Xalqın övladlarına xəyanəti

Hit: 412
Xalqın övladlarına xəyanəti

Ey dili qafil fil faili məchul fani f...

Derlər,
Xalqının göz bəbəyi kimi sevib qoruduğu oğulları haqqında düşmənin zaman - zaman işləyən böhtan təranələrinə qol qaldırıb süzən, unudulmuş günahkar oxucu, 
 
Çoxdandır xalqımızın yaxın tarixinin qəhrəman övladlarından biri olan Qaçaq Nəbi haqqında yazı yazmaq niyyətində ikən, bu günlərdə qəhrəmanın Avstraliyada yaşayan nəticəsinin Azərbaycana gəlişi məni bu işə daha da sövq etdi.  
insanlılq adına şüurunun işıq şaxlığını itirərək göylə bütün düşüncə bağlarını qoparmış kölə təfəkkürlü məxluqlar bir ara Qaçaq Nəbinin və onun xanımı Həcərlə bağlı o böhtan, o küfr, o yanlışlıq qalmadı ki düdüləməsinlər. Bir şeyə çox təəssüf edirəm ki, bu xalq öz qəhrəmanı haqqında xoşagəlməz böhtanların pərvəriş tapmasına imkan yaratdı. Özəlliklə, bəzi şəxs-şəxsiyyələr və uzdəniraq media qurumları (qurumiyyələri) tirajlanan böhtandan sanki düşməncəsinə həzz almağa başladı. Sanki hər kəs Qaçaq Nəbi və onun ailəsi haqqında olmazın iftiraların dilə gəlməsini gözləyirdilər. Bu xalq o xalqdır ki, öz övladını qəhrəman elan etmişdi. Onun, övladının qəhrəmanlığına öz adını, öz kimliyini vermişdir. Şərqin qamlarının, maqlarının da bağır basdığı bundan uca bir məqamın olduğuna kimsə şübhə edə bilərmi? 
Mənim üçün, Qaçaq Nəbinin Azərbaycanın hansı bölgəsində doğulub böyüməsi elə bir məna(nasizmi) kəsb etmir. Əsas olan odur ki, bu adam 100 il öncə Çar Rusiyasına, yerli total feodal zehniyyətinə, özününkülərə zalım, başqasınına nökərçiliyini körükləyən bəy-xan əşkiyalığına, erməni zülmünə qarşı baş qaldırb, əzilən xalqın gün-güzəranını görürkən, bu faciəvi durumu heç cürə qəbul edə bilmədiyindən dağlara, haqqın qalasına, səngərinə çəkilərək, son nəfəsinə kimi savaşıb mübarizə aparıb. Qaçaq Nəbi və onun kimi oğullar əgər əsl insanlıq, kişilik, mərdlik nümunəsi göstərməsə idi, sizcə, onun haqqında bu xalq, dastan qoşar, mahnı bəsətələyər, bu günə kimi onu qəlbində yaşadardımı? Sizcə, bu coğrafiyada qəhrəman olmaq asandırmı? Sizcə, bu coğrafiyada neçə oğul Qaçaq Nəbi kimi bir xalq sevgisinə, məhəbbətinə cavab verəcək kişiliyə, mərdliyə, qoçaqlığa, qorxmazlığa sahibdir? Niyə bir coğrafiyada, bir mədəniyyət arealında doğulan milyonlarla insanların hamısı deyil, biri Qaçaq Nəbi olur? Bu sual həm asan, həm də olduqca uzun cavab tələb edən sualdır. 
Derlər,
Öz övladının ləkələnməsinə şərait yaratmağa meyilli olan və gülü bitgi ehkamıyla mühakimə edən unudulmuş oxucu,
 
Nəyə görə Qaçaq Nəbiylə aşağı-yuxarı eyni zaman kəsimində yaşamış, Azərbaycanın ən dəyərli elm adamı, repressiya qurbanı Bəhlul Bəhcət Əfəndi kimi bir vicdan, xarakter mənsubunun  qələmindən çıxmış Qaçaq Nəbi haqqındakı kitabı, mənbəni, qaynağı, gerçəkliyi bir yana itib, erməni vandallığının, daşnaklığının, asalalığının bayraqdarına çevrilməkdən ötrü sinov (sinoviyyə) getməkdən qürur duyurlar. Onu da qeyd edim ki, Zəngəzur qəzasının qazısı, tarixçi, folklorşünas Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi" kitabı Qaçaq Nəbinin həyatına və mübarizəsinə həsr olunmuş ən dəyərli mənbə olmasına baxmayaraq, 70 illik sovet dövründə bu kitab da qadağan edilmiş, yasaqlanmış, xalqdan gizli saxlnılmışdır. Yalnız bu əvəzsiz mənbə 2011-ci ildə arxivlərdən qoparılaraq işıq üzü görmüşdür. 
Qaçaq Nəbinin savaş meydanı Zəngəzur, Naxçıvan, Cənubi Azərbaycan olmaq şərti ilə, sözün həqiq mənasında kasıbların haqq səsi olaraq zənginlərin, qəddar bürokratların xalqa qarşı uyğuladıqları zülmə qarşı çıxmaq, əzilən xalqın ümidinə çevrilmək, bir də bizimlə düşmənçilik aparan ermənilərin xəyanətlərini, satqınçılıqlarını, ikiüzlülüklərini, qəsbkarlıqlarını, xalqımıza qarşı amansız soyqırım planlarını, fürsət əl verdikcə darmadağın etməkdən ibarət olub. Bu adam, xalqının heç bir fərdinin kasıb olduğu üçün kimlərinsə tərəfindən əzilməsini istəmirdi. Üstəlik xalqımıızın o zamanlar yaşadığı ağır, məşəqqətli vəziyyətə dözməyib bu hislərini üsyana çevrib uzağı 50 nəfədən də çox olmayan bir dəstəsi ilə Çar Rusiyasına qarşı ölümünə savaşırdı. 
Yenə bu sualı təkrarlamaq istəyirəm: sizcə, 19-cu yüz ilin ortalarından etibarən Azərbaycanda, bu coğrafiyada həm Çar Rusiyasının çinovniklərinə, həm Çar Rusiyasının Qafqazdakı əlaltıları olan ermənilərin dözülməz xəyanətinə, həm farsların Cənubi Azərbaycandakı xalqa tətbiq etdikləri ağır vergi və fiziki işgəncə, fiziki zülmə qarşı neçə oğul Qaçaq Nəbi kimi baş qaldırıb və qaldıra bilib? Bir zamanlar xalqının haqq səsi kimi meydana atılan bu mərd kişi, bu qorxu bilməz igidi nəyə görə yaxın tarixdə bu xalq yerin dibinə soxmağa, linc etməyə çalışdı? Nəyə görə? Axı, Qaçaq Nəbi bu xalq üçün hansı xəyanəti etmişdir ki, yeni dönəm tariximizdə xalqımızın sevgisinə deyil, nifrətinə tuş gəldi?  
Derlər,
Mövlanənin, dostundan gələn xəyanət və düşmənindən gələn mərhəmət yandırar insanı,  sözünü uzaq keçmişdə qoyan, qoruyan unudulmuş oxucu və oxuciyyə, 
Mənə elə gəlir ki, bir zaman özünün yetişdirdiyi övladına qurtarıcı gözüylə baxan xalq, illər sonra eyni xalqlıq prinsipiylə (qeylu-qallıq haqlılığı ilə) eyni qəhrəmanına nifrətini gündəmə gətirdisə, bunun dərin kökünü xalqın düşdüyü durumda və bu vəziyyətlə üz - üzə dayandığı (bu vəziyyətin oluşdurduğu psixologiyada) psixologiyasında aramaq lazımdır. Elə bir dönəm gəlir ki, xalq uduzur, özünü məğlub hesab edir. Bütün aşağılayıcı komplekslərlə yüklənmiş xalq, özünün düşdüyü rəzillikdən çıxış yolu tapmayanda, bir zaman sevgisini verdiyi övladlarından nicat umur. O övladının həyatda olub olmamasının isə xalqa heç bir dəxli yoxdur. Çünki yarğılamaq şansı əbədiyyətə qədər ona bəxş edilmişdir. Xalq bütün hallarda öz sevdiyinə, övladına dirilik bəxş etmişdir. Adına dastan qoşmuş, mərdliyinə mahnı bəstələmiş, şanına küçə açmış, kitablar yazmış, filmlər çəkmişdir. Xalq haqlıdırmı? Bəli, haqlıdır? Əgər o qəhrəman, gerçəkdən, xalqın sevgisini tamamilə mənimsəyib, dibinə kimi canına hopdurubsa, o ölə bilməzdi və torpağın hansı qatında uyumasına baxmayaraq, istənilən çətin vəziyyətdə onun xilaskarına çevrilməliydi. 
