Yüz minlərlə insanımız necə yox edilir - FOTOLAR

Ey dili qafil fil faili məchul fani f...
1. Bayram günü yenə yolum Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə düşdü. İllərdir bu qəsəbədə qaçqın və köçkün olan yaxın qohumlarım, əzizlərim yaşayır. Ancaq hər dəfə bu yolu: Sumqayıtdan qəsəbəyə, qəsəbədən Sumqayıta doğru gedib gələndə dəli oluram desəm, inanmazsınız. Yəqin mənim ilk cümləmdən sonra bu yazıyla tanış olan insanlar, düşdüyüm vəziyyəti dibinə kimi yaşayıb. Elə ki gün batmağa doğru gedir, elə ki bu yerlərə gecə düşür, hər tərəfi qaranlıq basır, mən o adama adam deyirəm ki, gəlib bu yoldan keçə bilsin. 3 il əvvəl, elə müharibə dövrü ərəfəsində bu barədə yazmışdım ki, lütfən, bu ermənini, düşmən anlayışını anladıq, başa düşdük. Bəs bizə, bəs sizə nə olub ki, bu ölkəyə, bu yurda, bu insanlarımıza belə dağ çəkirsiniz? Yenə deyirəm, axşam düşən kimi, H.Z.Tağıyev qəsəbəsindən üzü Sumqaitə doğru vicdanı olan bir kəs heç olmasa bir dəfə gəlib bu yolu keçsin. Bir həftə özünə gələ bilməyəcək. Mən həyatım boyuca (heç vaxt) göydə ulduzların sayrışıb ayın bərq vurduğu, aşağılarda həzin axşam yelinin əsim əsim əsdiyi vədə belə bir mənzərə ilə qarşılaşmamışdım. Bilirsiniz, yadıma nə düşdü, ikinci Dünya müharibəsində alman faşistlərinin yəhudiləri və digər savaş əsirlərini böyük qapalı məkanlara yığıb içəriyə boğucu, zəhərləyici qaz buraxmaları və sonucda insanların ciyərlərinin dağılaraq kütləvi şəkildə boğulub ölmə səhnələri... Bəhs etdiyim o səhnələri kitablardan oxumuş, filimlərdən izləmiş, əsir düşərgələrində olmuş yaşlı müharibə iştrakçılarından dinləmişdik. Hər halda belə bir vəhşilik nümunəsi olmasa idi, bu qədər yanğı oynadırıb insanların söz-söhbətinə, danışığına, yaddaşına dönüşməzdi.
2. Axşam saat 8 - 9 arası Tağıyev qəsəbəsindən çıxıb Sumqait yolu ilə Bakıya gəlirəm. Bir anda hiss edirəm ki, artıq boğuluram. Bir anda artıq hiss edirəm ki, zəhərli və üfunətli qaz axınıyla ciyərlərim üzbə-üz qalır. Ətrafa baxıram. Yol boyunca zavodlardan göy üzünə doğru qalxan qalın qara tüstü, yəni qaz təbəqəsi bəlli bir yüksəklikdən sonra çevrəyə yayılır. Sanki bu saatlarda bütün zavodlar yarışa giribmiş kimi zəhərli qazlarını ətrafa buraxmağa başlayıblar. Bayaq göyün yüksəkliyində gördüyüm ay və ulduzlar yox çıxıb. Göy üzünü qara, zəhərli qaz təbəqəsi qapsamağa başlayıb. Bunlar öz yerində, gerçəkdən deyirəm, üfunətdən beynim çatlayır və bəs deyilmiş kimi nəfəs almağım zorlaşmağa başlayır. İnanmayan varsa, mən bu səhnəni hər axşaüstü hər kəsə aparıb göstərə bilərəm. Bir anda ağlıma gəlir ki, yaxşı, mən hələ bu yolu keçib gedəcəm, bu zəhər tuluğu ərazini geridə qoyacam ümidiylə bir az duruşuma dözüm, səbr qata bilirəm. Bəs illərdir bu ərazilərdə yaşayan insanlar bu zülümverən duruma necə dözürlər. Bəs ətrafda yaşayan yüz minlərlə insan, rəsmən işgəncə altında belə bir ölümə necə tap gətirir. Sizcə açıq şəkildə yüzminlərlə insanımıza kütləvi soyqırım əyləmi uyğulamırıqmı? Bunun başqa bir adı varsa, çıxıb söyləsin. Bu suallarımdan məni əsəb və gərginlik bürüyür. Axı böyük bir ərazini əhatə edən kimya zavodlarından atılan bu zəhərli qazlar, kim isbat edə bilər ki, vəhşilik, düşmənçilik, insanlıq dışı bir niyyət, əməl vdeyildir. Tam soyqırım!!! Bu reallığı görüb yaşayandan sonra, hansımızın istənilən səviyyədə Xocalı soyqırımından, 31 Mart soyqırımından, 20 Yanvar şəhidlərindən, Daşaltı əməliyyatından və neçə-neçə millətimizə qarşı tarix boyu uyğulanmış, tətbiq edilmiş SOYQIRIMlardan danışmağa hansı mənəvi haqqımız və səlahiyətimiz var?
