Zəfərlərimiz davamlı, müstəqilliyimiz əbədi olsun!

Hit: 759
Zəfərlərimiz davamlı, müstəqilliyimiz əbədi olsun!
Milli Məclisin deputatı Jalə Əhmədova 28 may Müstəqillik günü ilə bağlı xalqımızı təbrik edib.
 
Faktor.az xəbər verir ki, təbrikdə deyilir:
 
Ölkəmizin dövlətçilik tarixində, bugünkü qüdrətli Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında belə demişdi: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".
 
Hələ Sovet İttifaqının mövcud olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı qaldırması Ümummilli Liderin Vətəninə və xalqına nə qədər bağlı olduğunu, bu yolda dönməz olduğunu bir daha nümayiş etdirmişdi.
 
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi ilə Azərbaycan böyük bəlalardan, faciələrdən xilas edilib.  Məhz Ümummilli Liderin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyulub və ciddi islahatlara start verilib, Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilib. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Bu gün Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti, Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan bu gün bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb. 30 ildir ki, doğma dədə-baba yurdlarından didərgin düşmüş köçkünlərimiz artıq bugünkü günün xoşbəxtliyini, Böyük Qayıdışın sevincini yaşayırlar.
 
Yeri gəlmişkən Laçına köçün başlaması münasibətilə bütün laçınlıları təbrik edirəm, gözünüz aydın olsun!
 
Zəfərlərimiz davamlı, müstəqilliyimiz əbədi olsun. Bayramınız mübarək!








Redaktorun seçimi