“Azərbaycanda siyasi dialoq prosesi yeni və fərqli müstəvidə inkişaf edir”

Hit: 356
“Azərbaycanda siyasi dialoq prosesi yeni və fərqli müstəvidə inkişaf edir”
Azərbaycanda siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.
 
Son iki ildə siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək mümkün olub, siyasi sistemin sağlamlaşdırılmasına nail olunub. “Siyasi partiyalar haqqında” yeni Qanun isə siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına xidmət edir. Təsadüfi deyil ki, Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirilib. Siyasi partiyalardan daxil olan təkliflər də nəzərə alınmaqla hazırlanan qanun layihəsi bir neçə dəfə ictimai dinləmələrə çıxarılıb. Yenilənmiş variantda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər də nəzərə alınıb. Keçirilən dinləmələr zamanı da qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən rəy və təkliflərə xüsusi diqqət yetirilib.
 
Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Beləliklə, ölkənin siyasi tarixində ilk dəfə yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunub. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır. Bir sözlə, qanun siyasi dialoqu konstruktiv əməkdaşlıq müstəvisinə qaldırıb.
Ümumiyyətlə, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəflərin açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir.
 
Nəzərə alsaq ki, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qəbul olunur, bu mənada Azərbaycanın çox uğurlu təcrübəyə malik olduğunu söyləmək olar.​Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində yüzlərlə görüş təşkil olunub, çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapıb. Təcrübə göstərir ki, dialoq mədəniyyəti əsasında qurulan dövlət və cəmiyyətin qarşılıqlı əlaqəsi güclü dövlətin inkişafına şərait yaradır. Azərbaycanda siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, həm də etibarlı münasibətlərin yaranması deməkdir. Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Ölkəmizdə təşviq olunan dialoq siyasəti demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul olunur.
 
Milli Məclisin deputatı,
 
Könül Nurullayeva








Redaktorun seçimi