3. Ola bilməz ki, Azərbaycan dövləti, onun hüquq - mühafizə orqanları, ölkəmizin yetkililəri, söz sahibləri, məmurları Sumqayıt ətrafı bu vəziyyətlə, ölüm səhnəsi ilə tanış deyillər. Bir zamanalr özümüzü yırtırdıq ki, ay ermənilər çaylarımıza kimyəvi zavodların atqılarını, tullantılarını axıdırlar. Kafirləri beynəlxalq məhgəmələrlə, Avropa qanunları ilə yarğılayacağımızla səsimizi başımıza atmışdıq. Elə mətbuatda hərdən bu qırıq-qırıq gələn səsləri duymaq yenə də mümükündür. Ey söz və iqtidar sahibləri, bu ölkənin ortasında bu ölüm səhnəsini quran, kütləvi şəkildə millətimizi, xalqımızı ölümə götürənlər indi ki ermənilər deyil. Bu vəhşiliyi axı ruslar, fransızlar, iran höküməti gəlib törətmir, bizi məcbur etmirlər ki, tez olun, bütün zəhərli qazlarınızla insanlarınızı cəhənnəmə göndərin. Kimsə demir, kimsə məcbur etmir, doğrudur. Bəs kimdir bizi zəhərləyən, şkikəst qoyan, öldürən, kimdir bizi yox edən? Vallah nəin ki insan, dilləri olsa, bu olub -bitənləri ətrafdakı cansız əşyalar da, cisimlər də dilə gəlib bar-bar bağırar, haray çəkər, dünyanın altını üstünə gətirərlər.
Bu durum, artıq bu ölkədə kiminsə vəzifə borcu deyil, vicdan, insanlıq borcudur ki, milyonlarla insanlarımızı öldürən, məhv edən belə bir zəhərli təhlükə mənbəyini kənardan durub seyr etməsin, biganə münasibət bəsləməsin. Mən sizə olduqca ciddi bir vəziyyətdən danışıram.
4. Tağıyev qəsəbəsində yaşayan Əliş müəllim deyir ki, Sumqayıtda ekoloji, sanitar- epidemioloji vəziyyət pisləşib. Son iki ildə st. Sumqayıt yaxınlığındakı məişət tullantıları poliqonunda, demək olar ki hər gün yandırılan tullantıların tüstüsündən, iyindən nəfəs ala bilmirik. Proses böyük bir ərazidə özünü göstərir. Sumqayıt şəhərinin yarısı, st. Sumqayıt qəsəbəsi, Ceyranbatan qəsəbəsinin poliqona yaxın hissəsi, yaxınlıqdakı digər yaşayış məskənləri bu ekoloji fəlakətdən əziyyət çəkir. Sağlamlığımıza böyük zərbə vurur.
Kəlbəcər qaçqını olan Nisə xala isə görün nə deyir: “Mənim kimi yüz minlərlə insan bu tüstüdən demək olar ki, hər gün boğulur, zülüm çəkir. Bu poliqonun yerini yaşayış məskənlərindən daha uzaq yerə dəyişdirmək olar, daha müasir bir müəssisə tikmək olar. Üstəlik, bu tullantıların yandırılması da düzgün deyil. Faktiki olaraq evdə otura bilmirik. Nəfəs almaq mümkün deyil. Ən çox da st. Sumqayıt qəsəbəsi, Sumqayıt şəhərinin poliqona yaxın hissəsi, Ceyranbatan qəsəbəsi, Dəmir yol yük həyəti qəsəbəsi ( Yeni Sumqayıt yaşayış massivi) və s. ətraf ərazilərdə nəfəs almaq qeyri mümkündür.
5. Hər kəs mövcud faciənin nə qədər dəhşət saçdığının fərqindədir. Biz bir ölkədə ona görə yaşayırıq ki, bu ölkə, bu ərazi bizim vətənimizdir. Vətən isə insanın ən yaşamlı, ən özünü doğma, isti hiss etdiyi yerdir. Haqqında danışdığım ərazi Qarabağ və ya Zəngəzurda deyil ki, gedib ermənilərin yaxasından yapışaq. Bu ölüm saçan məsgən, paytaxtımızın bir neçə km-liyindədir. Mən sizlərə bəsit bir sual edirəm: bu dünyada hansı ölkənin zavodu, fabriki yoxdur? Bu dünyada hansı ölkə kimyəvi zavodlara sahib deyil? Bu dünyada kimyəvi zavodlar yalnız bizə, Azərbaycana məxsusdur? Mən demirəm ki, bu zavodaların fəaliyyəti dayandırılsın. Hər halda bu müəsissələrin gətirdioyi bütün maddi, iqtisadi xeyir, bir insanımızın, bir vətəndaşımızın sağlığından üstün ola bilməz. Ancaq bu zavodları tikən, quran, istehsalata yönəldən ağıl, yəqin onun zəhərlərinin də qarşısını necə almaq lazım gəldiyini gözəl bilir. Sadəcə olaraq adamda vicdan olmalıdır, öz insanına, insalığa, təbiətə qarşı həssaslığını kontrolda saxlamalıdır.
6. Mən inanıram ki, dövlətimizin yetkililəri bu vəziyyətlə tanış olacaqlar. Bu zəhər qazlarının qarşısını digər müasir ölkələrdə olduğu kimi almağı bacaracaq və yaxut bu zavodların ən azından yaşayış məskənlərindən uzaqda fəaliyyətlərinə şərait yaradacaqlar. Yoxsa, kim nə deyir desin, bu zavodların bu şəkildə fəaliyyət göstərməyi birbaşa genefondumuzu məhf etməkdən başqa bir əməl deyildir.
Xanəmir Telmanoğlu


