Birtərəfli ittihamlar konstruktiv tənqid kimi qəbul edilə bilməz

Hit: 727
Birtərəfli ittihamlar konstruktiv tənqid kimi qəbul edilə bilməz

Milli Məclisin sədri Roberta Metsolaya cavab verib

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən ona ünvanlanmış məktuba cavab verib.
 
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı yüksək səviyyəli münasibətlər və bu münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri fonunda hakimiyyətin qanunverici qolları arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Milli Məclisi həmişə Avropa Parlamenti ilə qarşılıqlı fəaliyyətin dərinləşməsinə hazır olduğunu nümayiş etdirib. Sahibə Qafarova məktubda Avropa Parlamenti sədrinin təmsil etdiyi qurumun Milli Məclislə qarşılıqlı hörmət ruhunda yaxşı münasibətlər qurmağa davam etmək öhdəliyinə dair sözlərini müsbət qiymətləndirib.
 
Azərbaycan parlamentinin sədri qeyd edib ki, beynəlxalq əməkdaşlıq mexanizmlərində də təmsil olunan parlament üzvlərimizin öz səlahiyyətlərinə daxil olan məsələlər barədə fikirlərini sərbəst ifadə etmək hüququ var. Parlamentimizdə senzura qəbuledilməzdir.
 
Cavab məktubunda deyilir ki, Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsindəki (PƏK) nümayəndələri avropalı tərəf müqabilləri ilə dialoqun daha da genişləndirilməsi niyyətinə əsaslanaraq öz həmkarları ilə fəal ünsiyyətdə olub və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş yeni təşəbbüslər üzərində çalışıblar. Biz Avropa Parlamenti tərəfindən də eyni səviyyədə münasibət görmək istərdik. Qərəzli bəyanatlarda və qətnamələrdə ifadə olunan yalan, qərəzli və birtərəfli ittihamlar konstruktiv tənqid kimi qəbul edilə bilməz və yuxarıda ifadə olunan məqsədlərə xidmət etmir. Həmçinin PƏK Milli Məclislə Avropa Parlamenti arasında birgə səylər vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə kömək edən platforma olmalıdır.
 
Sahibə Qafarova iki qurum arasındakı əməkdaşlığın qarşılıqlı etimad və anlaşma əsasında güclənəcəyinə ümidvar olduğunu bildirib.








Redaktorun seçimi