Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bütün dünya üçün faydalı olacaq

Hit: 610
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bütün dünya üçün faydalı olacaq
Prezident İlham Əliyev iki gün bundan əvvəl martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında bir sıra mühüm məqamlara toxundu.
 
Qoşulmama Hərəkatına sədrliyi daha bir il uzadılan Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.
Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi, həmçinin BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi böyük dəstək qazandı.
2020-ci ilin dekabr ayında keçirilən xüsusi sessiyada 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi və sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulandı, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Bundan başqa, Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi.
 
Azərbaycan Hərəkatın institusional inkişafına da güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi. Bununla yanaşı, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı və təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
 
Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ - BMT sistemində aparılan islahatlardan da danışaraq, bildirdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Cənab Prezident təklif etdi ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
 
Ölkə başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələr bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidirlər. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.
Azərbaycan BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını da təklif edib. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Hazırda qlobal problemlərdən biri olan iqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. Bu baxımdan iqlim dəyişikliyinin təsirlərinə daha həssas olan inkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. 
 
Cənab Prezident qeyd etdi ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə olaraq Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. 
Hazırda Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. 
 
Cənab Prezident çıxışında növbəti mühüm bir təkliflə çıxış etdi. Ölkə başçısı bildirdi ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatın səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir.
İnanırıq ki, Azərbaycanın daha bir il Qoşulmama Hərəkatına sədrliyi bütün dünya üçün faydalı olacaq və öz yüksək qiymətini alacaqdır.
 
Millət vəkili Jalə Əhmədova
 








Redaktorun seçimi