Unudulmuş ox-ucu

Atasına döşlərindən süd verən qız kimi ey dili qafil fil faili məchul fani f... Hz. İsaya bərabər adamın öygüsüdür bu yazı...
Derlər,
Unudulmuş ox-ucu,
Tarix belə nəql edir ki, orta əsrlərdə Avropada çörək oğurlayanlar “aclıq həbsi” cəzası alırdılar. Acından ölənə kimi o adamı həbsdə saxlayırmışlar. İş elə gətirir ki, yaşlı bir kişi çörək oğurladığına görə aclıq həbsi ilə dara çəkilir. Öləcəyi üçün yalnız qızı ilə hər gün bir dəfə görüşməyə icazə verilir. (Qızının da bir övladı varmış.) Qızı hər gün körpə uşağı ilə həbsxanaya atasının görüşünə gəlir. Beləcə günlər gəlib keçir, ancaq baxırlar ki, kişi ölmür, əksinə öz sağlıq və səhhətini qoruyub saxlamağındadır. Bu, həbsxanada baş verənləri nəzərə alsaq, ilk ilginc hadisə kimi o mühitdəkilərin ağlını alt üst edir. Nəzarətçilər ilk dəfə qarşılaşdıqları bu hadisədən dolayı qızla atanı izləməyə başlayırlar. Baxıb nə görsələr yaxşıdır, qız hər dəfə atası ilə görüşəndə aclıqdan ölməsin deyə, döşündən süd verir. Hadisənin üstü açılandan sonra qocaya rəhm edib onu azadlığa buraxırlar. Hətta, Avropa rəssamlarından birinin olayı yansıdan tablosu mövcuddur.
Bu əhvalatla tanış olanda yadıma ilk düşən nədənsə hz.İsa və onun çarmıxa çəkilməsi oldu. Bu əhvalatın eşliyində hz.İsanın çarmıxa çəkilmə səhnəsi gözlərimin önündən heç bir vəchilə getmədi ki getmədi. Mən əsla sizə danışdığım bu əhvalata bir məna vermək, bir fikir yükləmək istəmirdim. Yalnız yaşadıqlarımızdan, gəldiyimiz bu dünya həyatında qarşılaşdığımız səhnələrdən dolayı, özümdən asılı olmayaraq, bu hadisənin altında və üstündə, bu əhvalata qədər və sonrakı zaman kəsimiylə üz-üzə qaldığıma necə şaşırdığımı bildirmək istədim.
Qəribədir, insan idrakı yaranışdan bu yana hər türlü çətinliyin içindən çıxmaq üçün yollar, üsullar, fəndlər arayıb və bulub. Bu çıxış yollarının ən çətini, əlbəttə, ölümün cəngindən özünü qurtarmaqdır və yaxud səni ölümün ağzından kiminsə necə, nə şəkildə qurtarma çabasıdır.
Derlər,
Unudulmuş ox-ucu,
Bu 4-5 cümləlik əhvalatda bir əsərin gizləndiyi şəksizdir. O yerdə ki ölümdən və ondan qurtulamğın yollarından söhbət gedir, bütün sular durur, nəfəslər içəri çəkilir. Demək, burda da ölüm öz zodunu göstərməkdən çəkinmir. Hər yanda, hər yerdə, hər məsələnin mahiyyətində ölüm durursa, ondan qurtulmaq gərəkirmi? Ondan qaçmaq, ondan uzaqlaşmaq hansı ərkandan, hansı ədəbdən mirasdır? Yoxsa, ölümdən qaçış, ölümdən uzaqlaşmaq, ölümə qalib gəlmək zəka, ağıl, düşüncə macərasıdır?
