Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…

Hit: 699
Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…
“Bu gün müasir müstəqil, qalib Azərbaycanın dünyaya səs salan inkişaf modelindən, davamlı uğurlarından bəhs edirik. Hər bir uğurun əsasında qətiyyət, böyük səylər, ən əsası düzgün qurulan siyasətin nəticəsi olaraq yaradılan möhkəm təməl dayanır”.
 
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
 
 
Deputat dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini xatırladıb:
 
“Bu mühüm addım çoxəsrlik tariximizin ən parlaq səhifələri kimi dəyərləndirilən, bugünkü inkişafa əsas yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərinin geniş təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz bu baxımdan ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir”.
 
“Bugünkü uğurlarımız belə bir qənaəti böyük əminliklə qeyd etməyə əsas verir ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin  zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Ulu öndər Heydər Əliyev bu reallığı əsaslı şəkildə diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Hazırda Azərbaycan ulu öndər Heydər Əliyevin arzuladığı zirvələri fəth edir. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider onun daimiliyini təmin etmək üçün azərbaycançılıq ideologiyasının formalaşdırılmasına, harada yaşamasından asılı olmayaraq bütün dünya azəbaycanlılarının bir ideya ətrafında sıx birliyinə çağırış etdi”, - deyə deputat vurğulayıb.








Redaktorun seçimi