Qafqazda törədilmiş ən qanlı hadisə

Hit: 287
Qafqazda törədilmiş ən qanlı hadisə
Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. 
 
Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.
 
1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının  və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdir.
 
Bununla da 1918-ci il 31 Mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. Ermənilər öz havadarlarının fəal dəstəyi ilə Azərbaycan torpaqları hesabına uydurma monoetnik Ermənistan ideyasını reallaşdırmaq üçün dinc türk-müsəlman əhalisinə qarşı soyqırımı törətdilər.
 
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığı daha sonra XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalması ilə nəticələnmişdir.
 
Azərbaycanlılara qarşı yürüdülən bu soyqırım aktına ilk dəfə siyasi qiymət vermə cəhdi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olunmuşdur. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılırdı. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
 
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı.
 
Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
 
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Cənab prezident ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya  ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Prezidentin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək 2013-cü il sentyabrın 18-də açılmışdır.
 
Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!
 
Anar Məmmədov
 
Milli Məclisin deputatı

 









Redaktorun seçimi