Bir - birinin ardınca torpaqlarımız rus-erməni hərbi birləşmələrinin tapdağına çevrilməsi bəs deyilmiş kimi, yüz  minlərlə insanımız əsirlikdə ağılalmaz şəkildə məhv edildi. O zülmləri yaşamış xalq heç vaxt bir zamanlar sevdiyi qəhrəmanını eyni məhəbbətlə ürəyində saxlaya bilməzdi, onu öz varlığından bir az silkələməli olacaqdı. Bax, Qaçaq Nəbi də xalqın belə bir psixoloji faciəvi tarixinin qurbanına çevrilərək, xilaskarlıq şəhadətindən az qala xəyanətkar məqamına endirildi. Adına nələr deyilmədi. Unutduqmu? Ancaq zaman da, tarix də, gerçəklər də, Haqq da göstərdi ki, deyilənlər düşmən uydurması,yağı propaqandasından özgə bir şey deyilmiş. 
Türk xalqı qəhrəmanları ilə o zamana kimi bir sorun yaşamır ki, özünün sevib-seçdiyi və ucaltdığı qəhrəmanını, onun kimliyini öz inancına oturtsun. Xalq, inancına oturtmadığı qəhrəmanı ilə gec-tez problem yaşayacaq. Bu inanc hansısa mərhələdə, hansısa tarixi məqamda xalqın təxəyyülündə özünə yeni, toxunulmaz, daha doğrusu, müqəddəs bir yer açacaqdır. Bax, bu yer xaqlın varlığında əsl qəhrəmanlar üçün ehtiyat və açıq olaraq özünü gizlədir, qoruyur. Bir zamanlar xalqı öz qəhrəmanı necə qurtarırdısa, indi də qəhrəmanı xalqının inancı, o inanc üzərindəki fantaziyası xilas etməyə başlayır. 
**
İkinci bir xüsus budur ki, xalq öz qəhrəmanında (həm də qəhrəmaniyyəsində) həmişə əxlaq və namus qavramlarını qapsayacaq mənəvi enerjisini arayıb. Xalqın qəhrəmanı xalqın kimliyində həm də namusu və şərəfi ilə, ailə qutsallığı ilə oturuşub. Türkün heç bir qəhrəmanı həyat yoldaşı, eşi, namusu olmadan xalqdan ad almayıb, nam qazanmayıb. Sanki bir insan xalqının qəhrəmanına çevrilməsi üçün, o döyüş meydanlarında şərə, zülmə, haqsızlığa qarşı savaşıb mübarizə apardığı kimi, o savaşın, mübarizənin ucalığına öz ailə dəyərlərini də qaldırmağı bacarmalıdır. Sanki qəhrəmanın şücaəti həm də onun ailəsindən, həyat yoldaşından və bu mənəvi-əxlaqi təsisatın sağlamlığından keçir. Yoxsa, bir qadını ailə edə bilməyən, əxlaqını ailə düzənindən və kimliyindən ala bilməyən savaşçı, döyüşçü, mübarizəyə atılmış şəxs, qəhrəmanlıq statusuna yüksələ bilməz. Belə yerdə deyilir ki, xalqın yazılmamış qanunları, görünməyən yasası, törəsi və xarakteri var. Xalq bu törəsəl xarakterini heç zaman boşuna xərcələməz, gülləsini boşuna atmaz. Türk xalqı qalib övladlarını varlığına, kimliyinə inancı və ailə ocağı anlayışı ilə oturtmuşdur. Yəni İlahi ədalətin yer üzündəki gücü, zodu təcəlla edərkən əxlaqa, mədəniyyətə çevrilir. Nəbinin də Həcəri elə bir ailə dünyaduyumu ilə bağdaşlamasaydı, xalqın sevimlisi olma ehtimalı sıfra bərabər olardı. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi