Onun ölümü cəmiyyəti suçlu çıxardı

Hit: 402
Onun ölümü cəmiyyəti suçlu çıxardı

Hacı Şahin Həsənli əfəndinin əziz xatirəsinə

Ey dadi bidad danəndə dəhan dərviş d...
Derlər,
Bu dünyayla qura bildiyi oyunda ölümüylə uduşu qazanmış oxucu, 
Görüntün, boy - buxunun, duruşun, təbəssümün, danışığın, gözlərində o qutlu gündən qalma hüzn adına dadını əbədiyyət yolçuluğunda da çıxaracağın bilgi sunurdu. O bilgi, Adəmdən bu günə hidayətə vəsilə olacaq çağdaş barışıq, qardaşlıq, insanlıq qılıfını pozmadan adamın ürəyini toxdadırdı. Möhtac ruhlardakı aclığa, susuzluğa öz çapında töhfəsini əsirgəmirdi. 
Onun ölümü məndə qəribə bir suçluluq duyğusu doğurdu. Özümü, olduqca günahkar bir hüsranlığa qərq olmuşcasına qarşıma çıxardıb yarğılamağa başlayıram. Özünü mühakimə duyğusunun varlığımda peydah olması və ya kimliyimə hakim kəsilməsinin durduq yerdə heç bir təzahüratla əlaqəsi olmadığının (kədərin açıq bucaqlarla donaltılmasının) qənaətinə varıram.
O ölmədi. O dünyasını dəyişdi. İçimdən bir səs milyonlarca dəfə deyilmiş bu fikirlərin təkrarını canıma oxudu. O ölmədi, Haqqın rəhmətinə qovuşdu. Ardınca nəfəs dərib bu cümləni yazmaq cəhalətimi dirildirəm. Bəli, nələr olub- bitdiyinin nəslimin damarına işləyəcək dərəcədə fərqindəyəm. O, ölmədi, haqqa doğru yürüdü. O ölmədi, Yaradanın kamına çəkildi. O, ölmədi, Allah onu dərgahına apardı. Tanıdığım neçə insan haqqında bu cümlələri çəkinmədən, fikirləşmədən, tərəddüdə qapılmadan bütün hüceyrələrinlə söyləyə bilərsən?
Derlər,
Ey unudulmaqdan faniliyini dərk edən oxucu, 
Bir insan özünü nə üçün savunmalıdır? İnsanın özünü müdafiə etməsi hansı ehtiyacdan irəli gəlir? Nəyə görə insan özünü savunma bilincinə qapdırır? İnsanın yaşadığı cəmiyyət və düşdüyü mühit onun bəlkə də hər an bu hissi daşıyacağını diktə edir. İnsanın özünü savuna bilməsinə gücünün yetdiyi onun suçlu olub - olmadığına dəlalət etməz. İnsan hər an suça batırılacağının bilinciylə hərəkət etdiyi zaman təbii olaraq (onun) varlıq yapısı o suça qarşı insanın mahiyyətində müdafiə, savunma üslubu gəlişdirir, formalaşdırır. Suçun hakim olduğu toplumda savunma bilinci hər an marıqda bəklər. Savunma, özünü qorumaq, əslində qorxu yüküylə təkləndiyini söyləməz. Bu, bir az da üzərində qalmış (bilinən, bilinməyən) ağırlığı özündən uzaqlaşdırmağın məğlubiyyət yetgisindən uzaq tutmağın vərdişidir. Savunma, istənilən şəklidə kiminsə əndişəsindən xəbər verir. Sokrat da Platonun özünü savunmasından bəhs etmişdir. Hətta doğrunu danışmaq və işlənilən cinayəti üzərinə almaq da özünü müdafiə hesab olunur. Çünki bu suçu bir başqası adından danışdığı zaman artıb - azalması qaçınılmazdır. Cinayəti işləyən kişinin hansı dəqiqlikdə, hansı ortamda törətdiyini sərbəstcə və qəlbi soyudacağı şəkildə bəyan etməsi özgə bir savunma yöntəmidir. Qanun, yarqı, mühakimə, məhkəmə qarşısında özünü müdafiə imkanları və instinkti sənin də qanunun bir parçası olduğunun tam özülüdür. Qanun qarşısında cavabdehlik proyeksiyanın davamı,yaxut qanunun mövcud proseslə bağlı nüvəsini oluşdurub mahiyyətini möhkəmlədir. 
Bir də
Derlər ki, 
Unudulmağın yorğunluğunu baş alıb gedən qırğınlardan çıxaran oxucu,
