Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salındı - FOTOLAR

Hit: 766
Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salındı - FOTOLAR
Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardım bu gün səhər qardaş ölkəyə yola salınıb.
 
Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev “Qafqazinfo”ya bildirib ki, bu gün Bakıdan çıxan növbəti humanitar yardım maşınlarında müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, yorğan və döşəklər və s. var və bu yardımlar birbaşa zəlzələ bölgəsinə çatdırılacaq.
 
Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən Neftçilər prospektində yerləşən Bakı İdman Sarayında Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirir. Bakı İdman Sarayında vətəndaşlar tərəfindən təqdim olunan lazımi vasitələr qəbul olunur, çeşidlənir və qablaşdırılaraq Türkiyəyə yola salınır.
 
Ötən günlər ərzində humanitar yardım göstərmək istəyən şəxslər ilkin tələb olunan ləvazimatları toplanış məntəqəsinə təhvil veriblər. Vətəndaşların izdihamı ilə keçən kampaniya zamanı toplanan yardım Bakı İdman Sarayında könüllülərin iştirakı ilə yerindəcə çeşidlənir, qablaşdırılır və yük maşınlarına yüklənilir.
 
Fevralın 14-dək vətəndaşların ianə etdiyi bütün ləvazimat və avadanlıqlar bu qaydada faciə bölgəsinə yola salınacaq.
 
Bununla yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond əməkdaşları humanitar yardım aparan təyyarə ilə fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman və tibbi avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar da çatdırıb.
1
1
1
1
1








Redaktorun seçimi