Böyüməyimizə kimsə əngəl ola bilməyəcək

Hit: 403
Böyüməyimizə kimsə əngəl ola bilməyəcək
Ey haqqın dərgahında dəsti-xəttimizi dərdlə, kədərlə, qəmlə pozmağa çalışan qurşaqdan aşağı mədəniyyətin bütləriylə bit-birə, bör-böcək bəsləyib böyüdən Adəm törəməsinə göz verib işıq verməyərək öcünü (üçlüklə, tesliklə alan:-x.t.) taleyimizdə bürcə çevirmək istəyən yamyam....
 
Eşit, 
Bütün əzablara qatlaşacağıq. Bu bizim insan, millət və ümmət olma görəvimizdir. Bütün sitəmləri sinəmizə çəkəcəyik, yaradılış yaddaşımıza vuracağıq. Əzablarımızı əzizləyəcəyik, ondan isla  aralanmayacağıq, ancaq çətinliklərdən çıxış yoları arayacağıq. Bütün dözülməz acılarımızı iman eşliyində eşqə dönüşdürəcəyik.  Bu dünyanın olacaqlarının xeyrini, bərəkətini üzərimizə çəkəcəyik. Üstümüzə gələn şəri dəf etməyə səy göstərəcəyik. Yaşamağa davam edəcəyik. İblisin səfində, cərgəsində yer alanlardan olmayacağıq. Haqqın, ədalətin, xeyrin, BİR Olanın həmişə yanında olmağın fərqində olacağıq. 
 
Dinlə, 
Arazın o tayındakı zəlzələnin ardınca qardaş Türkiyədə zəlzələ fəlakəti qanımızı dondurdu. Arazın o tayında qardaş-bacılarımıza İran rejimi heç bir kömək edilməsi üçün kimsəyə imkan vermədi və özü də əl-qolunu sallayaraq olub bitənlərə seyrçi qaldı.  Gerçəkdən, Güney Azərbaycanda soydaşlarımızın düşdüyü durum olduqca can yaxıcı, iç acıdıcı idi. 
 
O tayda göz yaşlarımız dinməmiş, qurumamış, Türkiyəni yerlə yeksan edən zəlzələ yenidən olan -qalan varlığımızı əlimizdən alır. 
Xalqımız fəlakət başladığı saatdan etibarən ayaq üstədir. Hər kəs sanki tikan üstə oturub. Hər kəs əlindən gələni etməyə çalışır. Dövlətimiz tərəfindən qardaşlarımıza ilk dəstəyi, yardımı verən də Azərbaycanımız oldu. 
Anla, 
 
Ey hər anın nağdısına tutqun misgin, sənin nağaranda düşmənin yaddaşlara meşşanlıq təlqin edən türküsü yırğalanır və yırğalandırır,... 
Fəlakətin miqyası, insan tələfatı, itgisi saatbasaat artmaqda davam edir. Ağır bir sürəcdən, dönəmdən keçirik. Türkiyəni sevən insanlar səfərbər olurlar. Ən son tikəsini, ən son manatını can-qan qardaşlarına göndərməyə hazır milyonlarla insanlarımız gecəsini dirigözlü açır. 
Belə ağır, dözülməz vəziyyət davam edərkən, dələduzlar da iş başında öz xəyanətlərini davam etdirməkdən çəkinmirlər. Bu gün yaxın bir dostum, fələkatdən zərə çəkənlərə yardım etmək üçün kartından bəlli bir miqdarda pul köçürüb. Göndərdiyi 500 ABŞ dollarından 150 dolar tutulub. Bu hansı insanlığa, hansı əxlaqa, hansı anlayışa sığar, anlamaq mümükün deyil. Həmişə belə olub. Bir qurub fürsətçillər fəlakətlərin ən pik nöqtəsində göz yaşından, qandan, əzabdan, ölümdən zənginləşib, varlanıb, böyük sərvətlərə nail olublar. O sərəvətlərlə adamlara yuxarıdan aşağı baxmağa başlayıblar. Özlərini üstün, yüksək səviyyəli, aristokrat hesab edib, ac-susuz yaşayanlara rişğəndlə baxanlar sinifi formalaşmağa başlayıb. Bu namus və şərəf yoxsulları birinci Qarabağ, ikinci Qarabağ müharibəsində də eyni tavır və həkətlərini özlərinə xas olan açıq-gizli üslubda ortaya qoymaqdan zərrəcə həya edib çəkinmədilər. 
Başa düş, 
Ey rəzalət təntənəsini kimliyinə sipər etmiş şərin qırğını,
Nə deyək bu insanlıq dışı əxlaqıyla aramızda dolaşan qansız, vicdansız, Allahsız həşəratlara.
Milyonlarla itgiyə qarşı insan həssaslığı sayəsində zərrə-zərrə, qram-qram toparlanan pullar, ərzaqlar, iynə-dərmanlar, geyim və yatacaq əşyaları, təsəvvür edirsinizmi, kimlərsə tərəfindən oğurlanılır, mənimsənilir, özününküləşdirilir. Hansı ki, xalqın topladığı o yardımlar sayəsində neçə-neçə çağa, körpə, uşaq, gənc, yaşlı, qoca həyata qayıdır, yaşama dönür. Ona görə də, belə zamanlarda, dövlətə bağlı olan orqanlar hər türlü təşəbbüslərə nəzarətini gücləndirməlidir. Kimlərinsə dələduzluqlarına şərait yaratmamalıdır. Düzdür, nəzarət orqanlarında da dələduzlarla əlbir, dilbir, qəlbbir olan insanlığı olmayanlar heç də az deyil. Ancaq xalqın yardımlaşma kompaniyasını nizamlı bir orqanizasiyinla təşkil etmək indiki dövrdə o qədər də çətin bir iş olmadığını analamaq mümükündür. 
Bir kəz qan, 
Ey ümidiylə səbrin boyun aşan qardaşım, 
Türkiyə xalqı, dövləti, hakimiyyəti bu adına təbii fəlakət deyilən yıxıntının ölkəyə vurduğu zərbədən tezliklə dikəlib qalxacaq. Bu acılar da digər ağrılar kimi geridə qalacaq. Birliyimiz, dirliyimiz pozulmayacaq. Türk birliyinə, ümmət vəhdətçiliyinə gedən yolun qarşısını kimsə ala bilməyəcək. Bəlkə də o birlik, bütövlük memarlığının tamamlanması bu olub-bitən faciələrimizin, qurbanlarımızın təkanı olaraq təqdiri-ilahi rəhmanlığıyla təcəssüm tapacaq. 
Allah böyükdür. O hər şeyə qadirdir. O, alimdir, hər şeyi biləndir. Onun qadirliyi və bilgisi bütün güclərin, bilgilərin üstündədir. 
Bizlər, bütün şərdən, fəlakətdən, zərərdən, zülmdən, acizlikdən, qorxudan, əlacsızlıq sindromundan, sitəmdən, kin-küdurət azğınlığından qaçıb yenə ONA sığınırıq! Gerisini yenə tək olan Allaha həvalə edirik. 
Başımız sağ olsun!!!
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi