Elektromobil və hibrid avtomobillərinin istifadəsi təşviq edilməlidir - FOTOLAR

Hit: 1010
Elektromobil və hibrid avtomobillərinin istifadəsi təşviq edilməlidir - FOTOLAR
Azərbaycanda ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirildi. «Auto Eko 2023» adı altında keçirilən sərgi Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunub. Sərgidə 9 avtomobil markasının rəsmi idxalçıları və yerli avtomobil istehsalçıları iştirak edir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramı çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə «Yaşıl ölkə» adlı ilk ekoloji avtomobil yürüşünü həyata keçirmişdi.
 
Faktor.az xəbər verir ki, sərgi  Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə həyata keçirilir. Sərginin həyata keçirilməsində məqsəd Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılmasından ibarətdir.
 
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə sabiq rəisi polis polkovniki Vaqif Əsədov, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, deputatlar, QHT və media işçiləri, dövlət və özəl sektordan nümayəndələr, avtomobil sahəsində fəaliyyət göstərən müxtəlif vəzifəli şəxslər və videoblogerlər iştirak edib.
 
Sərgiyə gəlmiş ziyarətçilər ekoloji avtomobilləri daxili və xarici funksiyalarını yaxından müşahidə edir, ödəniş şərtləri və digər detallarla maraqlanırdılar.
 
Tədbirdə çıxış edən Vaqif Əsədov bildirib ki, ölkədə atmosfer havasına atılan zərərli maddələrin böyük bir hissəsinin avtonəqliyyatın payına düşür və bu səbəbdən də elektromobil və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması vacibdir. Bundan başqa hibrik avtomobillər ekoloji cəhətdən təmizliyi ilə yanaşı, az yanacaq sərfiyyatı ilə büdcə vəsaitinə də qənaət edir. Dünyanın bir çox ölkələrində elektrik və hibrid avtomobillərinin daha əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir. Düşünürəm ki, bu gün Bakıda da keçirilən bu sərgi elektromobil və hibrid avtomobillərinə marağı daha artıracaq.
 
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən elektrik avtomobillərinin sərgisi «Auto Eko 2023» 3 gün davam edəcək.
1
1
1
1
1
1
1








Redaktorun seçimi