2023-cü ildə laçınlılar Laçına qayıdır

Hit: 592
2023-cü ildə laçınlılar Laçına qayıdır
“İşğaldan azad olunmuş ərazilərimizdə yeni həyat başlayıb. Tarixi Zəfərimizdən dərhal sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu  torpaqlarımıza davamlı səfərləri tarixi hadisə kimi dəyərləndirilərək Böyük Qayıdışın tam şəkildə yaxınlaşmasından xəbər verir. Dövlət başçısı İlham Əliyev 31 dekabr 2022-ci il tarixli Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu çağırışı etmişdir ki, avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır: “Əminəm ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.”
 
Ötən ilin hədəfi “ağıllı kənd” layihəsi çərçivəsində ilk bərpa olunan Ağalı kəndində həyata keçirilən işlərin başa çatdırılması və sakinlərin dogma yurd-yuvalarına qayıtması idi. Bu hədəfə lazımı vaxtda və yüksək səviyyədə nail olundu. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərlə bağlı növbəti hədəf isə Şərqi Zəngəzurun hava qapısının dünyaya açılması idi. Beləliklə ötən il Zəngilan Beynəlxalq Hava Limanı tkilib istifadəyə verildi. Göründüyü kimi, Azərbaycanın daxili imkanları hesabına aparılan bərpa-quruculuq işləri davamlıdır, hədəflərə yüksək səviyyədə nail olunur. Bu ilin hədəfi laçınlıların Laçına qayıtmasıdır.  Azərbaycan xalqı qurucu xalq, bu torpaqların sahibi olduğunu bir daha dünyaya nümayiş etdirir.”
 
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
 
Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.
 
“İdarəetmə sistemində təkmilləşmə dayanıqlı inkişafın əsasıdır” söyləyən millət vəkili onu da əlavə edib ki, Laçın rayonunda tarixi Zəfərimizdən bu günədək görülən işlərin xronologiyasına diqqət yetirmək kifayətdir: “Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Dövlət başçısı İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir: “Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”
 
Əliabbas Salahzadə vurğulayıb ki, cənab İlham Əliyevin Laçın şəhərində görülən işlərin, eyni zamanda, Laçının füsunkar təbiətinin mövcudluğu fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır: “İki ildən artıq dövrdə bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir. Bircə faktı qeyd etmək lazımdır ki, Azərbaycan qısa zamanda həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının ardınca 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində Şərqi Zəngəzurun növbəti hava qapısı dünyaya açılacaq. Belə ki, Laçın Beynəlxalq Hava Limanı qeyd edilən vaxtda istifadəyə veriləcək.”
 
“Dövlət başçısı İlham Əliyev Prezidentin Laçın rayonunda təyin edilən xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri diqqətə çatdırdı. Ətraf mühitin qorunması əsas hədəflər sırasındadır. “Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlərin bu amalla yaşayacaqlarına əminik. Dövlət orqanları onlara kömək etməlidir. Nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin”,-deyə millət vəkili bildirib.
 
Əliabbas Salahzadə uğurların təməlində düşünülmüş siyasətin, idarəçilik sisteminin zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsinin dayandığını bildirib.








Redaktorun seçimi