Mir Həmzə Seyid Nigarının əsərlərində "güllü qafiyə"elementləri

Hit: 280
Mir Həmzə Seyid Nigarının əsərlərində "güllü qafiyə"elementləri

Dəyərli oxucuları bilgiləndirim ki, güllü qafiyə Azərbaycan klassik poeziyasında aşıq şeirinin bir şəkli olmuşdur. Bu şeir şəkli həm də " Dedim-dedi ", "Dedim-söylədi", "Kəlmə kəsmək " adlanıb.

 
Aşıq şeirimizdə " güllü qafiyə"nin yaradıcısı Aşıq Qurbanidir. Onun 5 bənddən ibarət bir qoşması bütövlükdə "Dedim-dedi" əsasındadır:
Dedim: Mən Qurbaniyəm yarın adına,
Dedi: Elə sənsən düşən yadına,
Dedim: Mən ha yandım eşqin oduna,
Dedi: Şama yanan pərvanədir bu.
Güllü qafiyədəki duet-dialoq şeirə süjet çaları verir, hadisə, əhvalat yaradır, dinləyicidə isə xoş ovqat yaradır.
Aşıq şeirindən bu şəkli əruz vəznli ədəbiyyatımıza ilk gətirən isə qəzəl ustadı M. Füzuli olmuşdur. Böyük şairin 7 beytlik bir qəzəli başdan-başa "Dedim-dedi" əsasında qurulmuşdur: 
"Dedim:  aləmdə Füzuli qapının bir quludur,
Dedi: alnında onun dağı yəqin olmalıdır. 
M.Füzulinin 7 bənddən ibarət bir altılığının (müsəddəs) son iki misrasında da "güllü qafiyə" izi var. 
- Bunlar nədir, nə dürri-Ədəndir?-dedim, dedi: 
- Əlsəm, Füzuli, əşki- rəvanındurur sənin.
Mir Həmzə Seyid Nigarı M. Füzuli ədəbi məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun novatorluğu ondadır ki, o, Füzulini təqlid etməmiş, yaradıcı yol seçərək öz üslubunu yaratmışdır. Səciyyəvi cəhətdir ki, Mir Həmzə Seyid Nigari qəzəllərini bütövlükdə "güllü qafiyə" üzərində qurmamışdır, bəzi beytlərində bundan yararlanmışdır. Həm də yenilik edərək "Dedi-dedim" şəklinə salmışdır:
... Dedi: -Aya, nədir dərdin? Dedim-Hicrandır, əmma, 
Əlacım, ey sənəmsima, budur-didarı göstərdim. 
Dedi: - Karın nədir söylə? Dedim-Əlhəmdülillah
Mey içmək, çəng çalmaqdır-bu xoş ətvari göstərdim. 
-Kimin rüsvasıdır Seyid Nigari?- söyləşürkən el, 
Dedim: - Bu afətindir-ol pərirüxsarı göstərdim. 
Digər bir qəzəlinin bir beytində bu formadan istifadə etmişdir: 
Dərdi hicranə dedim: -  Ey can, nə çarə, nə çarə? 
Dedi-Ey Həmzə, badədir, badə, badə.
Bir qəzəlinin orta beytində də "güllü qafiyə" elementi müşahidə olunur: 
-Dərdi-hicranə çarə yoxmu?-dedim dildarə
Dedi: - Badədir, badə, əmma həddən ziyadə. 
Mir Həmzə Seyid Nigarının "Divan"ında yer almış müsəddəsin birində  də "güllü qafiyə" işlənmişdir. Müsəddəs 7 bənddən ibarətdir. Altılğın hər bəndinin son iki misrası M.Füzulidəki  kimi sual-cavab formasındadır, yəni "Dedim-dedi" bir misradadır, bu da əruz vəzninin tələbindən irəli gəlməli xüsusiyyətdir:
-Bana zülmi-sərihdir anə kim dedim-dedi
-Yox, yox, bəhri-ətayi-cananındürür sənin
Məqtə beytinə diqqət yetirək:
  Baxdım yüzünə- Aya bu aymı?-dedim,dedi
        -Mənzur qıl ki, ziba Quranındurur sənin.
Diqqətli oxucu anladı ki, bu müsəddəsdə Füzulinin təsiri aydınca görünür. Forma,qafiyə oxşardır. Məzmun isə Nigarinin özünündür, həm də ustadının yaratdığı kimi mənalı və düşündürücüdür.
Solmayan klassik irsimizin belə incilərini oxuduqca könül şadlanır, göz nurlanır, mənəvi dünyamız rahatlıq tapır. Nə yaxşı ki, belə klassiklərimiz var. Onları tanıtmaq bizim şərəf işimiz olmalıdır. Oxucular belə klassikləri tanıyanda sevəcəklər, öyrənəcəklər. 
                                                        
Ədalət Əsədov- "Tərəqqi" medallı,Əməkdar müəllim








Redaktorun seçimi