Xəzər dənizi kimindir...

Hit: 374
Xəzər dənizi kimindir...

Ey dili qafil fil faili məchul fani f....

 
(Aldığımız nəfəsə sayğacların qoyulmasına az qalıb. Müasir Afrika atalar sözü)
 
Derlər,
Unudulmuş oxucu,
 
Bəzən, kimlərisiə görmək ehtiyacı yaranır. Gözündən - könlündən keçənlərin olur. Bir neçə gün əvvəl məndə də elə bir ehtiyac və gözdən- könüldən keçən istək baş qaldırdı. Bu və belə kimlərisə görmək istəyi isti havalarda baş verəndə, şəxsən məndə bu duyğular gedib gedib genə, qana, kökə kimi özünü yetirə bilir. Sonralar mənə agah oldu ki, görmək istədiyimiz insanları bu təşnəlik dönəmində həm də yaşadıqları yerə, coğrafiyaya görə yaddaş bilincimizin zirzəmisindən ta içimdəki göydələnimizin damına kimi çıxarmalı oluruq. 
Xəzər gəldiyim yerin 50 mt-liyindədir. Yay ola, gün göydən od ələyə, sən də şəhərin tünlük və bürgüsündən başını götürüb sinəni küləklər döyəcləyən, üz-gözünü yeli aydınladan, nəfəsini sərinliyi yelpikləyən dənizi görəsən, sonra da bir - birini faniliyə doğru qovalayan dalğaların at oynatdığı bu sonsuz su birikiminə yaxın düşməyəsən, gerçəkdən, adamlıqdan deyil.
30 ildir bu yolla gəlib Xəzərin sahilində gəzişmək, dolaşmaq, dostlarla söhbətləşmək, yeri gələndə suyuna dalmaq sanki bir adət halını almışdı. Bu səfər eyni təcrübəmizi (təkrar edib) işə salanda, istəyimiz qursağımızda qaldı. Nə baş verdi?
 
 
 
 
Derlər,
Unudulmuş oxucu,
Az sonra məlum oldu ki, kimsə burdan keçib dənizin sahilində dayana, dura, gəzinə, çimə, istirahət edə bilməz. Bir sözlə, dənizə giriş, dənizə keçiş, dənizə toxunuş qadağandır. Ona görə ki, kimsə, dənizin sahilini satın alıb, əlində də daşdan keçən istədiyi sənəti  - sübutu varmış. Bu yerdə, “döy başına yan, koroğlu” ,  deməmək mümkün deyil. Uzatmadan deyim ki, bura girmək olmazsa, dənizə də girmək, dənizdən istifadə etmək də qeyri-mümkündür. Sizcə, indi hansı sualla qarşılaşmalıyıq:  
a) Kim deyər, dəniz kimindir? 
b)Dəniz kimə məxsusdur? 
d)Sizcə, bir ölkənin dənizini tək bir adam satın ala bilərmi? 
c)Necə düşünürsünüz, bir xalqa, ölkəyə, dövlətə, millətə aidiyyatı olan bir DƏNİZİN kiminsə pulu ilə alıb, özəlləşdirmək olarmı? 
Başqa bir sual: deyək ki, hansısa düşmən ordusu ölkəmizə soxuldu, ərazilərimizi işğal etdi, o düşmən ordusuna qarşı kim gedib döyüşməlidir ki, həm quru, həm su ərazilərimiz ( vətənimiz) başqalarına məxsus olmasın? Sizcə, bu gün əlində xeyli pulu, varidatı olan o şəxs, bu dənizi düşmən ordusundan qorumaq üçün nə edə bilər? Onun o əlindəki sənədi, var-dövləti dənizimizi düşmən ordusundan xilas etməyə yarayarmı? Mən inanmıram. Çünki məntiqi olaraq belə düşünməyim absurt məsələdir. Belə olan halda, o oliqarx vətəndaş, indi anlayacaqmı, bu dənizi özəlləşdirmək, dənizə kimlərinsə girişini qadağan etmək hansı şeytani ağlın “hökmüdür”. 
Doğrudur, hər şeyi Allah yaradıb. Mən belə düşünürəm, inancım mənə belə bir məntiq və şüur axını təlqin edir. Qarışqanı, fili, ağacları, göyün günəşini, ayını, ulduzunu, nəfəs aldığımız havanı, eləcə də, bu dənizi yaradan Mütləq Güc Sahibidir:- ALLAHDIR. Bu yaratdıqlarını gözəl və müqəddəs, müstəsna edən, bu yaratdıqları üzərində hikmət və mahiyyət sərgilədən MÜtləq Güc Sahibi Allah insan topluluqlarını da yaratmaqla daha üstün və daha dərin hikmət, mahiyyət, məna yaradıb. O hikmət və mənanın fərqində olmağımız üçün də, varlıq və kimliyimizdə, bünyəmizdə (mahiyyətimizdə) ƏXLAQ, ƏDALƏT ölçüsünü işə salıb. Budur var olan və dəyişməyən gerçəklik. Bu yerdə konkret olaraq deyilir ki, bax, bu dəniz kiminsə yox, xalqın, dövlətin varıdır. Bəs belə olduğu halda, əlində çirkli pullar olan  bir şəxsin qalxıb DƏNİZİ, OKEANI, MEŞƏNİ, DAĞI, ÇAYI özəlləşdirməsi, “mənimdir” deməsi hansı anlayışın ölçüsüylə əxlaq və ədalət prinsiplərini önümüzə çəkir. Mən, o əlində çirkli pullarla dövlətin və xalqın heysiyyatıyla oynayan şəxsi başa düşürəm ona görə ki, onun belə davranışı anti insanlığından, anti şüursuzluğundan, anti mədəniliyindən xəbər verir. Ancaq bu da mütləq həqiqətin vaz keçilməz qaydasıdır ki, dövlət və xalq əsla və əsla “anti”lik kateqoriyasını yüklənmiş antik feodal məsuliyyətə yaxın dura bilməz. Bəs nə edilməlidir? Mənim bura kimi yürütdüyüm düşüncənin qarşısında o şəxs mütləq yox edilməli, dövlət və xalq statusunun kəndarına ləkəsini, çirkabını dağıtmadan cəzasına çatdırılmalıdır. Yəqin ki, belə bir cümləni işlətməyimlə, o şəxsin hansı dərəcəli cinayət tərkibli həngaməsinin sərsəri iradəsindən doğduğunu, törədiyini yaxşı dərk etdiniz. 
Derlər,
Unudulmuş oxucu,
Mütləq Güc Sahibinin, ALLAhın yaratdıqlarına heç bir iqtidarı olmadan, səbəb anlayışı cavabdehlik göstərmədən kiminsə iddialı şəkildə “bu mənimdir”, “bu mənə aiddir” deməsinin kökündə nə durur?  Yurdumuzda hərdən deyil, həmişə feodal dalağı sancan öz xalqına, insanlarına, dövlətinə şüuraltındakı əcəmilik macərapərəstliyini hiyləyə çevirən dələduz məliklər bəs deyincədir. Bu sağlam zehniyyət yoxsunlarının yaşamını, görüntüsünü, ütülü danışıqlarını, həmişə  arxalarına aldıqları ”xalqım, dövlətim” deyə xitabən dingildəyən dəngüş bəlağətlərindən süzülən əzazilliklərində cövlan edən “mədəniyyətlərini” görsəniz, yəqin hansı yuvanın quşları olduqlarını təsəvvür edə bilməzsiniz. Belələrinin bir sinif oluşdurduqlarını artıq görməmək  korluqdur. Belə zehniyyətlər bizi əhatə etdikcə, çəmbərimiz bu iblisanə şüurla sarmalandıqca, yuxularımızın da ödənişini edəcəyimizdən şək-şübhəniz olmasın. Hətta gün uzunu nəbzinizin atışından, ürək döyüntünüzdən çıxaracaqları hesab-kitabla udduğunuz havanın ödənişinə kimi gediləcəyinə, əl qoyacaqlarına heç bir gopologiya kükrətmədən bəyan edirəm. Bu gün dənizi görməyi sənə haram edənlər, sabah o udduğun havanın sayğacını boynundan asacaq. Bir az da gəlişdikdən sonra sinənin altında bir başa mərkəzləşdirilmiş hava hesablama, nəfəs alış sayısı cihazıyla səni yaranışdan bu yana insanlığın qarşılaşmadığı rəzilliklə üz -üzə qoyacaq. Onda biləcəksən ki, bu dənizi kiminsə sənə yasaq etməsi hansı arxetipik şüuraxınının xislətididr. 
Bu gün halal ölkəndə dənizi görməyi sənə yasaq edən zehniyyət, tezliklə sənə özünü unutduracaq. Səni sənə yasaq edəcək. Sənin özünü düşünməyin belə xərc tələb edəcək. Özün haqqında, keçmişin, gələcəyin barədə hansısa düşüncəyə qapılmağın, xəyallara dalmağın, fantaziyalar ürətməyin heç vaxt altından çıxa bilməyəcəyin maliyyə həyasızlığı ilə varlığını xərcə salacaq. Sən özünü düşünmək, keçmişini xatırlamaq, gələcəyinlə bağlı insani arzularda var-gəl etmək üçün yüksək faizli bankların ağzında növbəyə duranda, qəfildən diksinəcəksən ki, “xeyir, əsla, bu düşdüyüm durumla bağlı düşünmək olmaz. Əks təqdir bu mənə əlavə ödəniş gətirəcək” təlaşı, qorxusuyla ölmədiyin üçün şükr edəcəksən, qafil. Bir şeyə kəsinliklə sevinəcəksən, nə vaxtsa sənin ulu əcdadlarını manqurt edənlərin əməllərini düşünəndə qəzəblənmiş və cəsarətə gələrək özünü dərk məntiqini işə saldığın zamanlarda dünyanın, kainatın ən xöşbəxt deyə biləcəyin varlığı olmuşdun. Sadəcə o bir anlıq üzündəki xəfif təbəssüm, manidar sevinc də üzərinə borc, ödəniş, xərc olaraq yazıldığında, bilincini qapadacaqsan.sevimli bildiyin dünyandan olacaqsan. 
İnanmırsan, ancaq və lakin və təəssüf ki, bu gedişatın onu söylədiyini özün də yaxşı (bildiyinin) fərqindəsən....
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi