Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdyi illər Hərəkatın qızıl dövrü kimi yaddaşlarda qalacaqdır!

Hit: 277
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdyi illər Hərəkatın qızıl dövrü kimi yaddaşlarda qalacaqdır!
Bu günlərdə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən Ölkənin Lideri kimi dünyanın dörd bir tərəfindən gələn qonaqları böyük səmimiyyətlə qarşıladı. Zirvə görüşündə dərin məzmunlu, dünyanı düşündürən məsələlər ətrafında, çıxış edən dövlətimizin başçısı, həm də dünyaya yeni çağırışlar etdi. Bilirik ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı və bu sədrlik müddəti sonradan yekdil qərarla daha bir il uzadıldı. BMT-dən sonra dünyada ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra Azərbaycanın məqsədi hər zaman ədaləti və beynəlxalq hüququ müdafiə etmək olmuşdur. Xüsusi vurğulamalıyıq ki, dünyanı bir vaxtlar cənginə almış  COVID-19 pandemiyasınn başlamasından dərhal sonra qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olmuşdur.
 
2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü də məhz Azərbaycan irəli sürmüşdür. Həmin Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmış və Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz sözügedən məlumat bazasına istinad etmişdir. Bundan əlavə Azərbaycanın mühüm təşəbbüsü ilə BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi də BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı və sessiya 2020-ci ilin dekabr ayında keçirildi. 70-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi iclasda ciddi surətdə beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulandı. Qeyd edək ki, koronavirusla mübarizə sahəsində lider olan Hərəkat bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
 
Bu mənada Ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvü olan 80-dən çox imkansız ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardımları göstərdi və bu aksiya davamlı xarakter aldı. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə də çıxış etmişdir. Belə ki, Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi və 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında bir daimi yerin Qoşulmama Hərəkatına verilməli olduğunu xüsusi vurğuladı. Bunun üçün kifayət qədər arqumentin olduğunu açıq şəkildə bəyan edən Dövlət başçımız  son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu xüsusi vurğuladı. Bununla bərabər  BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və bu gün səmərəli olmadığını konket faktlarla bəyan edən cənab Prezident təkcə Azərbaycanla bağlı BMT-nin dörd qətnaməsinin 30 ilə yaxın bir müddətdə icra edilmədiyini bir daha vurğuladı. Cənab İlham Əliyev Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi. Göründüyü kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdyi bu illər deyərdim ki, Hərəkatın qızıl dövrü kimi yaddaşlarda qalacaqdır. Hərəkatın bu illərdə dünya düzənində gördüyü işlər, dünya nizamına verdiyi töhfələr misilsizdir. 
 
Əliheydər Qarayev;
Neftçala rayon sakini
 

 









Redaktorun seçimi