Əsrlər öncə uzaq Avropada baş vermiş bu əhvalat ona görə maraqlıdır ki, onun verdiyi mesajlar insanidir. Eləcə də, bu əhvalat mənə Azərbaycan yazarı Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” əsərindəki tamami ilə başqa bir gerçəkliyi ortaya çıxardı. Əsərdə qədim zamanlarda bu coğrafiyada bir ailədə ana dünyasını dəyişir. Ata, oğul və qız üz-üzə dayanırlar. Oğul, yəni qardaş da bacıyla evlənmək istəyir, ata da qızıyla evlənmək istəyir. Mən bu əsərdəki əhvalatın yaşandığı tarixi nəzərə almadan, zamanüstü bir həmləylə insanlığın var olma durumundakı toplumsal, etnik varoluşun dirəncini yoxolma risqiylə necə savaşdığını, ortalığı qana bələdiyini Avropada əsrlər öncə baş vermiş ata-qız olayı ilə qarşılaşdırmaqla, Ölümün istənilən zamanda və məkanda insanın zəkasını, ağlını necə mərkəzə aldığına heyrət edirəm.
Həbsxanada ölümə məhkum edilmiş atanı heç bir qanunun, mövcud adət - ənənənin yox, məhz idrakın və zəkanın, üstəlik də mərhəmliyin, yəni sevginin necə xilas etdiyinə heyrət edirsən.
Konseptə diqqət edin, cəmiyyətlərin, toplumların sorunları insanlığın zor şərtlər altında hansı dramatizmlərdən keçib çözülür. Öləcək insan ölmür. Qurtula bilməyən insan qurtulur, özü də olduqca asan və bəlkə də bəsit qəbul edəcəyiniz bir mərhəm insani manevrlə qəfil işıq doğur. Qaranlıq bürümüş səhnədə günəş parlayıb aləmi ağuşuna alır. Bir insanın yaşamındakı zülmət ani bir fıtratdakı zehniyyət işə düşməklə milyonların varlığında ümid yandırır.
Bir zaman ailə qurduğu, evləndiyi qadından dünyaya gətirdiyi körpəsi, qızı, övladı varlığında daşıdığı ata sevgisini bədənindəki südüylə, qidasıyla qurtuluşa çevirib ölümün qarşısında durur. Ölüm, heç bir müqavimət göstərə bilmədən geri çəkilməli olduğunu anlayır. Sözsüz ki, bütün canlı və cansız:- bir gün vədəsi yetdiyində ölümün oxuduğu hökmə heç bir güc tətbiq edə bilmədən təslim olur. Ancaq söhbət ondan gedir ki, ölümə qarşı gəlmə, fıtrat təranələrinin həzin təvazökarlığından süzülərək onun- atanın bu dünyadan yola salınmasının hələ vaxtının tamamlanmadığına oyaq bir idrak sərgilməsiylə müstəsnalıq təşkil edir.
Derlər,
Unudulmuş ox-ucu,
Atasını öz döşlərindən süd verməklə ölümdən xilas edən qız övladının sərgilədiyi mənzərənin eynən çarmıxdakı hz. İsanın durumuyla qarşılaşdırmam məntiq baxımından uyğunluq təşkil etməsə də, qüdsiyyət və ucalıq baxımından necə bənzər bir ülviyyət yaratdığını qeyri - səlis yanaşma üsuluyla gördüyümü dilə gətirmək istərəm.
