Ermənistan İkinci Qarabağ müharibəsindən ibrət dərsi almayıb

Hit: 743
Ermənistan İkinci Qarabağ müharibəsindən ibrət dərsi almayıb

“Böyük xalq olduğumuzu bütün dünyaya sübut etmişik və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra daha da irəliyə gedəcəyik”

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətini hər bir vətənpərvər azərbaycanlı qürurla dinlədi.  
 
Artıq üçüncü ildir ki, xalqımız Novruz bayramını doğma Qarabağda qeyd edir. Bu böyük xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Qəhrəman övladlarımızın canı-qanı bahasına və xalqımızın yumruq kimi birləşməsi sayəsində biz doğma torpaqlarımıza qayıtdıq. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
 
Lakin belə görünür ki, Ermənistan İkinci Qarabağ müharibəsindən ibrət dərsi almayıb. Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırırlar. 
 
Ermənistan rəhbərliyi və Ermənistanın arxasında dayanan bəzi ölkələr də bilməlidirlər ki, Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz və çirkin əməllərindən əl çəkməlidirlər.
 
Prezident İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, əgər kimsə fikirləşirsə ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.
 
Bu gün bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb, gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
 
Cənab Prezident birgəyaşayışın şərtini bir daha bəyan edərək bildirdi ki, Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var.
 
Prezident İlham Əliyev xalqa müraciətində onu da vurğuladı ki, yeni reallıqları hər kəs qəbul etməlidir. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır.
Bu gün Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaqla qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik:
“Qarabağ Azərbaycandır!”
 
Milli Məclisin deputatı Jalə Əhmədova








Redaktorun seçimi