“Tezliklə bütün laçınlılar doğma şəhərlərinə qayıdacaqlar” - Jalə Əhmədova

Hit: 648
“Tezliklə bütün laçınlılar doğma şəhərlərinə qayıdacaqlar” - Jalə Əhmədova
Prezident İlham Əliyevin 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günündə Laçın şəhərinə səfəri və oradakı çıxışı hər bir azərbaycanlı üçün qürurverici idi. 
Cənab Prezident çıxışında bildirdi ki, 28 may ikiqat bayramdır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Laçın şəhərinin Baş planı hazırlanıb və bütövlükdə Laçında 7-8” ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. 
 
Laçında  tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq. Bundan başqa, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır və 1100-dən çox iş yeri açılacaq. Ölkə başçısı diqqətə çatdırdı ki, cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. 
 
Azərbaycanın ötən ay əldə etdiyi strateji əhəmiyyət daşıyan nailiyyətindən danışan Prezident İlham Əliyev bildirdi ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Ölkə başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə seçiləndən bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq və bu gün Azərbaycanla hesablaşırlar. Qurduğumuz güclü ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Yetişdirdiyimiz vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil torpaqlarımızı azad etdi. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.
 
Cənab Prezident onu da bəyan etdi ki, hazırda Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.
Son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. 
Lakin sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.

Milli Məclisin deputatı
Jalə Əhmədova
 








Redaktorun seçimi