. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır.
 
Lakin azad edilmiş torpaqlarımızdakı bugünki mənzərə bizlərə böyük ruh, inam verir. Mənfur düşmənin viran qoyduğu torpaqlarımızda Azərbaycanın öz gücü hesabına xarüqələr yaradılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız sevə-sevə yenidən qurulmuş evlərinə qayıdırlar. On illərlə xainliklə minalarla zəhərlənmiş torpaqlarımız təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. 
 
Könül İsmayılova;
Neftçala rayon sakini, müəllim
 








Redaktorun seçimi