Qalib Azərbaycanın qüdrətli partiyası

Hit: 465
Qalib Azərbaycanın qüdrətli partiyası
YAP Masallı rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub
 
Masallı rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar “Qalib Azərbaycanın qüdrətli partiyası - Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib.
 
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.
 
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və gələcəyin” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında Vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb. Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası 30 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur.
 
Rayon Ziyalılar Cəmiyyətinin sədri, partiya veteranı Qardaş Fətullayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib.
 
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, partiya veteranları Əfrail Fərziyev, Rafiq Bağırov, partiya fəalları Mehriban Əzizova, Gülnaz Talıbova, Qoşqar Hətəmov, Arif Mehdiyev və başqaları çıxış edərək qurucusu ümummilli lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
 
Tədbirin sonunda Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.








Redaktorun seçimi