Xoş bir səda kimi

Hit: 326
Xoş bir səda kimi

(Ramiz Novruzovun əziz xatirəsinə)

ey dili qafil fil faili məchul fani f...
getdi arxasında kədəri qoydu
 
derlər,
unudulmuşluğunu qulaq ardına vurmaqdan bezməyən üzgün oxucu,
1.dünyaya gəliş var, qafil. doğulduğun yerdə səni adı üzərində, xəritələrdə ərazisi yazılmış, kimliyində yer alan bir məkan qarşılayır. bu məkan öz tənhalığını itirmək üçün öz sadiq yarı olan zamanı axtarıb tapır. sevimli aktiyorumuz ramiz novruzovu da,  nə vaxtsa belə bir məkanla zaman əlbir olub ovlaya biliblər. 
2. uşaqlıq illəridir. səslər, küylər, qaçdı-tutdular, min bir oyunlar. muğanın ayazlı- şaxtalı qışı, qora bişirən ayları onun uşaqlığından necə yan ötə bilərdi?  o qışlar,  o yaylar uşaqlığına mənsub varidatdır, qafil. 
deyəsən ən çox da uşaqlar öz aralarında dəstələrə ayrılaraq futbol oynamaqdan yorulmaq bilməzdilər. 
3. səhərlərin, axşamların öz gəliş vədəsi bəllidir. bir zamanlar o tamaşaların da öz dövrü vardı. “vaqif” in səhnələrdən düşmədiyi illər idi. səməd vurğunun bu unudulmaz əsərini müəllimləri məktəbdə səhnəyə qoyurlar. ramiz novruzovun o məktəb illərindən ruhuna hakim kəsilən sənət eşqi necə alovlanırsa, bir daha sönüm, demir.
4. dərslər, şagird dostları, müəllimlər, ailəsi onu əhatə edən o dönəmdəki Azərbaycan kəndinin mühiti. şübhəsiz, bu sadaladıqlarımız onun formalaşması üçün az faktor deyildi. sənətə heyranlığı günü - gündən həddini aşır. müəllimləri onun istedadından xəbərdardılar. ancaq ailəsinin onun uşaqlıq dünyasında qurduğu sənət dağlarını uçurmaq istəyi də bir yandan onu sakit buraxmır. 
 
derlər,
unudulmuşluğunu zəmanəyə uduzmaqla keçinən nəcib oxucu, 
5. incəsənətə olan məftunluğunu gizlətmək heç cür mümkün deyil. sənətə erkən oyanmış marağı dəlilik həddinə çataraq məktəbə getməyinə maneələr yaradır.
 məktəbli Ramiz Novruzov səhnədə görmək istəyəcəyi obrazların sözlərini yazır, süjetini quraşdırır. anası Ramizin dərsləri buraxıb məktəbə getmədiyini öyrənib onu bərk kötəkləyir. 
6. Ramiz ola bilsin ki, bəziləri kimi dərslərinin hamısını mükəmməl oxuya bilmirdi. ancaq ruhunun dərinliklərində hiss edirdi ki, onun da bildikləri, bilmək istədikləri var. sinifin sevilməyən şagirdi günlərin bir günü yazdığı sərbəst mövzulu yazıyla ona qarşı yönəlmiş bütün düşüncələri, fikirləri alt-üst edir.
7. atasıyla qürur duyduğu zamanlardır. onu dünyanın ən güclü, qüvvətli kişisi sayır. bu mənəvi bağlar onun uşaq vüqarının üzərinə əyilməz bayrağını sancır. anası isə ramizin bu günkü sənət kimliyinin, sənətkar şəxsiyyətinin formalaşması üçün əlindən gələni əsirgəmir. ona çoxlu şeirlər oxuyur. ədəbiyyata olan marağını birə beş artırır.
 
derlər,
unudulmaq şakəriylə alışıb yanarkən oxuduğu mətnlərin ortasında hansısa gizli bir hikmət əxz edən dühakar oxucu,
 
8. bu da orta məktəb illərinin sonu. elm, təhsil dalınca Bakıya gəlir. o zamanın bütün yaradıcı gəncləri kimi dirçələn ümidlərini Bakının sənət mühitinə bağlayır. sözsüz, elm, sənət ocaqları bu arzuların başında gəlirdi...
9. ali məktəbi bitirir. təyinatını Sumqayıt teatrına verirlər. uşaqlıq illərindən baş qaldıran sənətə olan sevgisi rellığa doğru öz mübarək qədəmlərini atırdı. bura gəlişiylə səhnəyə qoyulacaq bir tamaşadakı rolların birini oynayacaqdı. bu tamaşa Azərbaycanın unudulmaz oğlu Nərman Nərmanovun həyatından bəhs edirdi. 
10. bu da azdrama. hansı aktiyor istəməzdi ki, bu sənət ocağında işləməsin, sevdiyi rolları oynamasın.o zamanlar azdramada incəsənət dünyasının əsl istedadları cəmləşmişdilər. bu sənətkarların bir arada olması azdramada başqa bir ab-hava, fərqli bir sənət mühiti yaradırdı.
11. həyatda uğurlarınla bağlı sənət dostlarının sizi təbrik etməsindən cana yatan başqa bir şey varmı? budur, sənət dostları onu təbrik edirlər. bu təbriklərin sədası Ramiz Novruzovun qulaqlarında xoş bir səda kimi qalıb. 
12. onun siması, üz cizgiləri ünsiyyət yaradır.ilk görüntüdən onu Azərbaycanın tarixi şəxsiyyətlərini canlandıracaq obrazlarda görməmək mümkün deyil. çox obarazlar yaratdı. onları xatırlamaq Azərbaycanı düşünmək qədər gözəldir. 
 
