Təbriz şəhərini köçürəcək göl

Hit: 571
Təbriz şəhərini köçürəcək göl
Ey dadi bidad danəndə dəhan dərviş d...
 
Derlər,
“Heç bir hökumət Urmiya gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq”, -sözlərini  guruldadanın Urmiya gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri olduğunu bilirdinmi, Unudulmuş oxucu,
 
Urmiya gölü Azərbaycan türklərinin tarixi torpaqlarında ən qədim göllərdən biridir. Urmiya gölü çox əsrlər, çox dövlətlər, çox  hakimiyyətlər, çox nəsillər yola salsa da, yalnız və yalnız bir etnosun kimliyinə öz gəzllik və nisgil möhrünü vura bilmişdir.
Dünyada yaxın tarixdə quruyan göllərdən biri də Aral gölü oldu. Bu gölün quruması yaxın və uzaq coğrafiyalara nə qədər təsir etdiyinin yaşadığımız son 30-40 ildə dəhşətli fəsadlarını bilməmiş deyilik. 
Bu gün isə tarix boyu coğrafiyamızın xüsusi gözəllik simvoluna çevrilmiş Urmiya gölünün quruması, yer üzündən silinmə fəlakəti ilə üz-üzə qalmışıq. Xəzərdən sonra Azərbaycanın tarixi coğrafiyası və ərazisində ən böyük sahəyə sahib olan gölümüzün qurumasının az sonra bizləri hansı dəhşətlərlə üz-üzə qoyacığını durumu dərk edənlər yaxşı bilir. Ona görə də, illərdir cənublu qardaşlarımız dayanmadan etiraz səsini qaldırmaqdan yorulmur, mitinqlər, nümayişlər, piketlər, etiraz aksiyaları həyata keçirməkdən bezmirlər. Etiraf edək ki, bu tayda az da olsa zaman-zaman o taylı soydaşlarımızın səsinə səs verənlərimiz az olmayıb. Bacardığımız qədər sözlə də olsa, öz dəstəyimizi əsairgəməmiş, onların yanında olduğumuzu bəyan etmişik.
 
Derlər, 
Göldə 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq yaşadığını xatırlamaq istərmisən,Unudulmuş oxucu,
 
Çox qəribədir ki, Cənublu qardaşlarımız (son dönəmdə) öz azadlıqları yolunda ayağa qalxdıqlarından bu yana Urmiya gölünün də quruma prosesi eyni vaxta dəng gəlməyə başlayıb. Bəzən, soydaşlarımız özgürlük savaşlarını Urmiya gölünün qurtuluşu ilə birgə görüb, haqlı davalarını bir yerdə, bir müstəvidə, bir mahiyyətdə mübarizə proqramına çevirə biliblər. 
 
Urmiya gölünün quruması uğrunda ciddi - cəhdlə aparılan mübarizənin reallığı ondan ibarətdir ki, ağlı kəsən hər bir fərd yaxşı dərk edir ki, bu gölün taleyinin faciəviliyi, İran -fars dövlətinin siyasi kurslarından biri olaraq öz aktuallığını hələ də qoruyur. Yəni dövlətin özü bir siyasi kurs olaraq Urmiya gölünün qurumasında olduqca maraqlıdır. O yalan və göz bağlamaq, uşaq başı aldatmaqdır ki, guya dövlət Urmiya gölünün qurumasına qarşı hansısa tədbirlər planı hazırlayıb və yaxut hansısa miqdarda maliyyə ayırıb ki, qədim tarixi gölün yox olmasının qarşısını alsın. Fakt göstərir ki, 20 ildən artıqdır, gölün başında qara buludlar hərlənməyinə baxmayaraq, İran höküməti bu yöndə işıq ucu boyda da olsa addım atmayıb. Bu məsələ onları heç maraqlandırmayıb. Zatən onların istədiyi bu deyilmi ki, bu gözəlim göl yerli -dibli quruyub yox olsun. Planetdə izi-tozu qalmasın. Bölgənin və dünyanın xəritəsindən tamami ilə silinsin.
 
Derlər, 
Urmiya gölünün İran dövləti tərəfindən planlı şəkildə qurudulduğu iddiasını irəli sürən Traktor Sazı klubunun azarkeşlərinin o gur səsi hərədn qulaqlarında əks-səda verirmi, Unudulmuş oxucu,
 
Artıq fəlakətin başlaması gölün taleyində qorxunc şəkildə izlər qoymuşdur. Bu gün problemdən xəbərdar olan hər qafa yaxşı bilir ki, tarixi Urmiya gölündən heç bir əsər-əlamət qalmayıb. Cənublu soydaşlarımız bütün dünyaya illərdir səsini çatdırmağına baxmayaraq, nə İran dövləti tərəfindən olumlu yöndə bir addım atılmayıb, nə də kimlərinsə mütərəqqi kimi qələmə verdiyi ölkələrindən səs-səda gəlməyib. 
Urmiya gölünün quruması onun ətrafında məskunlaşmış yerlilərin o bölgəni, yəni tarixi ərazilərini tərk etmək məcburiyyətində qalacağından xəbər verir. Düzdür, yazım gələcək zaman hesabında yazılsa da, onu da qeyd edim ki, bu fəlakət çoxdan başlamışdır. Göl quruduğu qədər qurumuş, ətrafdakı eko-sistemə vurulan sağalmaz zərbə vurulmuş, bəlli bir səviyyədə və bəlli ərazilərdə insanların köç axını başlamışdır. 
Təsəvvür edirsinizmi, Urmiya gölündə irili-xırdalı yüzdən çox ada vardır. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahı, Qoyundağı, Əşkdağı, Arzu nisbətən böyük adalar statusundadır. Urmiya gölündə yerləşən adaların əvəzedilməzliyi, möhtəşəmliyi ondadır ki, bu adaların bəzisində yaşayış vardır. (Gölün ən böyük adası Şahının sahəsi 3525 ha-dır.) Adada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri kimi olduqca mükəmməlliyini qoruyub saxlayırdı. 1979-cu ilə olan məlumata əsasən adada 1170 ailə  yaşayırdı. Ada əhalisi əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olduğu qeyd edilirdi. 
 
Derlər, 
Gölün suyu ortalama olaraq il ərzində 1,3 milyard m³ azaldığını təsəvvür edirsənmi, Unudulmuş oxucu,
 
Gölün qurumasının bir çox səbəbləri olsa da, bildiyimə görə, aşağıdakı gerçəkliklər gölün qurumağında böyük rol oynayıb:
Ekstensiv əkinçilik, 
sudan səmərəli istifadə olunmaması,
çağdaş texnalogiyalardan yararlanmaması, 
əkin çeşidlərinin düzgün seçilməməsi, 
gölə axan çaylar üzərində nizamsız və gələcək fəsadları nəzərə alınmadan çoxlu sayda su anbarlarının inşası, 
arteziyan quyularının sayının artırılması və 
cavabdeh qurumların biganəliyi kimi münasibətlər əsas amillərdən hesab edilməlidir.
Qardaş Türkiyədə yerləşən Van gölünün suyunda isə bu şəkildə azalma  müşahidə edilmədiyi də bir gerçəklikdir. Hansı ki, Urmiya gölü ilə arasında məsafə elə də böyük deyil(dir). İran dövlətinin Urmiya gölünün başına açdığı oyunu, çıxardığı süni problemləri Türkiyə dövləti Van gölünün başına açmamışdır. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi