Türkiyə-Azərbaycan münasibətləri və birliyi möhkəm təməllər üzərində qurulub

Hit: 585
Türkiyə-Azərbaycan münasibətləri və birliyi möhkəm təməllər üzərində qurulub
Türkiyə Respublikasında üç aya yaxın gərgin mübarizə şəraitində davam edən və sonu qalibiyyətlə nəticələnən prezident və parlament seçkiləri yekunlaşdı. Məlum olduğu kimi, hər zaman Azərbaycanın və bütün Türk dünyasının yanında olan Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gələrək qardaş ölkənin 13-cü prezidenti seçildi. Onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AK Parti) parlamentdə yüksək səs faizi ilə birinci oldu. Bu, təbii ki, bizi çox sevindirir. Nəticə etibarilə Azərbaycan və Türkiyə münasibətləri yeni dövrə qədəm qoyacaq. Belə ki, biz yeni iqtisadi layihələrə şahid olacağıq. Türkiyənin Azərbaycana qardaş münasibətini hər zaman görmüşük. Bu məqamda şanlı Qələbə ilə bitən Vətən müharibəsinin ilk günündən etibarən Türkiyənin dəstəyini, əleyhimizə olan qüvvələrə qarşı Prezident Rəcəb Tayyib Ərdoğanın reaksiyaları, bəyanatlarını xatırlatmaq yerinə düşərdi. Odur ki, Türkiyə və Azərbaycan qardaşlığının yeni dövrdə, yeni nüansda, yeni xətlə inkişaf edəcəyini əminliklə demək olar. Qardaş ölkədə isə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yeni yüz il, yeni era başlayır.
 
Bu fikirləri Faktor.az-a açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə söyləyib.
 
O bildirib ki, Prezident İlham Əliyev Türkiyədə keçirilən prezident seçkilərinin istər birinci, istərsə də ikinci turunda qalib olan Rəcəb Tayyib Ərdoğana zəng edib ilk təbriki çatdırması, onu ölkəmizə rəsmi səfərə dəvət etməsi Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluğun, qardaşlığın daha bir əyani sübutudur.
 
“Hər bir Azərbaycan vətəndaşı Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsini böyük sevinc hissi ilə qarşıladı. Hətta qalibiyyət elan olunanda paytaxt sakinləri küçələrə axışaraq qələbəni qeyd etdilər. Bu, onu göstərir ki, Türkiyə və Azərbaycan xalqları arasında doğma münasibət və birlik möhkəm təməllər üzərində qurulub. Biz inanırıq ki, Azərbaycan və Türkiyə arasında əlaqələr bundan sonra da bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiriləcək” , - deyən K.Qubadzadə fikirlərinə yekun vurub.








Redaktorun seçimi