Quran Avropada niyə yandırılır

Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmağı burnundan gətirilən oxucu,
Ümumiyyətlə, son illər bir neçə sual məni düşündürüb. Görəsən, xristianlar, avropalılar, anqlo-saksonlar müsəlmanların qutsal kitabı Qurani Kərimi nəyə görə tez - tez yandırırlar?
İki, siz, indiyə kimi İncilin, Tövratın, Zəburun müsəlmanlar, türklər tərəfindən yandırıldığını, aşağılandığını görmüsünüz, eşitmisinizmi?
Üç, xristianlar, anqlo-saksonlar, avropalılar müsəlmanların öndəri hz. Məhəmmədi indiyə kimi müxtəlif yollarla təhqir etdikləri barədə az eşitməmisiniz. Bəs, hz.İsanın müsəlmanlar tərəfindən təhqir edilməsini, aşağılanmasını, ruhunun incidilməsini kimsə eşidib, duyub, bilirmi?
Başqa bir sual, nəyə görə müsəlmanlar deyil, başda səlib yürüşləri olmaq şərti ilə, həmişə xristianlar müsəlmanların üzərinə gedib, hücum edib, ölkələrin talayıb, yurdunu viran qoyub, onları soyqırıma məruz qoyub, vətənlərini xarabazara çeviriblər. (Onu da qeyd edim ki, müsəlmanların tarix boyunca digər din mənsubu toplumların ərazilərini tutması, qarşı tərəflərin müsəlmanlara qarşı strateji hədəflərini, strateji olan hədəflərini pozmaq məqsədi daşıyıb:-x.t.)
Mən bu şəkildə ikili yanaşma ortaya qoymaqla qarşıdurma kimi hislərə rəvac vermək fikrindən uzağam. Ancaq gerçəkləri bu yöndə, fikirlərimizi müqayisəli izah etməsək, demək istəyəcəyimiz sözlərin heç bir mahiyyəti qalmaz.
Derlər,
Unudulmağı Qiyamətdə təlatümlər yaradacaq “acaq”-“əcək”li oxucu,
Düzdür, tarixdə müsəlmanı xristianın təhqirindən betər, müsəlmanın müsəlmana qarşı olduğu faktlarını da göz ardı edə bilmərik. İranla İraq müsəlman dövlətləri, ölkələri və xalqları ola - ola, bir - birlərinin 8 il dayanmadan küllərini göyə sovurdular. Müsəlman xalqları arasındakı savaşların baiskarının xristian olduğunu da unutmuş deyilsiniz. Səfəvilərlə Osmanlının savaşları da bu məlul kafər fitnəsinin peşəkar karına işləyən və onların oyunçu məharətindən qaynaqlanan “qoçaqlıq” deyildimi?
Hətta xristianların bir - birlərini qırdıqları, bir - birinin üzərinə qoşun yeridib qanlarını su yerinə axıtdıqlarını da tarixdən unutmuş deyilik. Bəlkə də xristianın xristianla, müsəlmanın müsəlmanla savaşını, qarşıdurmasını dərk etmək mümkündür. Onun da bəlli və olumlu izahları vardır. Ancaq digər bir dinin başqa bir dinə qarşı əxlaq dışı davranışlarda bulunması insan şüurunu alt-üst edir və insanoğlunu düşündürməyə başalyır. Bu həm də adamın varlığında ona görə dərin yaralar açır ki, bu qarşıdurmalar bir tərəfli baş verir. Xristianlardan müsəlmanlara qarşı kin-küdurət, düşmənçilik sindromları püskürdüyü halda, müsəlmanlardan xristianlara qarşı elə bir gərginlikdə, ağırlıqda hücum, dağıtma, yox etmə əyləmləri ilə qarşılaşa bilmirik.
