"Zəlzələ zamanı yaranan simptomların aradan qalxması hər kəsdə eyni olmur" - Təranə Paşayeva

Hit: 591
"Zəlzələ zamanı yaranan simptomların aradan qalxması hər kəsdə eyni olmur" - Təranə Paşayeva
Bugünlərdə qardaş ölkə Türkiyədə və Suriyada baş verən dəhşətli zəlzələlər sözsüz ki, hər birimizi üzdü. Xüsusilə qardaş Türkiyədə baş verən ardıcıl zəlzələlər nəticəsində 35 mindən çox insanın dünyasını dəyişməsi, on minlərlə insanların yaralanması hər birimizdə məyusluq və kədər yaradıb.
 
Bugün dövlətimiz və Azərbaycan xalqı möhtəşəm birlik sərgiləyərək qardaş ölkəyə istər dövlət səviyyəsində, istərsə də insanların birgə təşəbbüsləri nəticəsində hər formada öz dəstəyini göstərməkdədir və bu dəstək Türkiyənin yaralalarının sağalana qədər davam edəcəkdir.
Zəlzələ elə bir təbii fəlakətdir ki, bu anları yaşayan, bu xəbərləri eşidən, hadisədən görüntüləri izləyən insanlara müəyyən psixoloji gərginlik və problemlər yaradır. Amma bu durumdan ən çox ziyan çəkən, ağır psixoloji durumla üzləşənlər söszü ki, təbii fəlakətin birbaşa təsirinə məruz qalanlardır.
 
Bir qayda olaraq zəlzələ və digər təbii fəlakətləri yaşayan şəxslərdə emosional və ya fiziki stress özünü büruzə verə bilər. Fiziki stressin əsas simptomları baş gicəllənməsi, ürək döyüntüsünün artması, ürək bulanması, qusma, iştahda böyük ölçüdə azalmalar, yuxu pozuntuları, əl və ayaqlarda uyuşmalar, nəfəs darlığı şəklində özünü göstərir.
 
Emosional stressin göstəriciləri kimi müəmma, donuqluq, şok və inkar halı, qorxu, narahatlıq, çarəsizlik, günahkarlıq, bədbinlik, dini inanclarda dəyişiklik, özünə və başqalarına güvənsizlik, hissiyyatsızlaşma, zəlzələni xatırladacaq hər şeydən qaçmaq, ən kiçik səslərdən diksinmə, məkan və zaman anlayışlarının itirilməsi, zəlzələyə aid görüntü və səslərin tez-tez canlanması şəklində ola bilər.
 
Zəlzələ zamanı yaranan bu cür simptomların aradan qalxması hər kəsdə eyni olmur. Bəzi insanlarda qısa vaxt ərzində bu simptomlar aradan qalxsa da, digərlərində zamanla posttravmatik stress pozuntusu, təşviş pozuntuları, depressiya simptomları özünü göstərə bilir. Posttravmatik stress pozuntusu uzun illər sürə bilən və şəxsin ciddi əmək qabiliyyəti itkisinə yol açan pozuntudur.
Vaxt keçdikcə narahatlıqlarınızın azalmadığını, gündəlik həyatınıza təsir etməyə başladığını, özünüzə ya da başqa birinə zərər vermə fikirlərinizin yarandığını hiss edərsinizsə, psixoloji dəstək ala biləcəyiniz peşəkar mütəxəssislərə baş vura bilərsiniz.
 
Bundan savayı təbii fəlakətin birbaşa qurbanı olmayan, amma görüntülərini izləyən, sosial şəbəkə və informasiya portallarından oxuduqları ilə psixoloji gərginlik yaşayan insanları da unutmaq olmaz. Daha əvvəlki və sonuncu hadisələr də bir daha sübut edir ki, xüsusilə müxtəlif sosial şəbəkələrdə yazılan yalan, ajiotaj yaradan məlumatlar bir çox insanlarda daha çox həyəcan yaradıb. Bu da onu göstərir ki, insanlara hələ də fors-major və ajiotajlı hallara tam hazır deyildir.
 
Yenidən qayıtsaq Türkiyədə baş verən zəlzələyə, bir psixoloq kimi qeyd etməliyəm ki, zəlzələdən əziyyət çəkən insanlarla uzunmüddətli psixoloji terapiyalar keçirilməlidir. Baş verənləri kənardan izləməklə belə vəziyyətin nə dərəcədə dəhşətli olduğunu hər birimiz görə bilirik. Odur ki, orada 2-3 ay deyil, bəlkədə illəri alacaq psixoloji dəstək vacibdir.
 
Ölkəmizin də seysmik zonada yerləşdiyini nəzərə alaraq belə hallarda necə davranmalı olduğumuz barəsində vətəndaşlarla mütəmadi maarifləndirici görüşlər keçirilməsi məqsədəuyğundur. Xüsusilə bu görüşlərdə psixoloqların da iştirakı labüddür, çünki psixoloqlar o cür hallarda və ondan sonra necə davranmaq barədə fikirlərini bölüşərək yaranacaq itkilərin sayının azalmasına dəstək ola bilər.
 
Sonda onu qeyd etmək istərdim ki, bu cür təbii hadisələrdən heç kim sığortalanmadığı üçün vətəndaş olaraq öz vəzifə borclarımızı, fors-major hallarda necə davranmalı olduğumuzu bilərək özümüzü və sevdiklərimizi qoruya bilərik.
 
Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru








Redaktorun seçimi