Yeni dönəmin Strateji Araşdırma Mərkəzləri

Ey dadi bi dad danəndə dəhan dərviş d.... Derlər,
28 may 2023-cü il Türkiyə seçimlərini heç vaxt xatirindən çıxarmayacaq, Unudulmuş oxucu,
Həqiqət və gerçəklik həm görünən, həm görünməyəndir. Həqiqət və gerçəklik həm bilinən, həm bilinməyəndir. Həqiqət və gerçəklik həm eşidilən, həm eşidilməyəndir. Həqiqət və gerçəklik həm anlaşılan, həm də anlaşılmayandır. Qəbul etsəniz də, etməsəniz də, bütün ölkələr Üçüncü Dünya savaşının tam ortasındadır. Savaşda, sadəcə, atılan toplardan, güllərdən insanlar param - parça olmur, insanlar ölmür təkcə. İndiki savaşda insanların ümidləri, xəyalları, arzuları ölür, öldürülür. Üstəlik, bu savaşda ölən, vurulan, yox edilən məlum olsa da, sanki vuran, vurduran görünmür. Belə bir dönəmdə belə bir görünməyiş, bilinməyiş daha çox mif ortaya çıxarır, komplo teorilərin baş alıb getməsinə səbəb olur.
Mənim düşüncəmə görə, son savaş və dünyanın yenidən düzənlənməsi prosesinin başladılması Türkiyə və Türkiyə coğrafiyası, xalqı üzərindən başladılmalı, başlanmalıydı. Elə də oldu. İslam coğrafiyasına və türk yaşamına dönüşmüş Ayasofiyanın yerləşdiyi ərazi uzun əsrlərdir xristian və avropa-anqlo-sakson düzənini pozsa da, heç bir vəchlə onları dinc buraxmadı. Xristianlar, hz.İsa sevdalıları və özəlliklə, hz. İsanı Allahın oğlu zənn edən kəsimlər düşünürdülər ki, türklər Ayasofiya coğrafiyasında islamı yeni bir boyuta yüksəltdilər. Demək, islam yaşam tərzinin yeni bir mərhələsi başlayacaqsa, o türklərlə olacaqsa və bu yenilənmə, çağı yaxalama sindromu Avropaya doğru yol alacaq və alırsa, gerçək savaşı başlatmaq lazımdır. Əlbəttə, məlumdur ki, amaclarına ulaşmaq məqsədi ilə min bir dona girdilər, Türkiyə daxilində milli zəmində münaqişələr yaratdılar. Buna nail ola bilmədilər. Erməni ünsürünün bir daha xəyanət üslubundan, həddindən istifadə etdilər, bu da alınmadı. Dini məzhəb ayrımçılığı başlatdılar, tutmadı. Sonra Türkiyəni sınırları boyu quşatdılar. Dünyanın ən güclü terror örgütlərini qurub, maliyyələşdirib, silahlandırıb türk ordusunun üzərinə göndərdilər. Millətimizin vətən, yurd, toplum olma yolundakı şəhadətinin qarşısına heç bir ünsür, heç bir güc kəsə bilmədi. Biz öz şəhadətimizlə düşmənin bütün hiylə və gücünü fiaskoya uğratdıq. Gerçəkdən, son sözü isə Türkiyə xalqının son seçimlərdə sandıq başında deməsi, indiyə kimi gəlinən sürəcin tam bir möhtəşəm mənzərəsini yaratdı.
Derlər,
Hakan Fidanın və İbrahim Qalının adlarını yaddaşınının bir guşəsinə yazmağa məcbur olan,Unudulmuş oxucu,
Türk və islam dünyasının bir arada yeni dönəmin yapılanmasında tutduğu mövqedə Türkiyənin təkbaşına verdiyi mücadilə unudulmaz olduğu qədər, bu mücadilə barəsində hələ çox danışılacaq. Dədə-babalarımızdan dövr aldığımız eşq və kimlik varidatı canımızdan axıb kainatın məhvərinə doğru dayanmadan, durmadan işləməyindədir. Türk dövlətləri və islam dövlətlərinin birlik oluşumu bu çağda əsla İstanbulsuz mümkün deyildir. Məhz bu adını zikr etdiyim gücün var olması, kainatın sevdasından pay alması üçün, hökmən İstanbulun varlığı, Ayasofiyanın yeni tarixiliyi türklərin əlində bərraklaşmalıdır. Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Yusif Akçuranın, Ənvər Paşanın nakam qalmış məfkurələri 100 il sonra dünyanın yeni düzəninə özəl bir şəkil və forma verməyi ilə, varolma sevdamızın nəzakətini mədəniyyət nöqtəsində bir daha uğurla sınaqdan çıxarır. Bu yöndə Zəngəzur koridorunun gündəmə gəlməsi, Türk dövlətlər Təşkilatının birliyindəki konseptual çözümlərin olumlu məsafə qətetmə həssaslığı məhz yuxarıda dilə gətirdiyim görünən-görünməyən savaşların içində cərəyan etməsi, yeni bir nəslin və mədəniyyətin duyulan ayaq səslərindən xəbər verir. Ortalıqda danılmaz bir gerçəklik var: bir yanda Amerika, Avropa, bir yanda Çin, Rusiya, İsrail hansı qanları axıdıb hansı qazanc peşincə qoşdurmalarından asılı olmayaraq, bir tərəfdə də İstanbul, Ayasofiya məscidi (bəli, məscidi) başda olmaqla, Turan anlayışının məhz hərəkata dönüşüb varlığını ağılalmaz zalımlıqlardan, zülmlərdən, qurbanlardan keçirməsi dünyanın yeni bir sistemə daxil olmasından xəbər verir. Bizim dediklərimiz artıq baş verib, olub, sadəcə indi baş verənlərin, gerçəkləşmişlərin anlaşılması üçün növbəti düşüncə sistemlərinin şəkilləndirilməsi yazarları, alimləri, düşünürləri, ziyalıları dörd gözlə gözləməkdədir. Ona görə də, illər öncə yazdığım kimi, Türk Dövlətləri Təşkilatının üyəsi olan hər ölkənin dövlətinin nəzarətində Strateji Araşdırmalar Mərkəzi olmalıdır ki, baş vermiş, qurulmuş bu yapılanmanın ideoloji fəlsəfəsininin ayrıntılarını, konseptini üzə çıxarsın.
Derlər,
1923-cü ildəki o Lozan Antlaşmasının bəndlərini bir bir təkrar gözdən keçirib, başını qaldıraraq Bosforun boğazından keçən gəmilərə baxaraq gülümsəyən, Unudulmuş oxucu,
Kimlərin istəyib istəməməsindən asılı olmayaraq, 1453-cü il tarixinə dönüşün zəruriliyini bütün ümmət və millət (türklər) dərk etmək zorundadır. Bütün ideya və ideologiyanız, bütün fəlsəfə və fəlsəfəlogiyanız, bütün məfkürə və məfkurəlogiyanız, bütün mədəniyyətiniz və mədəniyyətologiyanız puçdur, əfsanədir. Çünki sizin saydığım o mənəvi silah hesab etdiyiniz bu anlayışlarınızın heç biri insanlığa yarar sağlamır, bəşəriyyəti qurtarmır, hüzur vermir, gözəllik gətirmir, eşq aşılamır, qardaşlıq, dostluq, birlik sərgiləmir. Dediklərimi min illərdir bir təcrübə olaraq göyün ulduzlarının sayı qədər yaşamışıq.Yalnız qan, kin-küdurət, düşmənçilik, qurbanlıq nəsillər, toplu soyqırımlar və bu edilənlərin üzərindən ağılalmaz şərəf yoxsunu ekstaz zülümlərin nostalgiyası....Düzdür, elə bir dönəmdə yaşayırıq ki, zalımla məzlumu ayrıd eləmək mümkün deyil. Xeyirlə şərin fərqi o qədər də nəzərə çarpmır. Hətta elə bir zamandayıq ki, zalımın zülmü qurtuluş, məzlumun xiklaskarlığı yoxoluş kimi anlaşılır. Balın zəqqum, zəqqumun bal daddığı, şərin xikaskar, xeyirin qatil, cəllad obrazında göründüyü bir dönəmdən keçdiyimizi bilə - bilə, oyunu İblisin qurduğunu anlaya - anlaya, bütün oyunları pozub yenidən öz oyununu quran bir baş Oyunçunun da olduğunun fərqindəyik. O baş oyunçu Allahdır. Aləmləri yaradan, heç nəyi öz iradəsi xaricində görməyən də Odur. Bizi yaratdığı kimi, ən gözəl oyunlarının cərəyan etdiyi zaman xeyir cəbhəsində yer almağımıza imkan və şərait yaradan da Odur. Biz, qarşımızdakı ən qorxunc cəbhələrdən, ən zalım zülümlərin göyə yüksəldiyi istiqamətlərdən əsla qorxmamalıyıq. Çünki o zülmü yaradıb bizim dəyərimizi üzə çıxardan, sonsuz kimliyimizə təminat verən tək Odur.
Xanəmir Telmanoğlu