Derlər,
Allaha, Qurana, peyğəmbərə inandığını deyib, o biri dünyaya inanmayan huysuz oxucu,
Konkret olaraq son illər bir - birinin ardınca Avropanın müxtəlif bölgələrində Quranın yandırılması, hz. Məhəmmədin təhqir edilməsi, İslamın aşağılanması, müsəlmanların qaralanması kimi faktlara çox rastladıq və bu kompaniyaların vahid mərkəzdən idarə olunduğunu anlamalı olduq. 21-ci əsrdə, elmin, texnologiyanın vüsət aldığı bir çağda, üstəlik müsəlmanları sömürdükləri halda, üstəlik müsəlmanların basqısında olmadıqları bir vəziyyətdə, zamanda İslama qarşı kəskin etiraz doğuracaq davranışlarda bulunmaqlarını nəyə görə davam etdirirlər? Sualımın düzgün olduğuna inanıram. Bu sualın cavabı belədir: nə qədər ki, müsəlman aləmində fərqli xalqlar, toplumalr, ölkələr bir-biriylə düşmən mövqeyində idilər, bir - birindən ayrı düşmüşdülər, bir - birləri ilə faktiki heç bir ünsiyyət, əlaqə imkanları yox idi, o zamana kimi Quranı və peyğəmbəri təhqir, tənqid edən, aşağılayan bir nüansa rast gəlmirdik. Elə ki, xristianlar, anqlosaksonlar, yəni müsəlmanlar üzərindən əsrlərdir sürdürdükləri müstəmləkəçiliklərinin yavaş - yavaş laxlamasının siqnalını alınca, yenidən əski senarilərini işə salmağa başladılar.
Derlər,
Mistikayla təsəvvüfü qarışdırmaqdan içi şırram-şırram olmuş “mış”lı, “miş”-li oxucu,
Türkiyə dövlətinin öndərliyində bir ümmətçilik hərəkatı yenidən dirilməyə doğru gedir. Hətta, bu yöndə olumlu və geriyə dönüşü olmayan pozitiv addımların atıldığının fərqindəyik. Bu gedişatın layihə rəhbəri Türkiyənin hazırkı prezidenti cənab Ərdoğanın öndərliyində başladılan birlik, bərabərlik, qardaşlıq propaqandası tarixin ən gur çağlarından ilhamını alaraq verimli sonuclara doğru işartılardan xəbər verir. Bir sözlə, İslam dünyası ayıldı, əsarətdən silkinib çıxmaq zorunda olduğunu dərk etməklə yanaşı, həm də bu istiqamətdə hər cür (hərbi, ekonomik, kültürəl) mücadilə verdiyi də göz qabağındadır. Əlbəttə, Avropa, müsəlmanları, İslam dünyasının bir araya gələrək ümmətçilik hərəkatının bayrağı altında vahid sistem oluşduracaq bir cəmiyyətdə görmək istəməz. Bu, o zaman bütün yeraltı sərvətlər, zənginliklər, yüksək faiz hesabına borclandırdıqları kölə ölkələrin varlığının onların əllərindən çıxdığı anlamına gəlir.
Quranın və Peyğəmbərin birləşdirici,
Köləliyə yox dediyini,
Qardaşlıq sevgisinin artırılıb real hərəkata keçmək kimi qarşılıqlı planların işə çevrilməsini,
Quranın və Peyğəmbərin ona inananlara güclü bir toplum, dövlət, cəmiyyət vəd etdiyini,
Quran və Peyğəmbərin bu dünyayla kifayətlənməyib, insanlığı başqa dünyayla da (qayıb) şərəfləndirib ona sonsuz güc verdiyini,
Ailə instutlarının məhək daşlarının inanc üzərində sarsılmayacağını,
Quran və Peyğəmbərin haramları itib, halallar üzərindən yeni bir altun nəsil yetişdirmə cəsarətini, çabasını yaxşı bildiklərindən,
siz də bilin, məhz buna görə,
Quranı tez-tez anqlosaksonlar, xristianlar yandırır, peyğəmbərimizi aşağılayır, təhqir edirlər. Yoxsa, siz düşünün, dünyasını 1400 il öncədən dəyişmiş bir mənəvi öndərdən, 1400 il əvvəldən var olan bir kitabdan niyə bu qədər narahat olmalıdırlar ki?
Xanəmir Telmanoğlu