Məni bu səhnədə və əhvalatda maraqlandıran odur ki, baş vermiş olayda obrazlar yerlərini dəyişməli olsaydılar, o zaman hansı sonucları əldə edə bilərdik? Məsələn, atanın yerinə qızı həbsxanada ölümə məhkum edilsəydi, qızını görmək üçün ata həbsxanaya gəlib getsəydi, ata qızını xilas edə bilərdimi? Sevgi nə qədər böyük və dərin olursa olsun, söhbət əgər qurtuluşdan, ölümü ertələməkdən gedirsə, bu baş vermiş əhvalatın mahiyyət tədarükündə ata qızı qədər nə zəka, nə idrak sahibi, nə də atanın özünü fəda edəcəyi qeyri-adi bir qurtarma, ölümdən qaçırma çabası, ya da heç bir üsulu, qaydanı, taktikanı yada salmır. Tək çıxış yolu var ki, o da hər görüşdə atanın qızını xilas etməsi naminə damarlarındakı qandan hər görüşdə qızı üçün azuqə, yaşam çabası olaraq istifadəsinə sunmasını təklif etsək də, bunun da xilasa yetərli təminat olmadığı aşikardır. O zaman ata bunu edəcəkdimi? Yaxud, bu üsul, bu yöntəm atanın ağlına gələcəkdimi? Məncə, ata bunu edərdi və istənilən ata məlum faciə qarşısında bunu etmək üçün heç tərəddüt etməzdi. Ancaq o ata qanıyla qızını həyata tutundurmağı ağlına gətirəcəkdimi? Bilmirəm, bəlkə də bundan da önəmli və daha asan bir vasitə ilə o ata o qızını ölümün caynağından qoparacaqdı. Ancaq qızının öz döşlərindən atasına süd verib onu yaşatma çabası qədər böyük üsyankarlığa rast gəlməmişəm.
Elə bu üsyankarlığı, etirazı, yaradılışa, qanunlara, sivilizasiyaya, sistemlərə qarşı belə bir üsyanın böyüklüyünü yalnız hz.İsanın çarmıxa çəkilməsi ilə müqayisə edə bildiyimə inanıram. Məncə, hz.İsanın çarmıxa çəkilməsi qədər yer üzündə insan zəkasını, şüurunu, ağlını, duyğusunu məşğul edən, ona alilik, ucalıq, əbədiyyət anlayışını idrak etdirən ikinci bir hadisənin mövcudluğu hələlik mümkünsüzdür.
Derlər,
Unudulmuş ox-ucu,
Atasını yaşatmaq üçün döşlərindən süd verməyi düşünən qız isə, bu səhnədə atanı da, onun ölümünü də, əbədiyyəti də üstələyərək İlahi qüdrətin yeni bir epizodu kimi bütün zamanlara meydan oxuyur.
Bu gün insanlığın necə yox edildiyinin şahidiyik. Cəmiyyətlər, sistemlər, güclər dünyada vahid bir üst ağlın hökmünə tabe olub varlığı yox etmək uğrunda yarışa giriblər. Mənə elə gəlir ki, bəşəriyyəti o qızın döşlərindəki südlə, İlahi yöntəmlə, ilahi müjdənin qaydaları ilə qurtarmaq mümkündür. Çünki mövcud sistemlər, fəlsəfələr, ideologiyalar sınaqdan çıxarıldı və sonuclarının, bizləri varlığın yox edilməsinə necə rahat və asanlıqla təslim olunduğunun şahidinə çevirdi. Dünyada, həyatda qalmağın tək üsulu varsa, o da Qurani Kərimdir. Həm düşüncə, həm fəlsəfə, həm ideologiya, həm həyat düsturu, həm də yaşamın hər zərrəsinə qədər tətbiq edə biləcəyin qayda kimi yetərli olduğu qənaətindəyəm. Bir zamanlar atasını ölümün caynağından döşlərindəki südün hesabına alan qızın olayı, nədənsə mənə elə gəlir ki, Qurani Kərimdəki hər surədə gizli şəkildə mövcuddur. Allahın bilərəkdən insanları öz insanlıq potensialından ilahi sistemin əlahiddəliyi ilə həm də istifadə edə bilsinlər deyə, (bu əhvalatla) Qurani Kərimə düşməyən surələrdən biri kimi o hadisənin fizikadan metafizikaya, reallıqdan irreallığa, gerçəklikdən qeybə uzantısıyla xatırlayacağamda bir qüsur görmədiyimi bildirirəm, Rəbbim.
Burdan beləsi haqqında başqa bir bəhs açıb söhbəti spritual müstəvidə davam etdirmək mümkündür.
Xanəmir Telmanoğlu


