Milli birlik, ənənələr və mənəviyyat bayramı!

Hit: 578
Milli birlik, ənənələr  və mənəviyyat  bayramı!
Türk-müsəlman xalqları əsrlər boyunca yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Azərbaycanda, qardaş Türkiyədə, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızısnatda, Krım tatarlarında, kürdlərdə və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini çoxdan adət-ənənəyə çevrilmiş şənliklərlə qarşılayırlar. Novruz bayramı əsasən bayrama az qalmış axır çərşənbədə və  martın 20, 21 və 22-də gecə-gündüzün bərabərliyi günlərində keçirilir. Bir çox xalqların milli-mənəvi dəyərinə çevrilmiş Novruz bayramı  2009-cu il sentyabr ayının 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" kimi elan edilib. Əsrlər boyu xalqımızın qəlbində dərin köklər salmış Novruz bayramı ölkəmizdə milli bayram kimi geniş qeyd edilir. Sovet dönəmində  türk-müsəlman  xalqlara  Novruz bayramını keçirmək qadağan olunsa da, onun qarşısını almaq mümkün olmayıb. Ilk dəfə 1969-cu ildə Novruz Bayramı şənliyinin Azərbaycanda rəsmi bayram kimi keçirilməsi xalqın böyük marağına səbəb oldmuşdu. Novruzun papaq atmaq qulaq falına çıxmaq,  tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək,  şam yandırmaq, yallı getmək, ənzəli oynamaq kimi adət, oyun  və inancları uşaqlar və böyüklər tərəfindən sevilə-sevilə icra olunaraq indi də davam etdirilir. Ulu Öndər Heydər Əliyev 2000-ci il martın 21-də Novruz bayramında etdiyi tarixi çıxışında qeyd etmişdi: “Xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi, qəmi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir qisminin işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşlarımızın didərgin düşməsi və ağır vəziyyətdə yaşamasıdır. Bu, bizim ümumi qəmimiz, dərdimiz, kədərimizdir. Ancaq bu dərdi çəkərək biz heç də sınmırıq, ağlamırıq, inildəmirik. Biz bu dərdi mərdliklə, dəyanətlə çəkirik. Eyni zamanda çalışırıq və çalışacağıq ki, bu dərddən-qəmdən xilas olaq. Əminəm ki, biz bundan xilas olacağıq. Mən sizin hamınızı təbrik edirəm. Ancaq o soydaşlarımızı xüsusi təbrik edirəm. Onlara bir daha bildirirəm ki, bizim apardığımız işlər, həyata keçirdiyimiz tədbirlər, - bu işləri ardıcıl aparırıq, - Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını, respublikamızın ərazi bütövlüyünü təmin edəcək, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaq və o gün gələcəkdir ki, o yerlərdə bayram tonqalı yandıracaqdır, bayram şənlikləri, yığıncaqları keçiriləcəkdir. O yerlərdə hər kəs öz evində bayram axşamı plov, paxlava bişirəcəkdir, bayramı öz evində edəcəkdir” Ümummili liderin arzusunda olduğu həmin günlər bu gün gerçəyə çevrilmiş, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi, diplomatik  və hərbi bacarığı, xalq və dövlətimizin birliyi sayəsində torpaqlarımız düşməndən azad edilmiş, köçkünlərimizin bir hissəsi öz ata-baba yurdlarına dönmüş və bu proses quruculiq işləri ilə bərabər davam etməkdədir. Bəli, Novruz xalqımızın birlik, bərabərlik, şadlıq və sevinc bayramıdır, ən böyük bayramımızdır, milli-mənəvi dəyərimizdir. 
 
Firdovsi Tağıyev;
Neftçala rayon ziyalısı
 








Redaktorun seçimi