"Media rəhbərlərinin biznes subyektləri ilə bir platformada görüşləri təşkil olunacaq"

Hit: 792
"Media rəhbərlərinin biznes subyektləri ilə bir platformada görüşləri təşkil olunacaq"
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq.
 
Bunu bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.
 
"Agentliyin biznes subyektləri, sahibkarla görüşü nəzərdə tutulur. Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazımdır, qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilərsə onu müzakirə edək", - Ə. İsmayılov deyib.
 
Onun sözlərinə görə, agentlik media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil etmək istəyir. "Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək".
 
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Layihədə media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Dəyişikliklərdə həmçinin media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif edilir.
 
Məcəlləyə dəyişikliklər layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.








Redaktorun seçimi