derlər,
unudulmuş şücətinin xatirələrinə sığınıb gecə-gündüz yaddaşına divan tutan qədim-qayım  oxucu,
 
13. həyatında silinməz məqamlar az deyil. Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun həyatından bəhs edən filmdə baş rola çəkilməsi Ramiz Novruzovun həyatında əsl inqlabdır. ancaq Ramiz müəllim, təkcə bu obrazla deyil, onlarla oynadığı rollarda yaratdığı xarakterlərlə sənət nümunələri ortaya qoyub. 
14. aktiyor Ramiz Novruzov sənətə həmişə elm kimi baxıb. o Azərbaycan teatrınının enişli - yoxuşlu məqamlarına aydınlıq gətirdikcə narahtlıçılığını ifadə edirdi. bu gün sənətdəki bəzi problemlərin kökündə isə elmsizliyin dayandığını israrla qeyd edirdi. 
15. uşaqlıq  xülyaları anlaşılandır. gənclik arzuları da başa düşüləndir. ancaq yetkin bir sənətkarın istəkləri qarşısında sükutu, susmağı  taxta çıxarıb, o sükutun yalnız xidmətçisi olmaq mümkündür. yəni ki, bu gün ramiz novruzov kimi sənətkarların nə vaxtsa haqqı olduğu halda oynamadığı, indi də oynasa belə, gec sayılmayan  rollarının nisgilini nə üçün hələ də daşımaq lazımdır, qafil?
16. yaradıcılıq dünyasında Həzi Aslanov obrazı sözsüz, zirvə hesab edilir.bu möhtəşəm şəxsiyyətin obrazını məhz onun oynamasında da kimlərinsə xeyirxahlığı unudulası deyil. Ramiz müəllim bu gün Hamlet Xanızadəni minnətdarlıq hisləriylə xatırlayır.
17. başı sənətə, səhnəyə qarışır. bir də baxır ki, yaş keçir. gec də olsa, ailə qurur. gənclik illərindən könül verdiyi fədakar həyat yoldaşıyla indi də elə o illərdəki kimi bir-birlərinə qarşı olansəmimiyyətlərini qoruyub saxlayırlar. 
 
derlər,
unudulmaz və unudulduğunda dağın başına çıxıb dövrün başına şimşək kimi çaxan cağbacağ oxucu,
 
18. Ramiz müəllim təkcə rollar oynamayıb. onun qələmə aldığı bir neçə əsərləri də var. Ilk hekayəsini Hafiz Nəzərli  bir vaxtlar  “ulduz”  jurnalında çap edib. bir neçə pyesləri isə teatr səhnəsində oynanılıb. 
19. kainatın qanunlarında çox işdəklərimiz, həngamələrimiz yer alır. bu nizamın içində gəliş olduğu kimi, gedişlər də səngimir. onun itgiləri də az olmayıb. bu itgilər ramiz novruzovun xarakterinin, sənətkar dünyasının formalaşmasında rolunu əsirgəməyib. 
20. açılan sabahlar, doğan günəşlər, düşən axşamlar bitəsi deyil. bu gedişatların sirri, sehri, möcüzəsi var. onun tükənməz heyrəti bu kainata qarşı hələ də davam edir. 
21. zarafatcıl olsa da, daxilən ciddidir. həyatda öz əməllərinə nəzarəti yalnız özü eləyənlərdəndir. amalı yalnız özündən sonra da bu fani dünyanın ecazından bir rahatlıq, bir xoş ovqat qoymaqdır, qafil! o, bir şeyə əmindir: bilir ki, özündən sonra da onun övladları atalarıyla qürur duyacaqlar. 
 
10.12.2010.
 Zəruri qeyd: 2010 -cu ildə onunla qəribə bir ünsiyyətimiz yaranmışdı. elə ilk başdanca bir - birimizi rahatlıqla anlama həssaslığı oluşdu. O zamanlar bu dəyərli sənətkarımızla bağlı bir yazı yazmışdım. Arxivimdə hələ də durur.

Faktor.az saytının oxucularına yazını təqdim etməyi özümə borc bilirəm. Sənətkarın yaxınlarına və doğmalarına baş sağlığı verirəm.








Redaktorun seçimi