Kölə mədəniyyətlərin kölə dili

Hit: 372
Kölə mədəniyyətlərin kölə dili

Ey dadi bidad danəndə dəhan dərviş d....

Dil görəsən, bu gün, nədən həqiqətə yaxınlaşmır,yaxut dil niyə həqiqəti götürmür?
 
Azərbaycan yazılı türkcəsi ərəb, fars sözlərinin çəmbərində əhatə dairəsini o qədər daraldıb ki, xas türkcədə sözlər barmaqla sayılacaq qədərdir.
Azərbaycan türkcəsində yazılan yazılara fikir versəniz, görərsiniz ki, danışığımızda, nəgahən  əzbərə bir dil peyda oldu. Əzbərə dil nə deməkdir? Dil ruhunu həm də yazıyla qoruyur, artırır, mədəniyyətin gələcək limanlarına ötürür, yola salır. Dili həmişə mədəniyyət boyunca gələcəyə yazı yola salar, danışıq, şifahilik qarşılayar. Qənaətimcə, bu gün yazılan yazılar sanki əzbərlənilmiş bir dilin sonucudur. Dil şüur altından istifadə etməyəndə, yaxud istifadə etməyi bacarmayanda, yaxud bu energetik təlatümlü prosesə imkan yaranmayanda beynin son yaddaşından mayalanmağa başlayır. Bu zaman deyilən, haray çəkilən sözlər nə qədər təsirli, etkili olursa - olsun, xeyri yoxdur, adama quru, sxematik, standart, kristallaşmış bir təsir bağışladığından kimsənin tükü tərpənməz. Bizlər şəxsi münasibətlərdən, ictimai qaynaşmadan qaynaqlanan hadisələrin gedişatı fonunda həyəcanı, məntiqi içərisində bir dilə sahibik. Bu dil isə uzaq başı gedib yaddaşa sığına bilər. Yaddaşın ötəsinə keçilə bilmədiyində, yaddaşın ötəsi ona yaxınlaşan dili kamına çəkir:-ya zəiflədir, ya da onu öz məkanında tutub boğur, yorur, uzaq başı, dili öz məkanında cilovlayıb buraxmır. Şüuraltı dediyimiz yarı - metafizik səbəb isə dilə ruhsal enerjini lazımi qaydada, sanki aralarında anlaşıblarmışcasına ötürməyindədir. Şüuraltı denilən içsəl hadisə hər zaman metafizik bir ritm, metafizik bir hava yarada bilməklə, canlı, təsirli, işləmsəl tutulmasında gücünü əsirgəmir. İnsanoğlunun şüuru və şüuraltı gücü, qabiliyyəti İlahi Nizama tən gəlir, ona indekslənir. Dil şüuraltına tabe olanda, (mahiyyətcə əxlaq, ədalət qavramlı daşıyıcı ecazlıqla haşır-nəşir olduğunda:-x.t.) dilin ümumi məna sistemi həqiqətə sahib çıxır. Dil öz güc sistemində taxta çıxır, metafizik - energetik bazasında mədəniləşmə sürəcini zamana, əsrə, çağa həzm elətdirir, yaxut da bu komponetləri ehtiva edən mahiyyəti öz çəmbərində əridir, bəlkə də ikinci, üçüncü dərəcəli ehkam kimi sui- istifadə edir. Dilin zamanı, çağı, ərəfəni istismar etməsi acımasız və qorxunc cazibədarlıq qovşağında gerçəkləşir.
 
Dilimiz bəlkə də dünyada ən güclü dillərdən biridir. Ancaq çağdaş dilimizin məna götürmə qabiliyyəti çox azdır. Azərbaycan türkcəsi nəyin bahasina olursa olsun, yaralanmalıdır. Şəxsən mən, bu dilin içərisində özümü çox narahat, çox qəriban, çox susdurulmuş görürəm. Yuxarıda söylədiyim dilin şüuraltına toxunuşu məsələsi onun istənilən zaman leksik tərkibini özündən, daxildən çoxaldır. Daha alınma sözlərə, yabançı leksik tərkiblərin “sürü halında” dilin məkanına daxil olma aktı baş vermir.  
Nədən bu günkü yazılı dilimiz, şüuraltı dediyimiz bir daşqınlıq prosesdən yararlana bilmir? Təbii bu reallığın özəl səbəbləri olmamış deyil. Şüuraltı olayı yazılı ədəbiyyatda ədəbi düşüncənin sistemi aktivləşəndə ortaya çıxır. Bu ədəbi sistemi oluşduran, gerçəkləşdirən kişilər, fərdlər bir-birlərini tanımadan belə aralarında düşüncə bağı qururlar. Bu gün o düşüncə bağı yalnız yazarın tənhalığından başqa bir şeyə işləmir. Bugünkü dili yaradacaq yazarların bir-biri ilə, həm də o dili oluşduracaq düşüncəylə bağı, əlaqəsi yoxdur. Bu əlaqə, bağ insanlarla da, böyük mətnlərlə də, bu günkü insan psixologiyasına təsir edəbiləcək mətnlərlə də, təbiətlə də, dini qapsamlı yazılara inamla yiyələnməməkdə də özünü göstərir. Yazan, dilin içinə qapanan adam, həm də öz içinə qapanır. Dilin ölümü üçün bundan münbit şərait heç vaxt bulamazsınız. Bu gedişat bir az da o dildə ortaya əsər qoyan yazarların,  saysız -hesabsız basqıçı izmlərin üzərinə gəlişi sindromunu dəf edə biləcək öz və yeni təfəkkür karizmasından çox asılıdır.
Dil ölüləşdikcə, milli enerjisi çəkildikcə tərkibində işlənən yabançı sözlərin gücü dışarı vurduqca, dilin təfəkkürü yabançılaşır, daha doğrusu, yalotu olmağa başlayır. Həmən yad bir düşüncə, ideya, ideologiya, sistem, fəlsəfi bir düşüncəni öz aurasında duyan kimi həmən boşluğunu doldurmaqla məşğul olur.  Bu zaman dil həm də yad bir etnosun, mədəniyyətin etkisi altına sürüklənməklə, (bu prosesi öz xoşuna keçməklə), milli energetik mədəniyyəti qul+ qulluqçu bucağına (durumuna) salır. Bu dildə danışan, yazan adam nə qədər hürr, özgür, azad, üsyankar ruhlu olur-olsun, heç xeyri yoxdu, kölə olduğunu həmən gözlərə soxacaq, qul baxışlarını, əsarət, buxov - zəncirini cingildətməklə vaxtını itirəcək. Bizlər doğru, düzgün düşünə bilmədikcə, dilimiz bizi özgür, azad təbiətli bir etnos etməyəcək. Mədəniyyəti, cəmiyyəti, etnosu dil müstəqil, özgür və şərəfli bir sistemə sürüklər. Ona görə yazarların da bu dildə yalan yazmamaları çox önəmlidir. Yəni yazar baş vermiş bir hadisəni yazar, amma bu hadisə, bu dildə, bu dil də bu hadisədə o zaman başdan ayağa yalan çıxar ki, mövcud, kullanılan yazılı dil təfəkkürə, metafizik təmələ, sakral rahatlığa, sağlam dini inanac cəsarətinə, milli dərinliyə, o dili istifadə edən şəxsiyyətin hər türlü məddahlıqdan uzaq xarakterinə oturmuş olar. Yazarın, dilin həqiqətini ifadə etməsi, dili həqiqətə çəkməsi üçün, onun hansı düşüncə sisteminə, təfəkkür qatına, hansı inanc anlayışına nə dərəcədə yaxın olub olmamsı ilə üzə çıxacaq, dışa vuracaq. Dilin həqiqəti, öncəliklə o dildə yazanın, danışanın bəlli bir təfəkkürə sahib olmasından, özüllü düşüncəyə yiyələnməsindən çox asılıdır. Gəlin görək, Azərbaycanda sistemli düşüncəyə, özüllü bir təfəkkürə bağlanmış neçə yazarımız var?
 
Söylədiyim mülahizələrin, həmişə deyil, müəyən epoxalrda, ərəfələrdə,  zamansal keçitlərdə, formasiyaların qarşılaşmaların dönəmində keçərli olduğu qənaətindəyəm.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi