Bu gün Azərbaycanla hər hansı ultimatum dili ilə danışmaq sadəcə özünü aldatmaqdır

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş 44 günlük Vətən Müharibəsinin nəticələri ümumilikdə regionun o dövrə qədərki simasını kökündən dəyişdi. Tarixi qələbəmiz sayəsində otuz illik Vətən həsrətinə son qoyuldu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edildi. Müharibə bir çox məqamlara aydınlıq gətirdi.
Düşmənin əsl siması üzə çıxdı. Müasir dünyada hələ də vandal ideologiyası ilə yaşayan manqurt millətin olduğu məlum oldu. Dünya insan vəhşiliyinin pik nöqtəsini öz gözləri ilə gördü. Başdan başa dağıdılmış viran qoyulmuş yurd yerlərimiz müharibədən az sonra görənləri dəhşətə gətirdi. Yayımlanan videogörüntülərdə insanlığa sığmayan faktlarla qarşılaşdıq. Ancaq Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və əzmi ilə bu dəfə də mümkünsüz kimi görünən mümkünə çevrilməkdədir. Bəli yurd yerlərimiz hazırlanmış plan əsasında yenidən qurulmaqdadır. Bu gün hər birimiz yeni tarixi mərhələyə şahidlik edirik. İşğaldan azad edilmiş Vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verilib. Ərazilərin minalardan təmizlənməsi, erməni vandalizminə məruz qalmış tarixi-mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlanıb, icra edilir. “Böyük Qayıdış” konsepsiyası qəbul edilib, mərhələli şəkildə, demək olar ki, hər gün bir qrup ev-eşiyindən didərgin düşmüş sakinimiz ən müasir şəkildə yenidən qurulmuş evlərinə qayıdır, ocağını qalayır. Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də illüziyalara qapılaraq Ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Düşmən rus sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdən, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirirdilər. Bütün bu qanunsuz əməllər, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq göstərilən biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Məntəqədə fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırılaraq, Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Bununla da Azərbaycan ölkə sərhədlərinin toxunulmazlığının nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir.
Son zamanlar “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən xarici qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti bilərkdən gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Lakin unudrlar ki, Azərbaycan artıq otuz il əvvəlki dövlət deyil. Bizimlə hər hansı ultimatum dili ilə danışmaq sadəcə özünü aldatmaqdır. Məhz bu səbəbdən qarşı tərəf və onu himayə edənlər bu gün regiona ən çox lazım olan sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdırlar. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.
Əfsanə Abdullazadə;
Neftçala rayon gənci, ictimai fəal