Ümumiyyətlə, suçlanmaq, kimliyini, mahiyyətini savunma cəhdləri insanın özünü Allaha hazırlama başlanğıcı və bu yöndə ilk ilahi sınağıdır. Bütün cəhdlər yalnız “səni yaratdığından dolayı”, sənə suç duyurusunda bulunanların üzərindəki bütün maraq və nəzər nöqtəsinə çevrilmə cahilliyindən qurtulmanın həmlələridir. İnsan suçlanıldıqca onun cahillik ünvanı böyüyür. İnsan suça qarşı savunma instinktini yüksəldə bildikcə cəhalətə qarşı savaşır, vuruşur, mübarizə aparır yox, aydınlanma və marifləndirmə kimliyini işə salır. Çünki əzəl başdan yaradılışın nişangahında olduğundan borcunu qaytarmalıdır. Bu xidmət, Onu Yaradanın suçlu hesab edilən bu canlı Əsəri üzərində lazımi təmizlik işlərini sürdürmə dərkinə sadiq qalmağını isbatlar. Bu cəhdi və əyləmi onu Yaradanın işinə salınan kölgəyə xətər toxundurmama fəhminin prinsipal sadiqliyidir. Çünki suçlu, ya suçsuz, istənilən təqsirləndirmə qarşısında öz adının bəhanəsiylə Yaradıcı Gücün naminə, Onun göndərdiyinin üzərinə əlavə ağırlığının yığılmasına qarşı bütün yönüylə atma, itmə, uzaqlaşdırma cəhdindən əl çəkməmə səfərbərliyinə nail olma səriştəsini işə salar. 
Derlər,
Ey unudulmaqdan bəs deyincə nəsibini alsa da, əlifbasındakı hər hərfi əxlaq bilən oxucu, 
Mən isə bu gün eşitdiyim xəbərin verdiyi hələ də varlığıma hakim kəsilən o suçluluq duyğusundan qurtula bilmirəm. Nədən içim sızlayır. Günahkarammı, peşimanammı? Nəyin günahkarıyam, nəyin peşmançılığını yaşayıram :-  seçimi haqq, həqiqət üzərindən cəmiyyətə və çağdaş gedişatın naşı xaosuna yönəldib bir qərar qılmaq zorundayam. Peşimançılığı dəf edib daha çox suçluluq duyğumun ağır basdığı bu gedişatı halımda çözələyib, irdəlıyib ortaya bir sonuc çıxarıram . Suçluyamsa əgər, özümü bu yarğı önündə müdafiə etmək üçün, mütləq öz suçumun gerçəkliyindən çox, nədən özümü qoruma, müdafiə bəhanəsiylə sığortalayıram? Bu tavır özünü qoruma və müdafiə bəlağətinə təslim edilmiş aldadıcı məşəqqət deyilmi, dostum?!
Bəs cəmiyyət niyə mənim kimi özünüqoruma və müdafiə instikylə hərəkət edir? Axı ortalıqdakı suçu göstərmədən, birbaşa müdafiə cəbhəsində can vermək, mücadilə aparmaq hansı səmavi kitabların ağıl yazdıran metafizik məntiqi davamıdır?
Bəli, o ölmədi! Amma alimliyin, ziyalılığın qıt vaxtında içlərdə üsyan alovu yazaraq dünyasını dəyişdi. Minlərlə insanın gözlərindəki yaşların havası sabahın erkən saatlarında şəhərin hər yerindən adamı vurur. Bəzən hiss edirsən ki, kənara çəkilmək lazımdır. Çünki üzərinə yağan o selli - sulu baxışların altında qalıb əzilə bilərsən. Belə bir intuisiya seyrindən qurtulmağın ağırlığını sinəmə çəkirəm. Daxilimdə (artıq suya çevrilmiş) qəmin boğanaq havasına tutularaq əziz və qutlu qardaşımız Hacı Şahin əfəndinin ruhuna bir fatihə, üç ixlas oxuyaraq yoxluq dünyasından üzərimizə şövqlənən Yaradanın Rəhman sıfatına təslim oluram. 
İstanbulda təsəvvüfçü Mahir İz xocanın dəfnində əzbər dediyim böyük şairin (Yahya Kemal Beyatlı )  tələbəlik illərindən yaddaşımdan çıxmayan “Səssiz Gəmi”sini gün uzunu pıçıldamaqla məşğulam:
 
SESSİZ GEMİ 
 
Artık demir almak günü gelmişse zamandan
Meçhule giden bir gemi kalkar bu limandan.
Hiç yolcusu yokmuş gibi sessizce alır yol;
Sallanmaz o kalkışta ne mendil, ne de bir kol.
Rıhtımda kalanlar bu seyahatten elemli,
Günlerce siyah ufka bakar gözleri nemli,
Biçare gönüller! Ne giden son gemidir bu!
Hicranlı hayatın ne de son matemidir bu.
Dünyada sevilmiş ve seven nafile bekler;
Bilmez ki giden sevgililer dönmeyecekler.
Birçok gidenin her biri memnun ki yerinden,
Birçok seneler geçti; dönen yok seferinden. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi