“Azərbaycan-Litva əməkdaşlığı böyük perspektivlər vəd edir”
Prezident İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri və səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan və Litva arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə mühüm töhfə oldu. Qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi inamla deməyə əsas verir ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək, biznes qurumlarının birgə fəaliyyəti isə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Çünki hər iki tərəfdən bu sahələrə böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumunun, bu səfər çərçivəsində isə mayın 22-də Vilnüs şəhərində Azərbaycan-Litva biznes forumunun keçirilməsi də bunu sübut edir.
Litva ilə ikitərəfli əməkdaşlıq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində də önəmli rol oynayır. Bu gün Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Həm Litvada, həm də Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı olan işlər paralel şəkildə aparılır. Litvada da, Azərbaycanda da bu sahəyə çox böyük diqqət göstərilir. Bu baxımdan qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artmaqdadır və müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.
Səfər çərçivəsində mayın 22-də Vilnüs şəhərində keçirilən Azərbaycan-Litva biznes forumundakı çıxışında dövlət başçımız İlham Əliyev bildirdi ki, iki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Bu gün Azərbaycanda enerji təhlükəsizliyi mövcud olsa da, ölkəmiz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir.
Qeyd olundu ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq.
Prezident İlham Əliyev onu da vurğuladı ki, Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi də planlaşdırır. Logistika, şəbəkələr və daşımalarda da böyük əməkdaşlıq potensialı var. Avropanın enerji xəritəsi, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Bu baxımdan, neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır.
Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Litvanın bir çox sahələrdə əməkdaşlıq etmək üçün böyük potensialı var və bu potensialdan istifadə olunması xalqlarımızın daha firavan gələcəyinə xidmət edəcək.
Jalə Əhmədova
Millət vəkili
Jalə Əhmədova
Millət vəkili