“Bir Bütöv İnsan Portreti” adlı tədbir keçirilib - FOTOLAR

Bakıda “Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə tibb üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Rəhim Rəhimovun anadan olmasının 100 illiyi ilə bağlı “Bir Bütöv İnsan Portreti” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı bildirib ki, 2023-cü il Azərbaycan dövlətçilik tarixində, respublikamızın ictimai- siyasi, sosial-mədəni həyatında, habelə elm və tibb sahəsində çox əhəmiyyətli və əlamətdar təqvimdir.
Ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, habelə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bərabər, görkəmli həkim, rentgenoloq-klinisist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Rəhim Rəhimovun anadan olmasının da 100 ili tamam olur.
Qeyd olunub ki, Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi-tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasında Rəhim Rəhimovun öz dəsti-xətti və imzası vardır. Naxçıvannın Ordubad şəhərində anadan olan Rəhim Rəhimov keçmişini unutmayan və gələcək nəsillərə örnək bir insan kimi, elinə-obasına bağlı, diqqət və qayğısını əsirgəməyən, ordubadlılar arasında da böyük rəğbət qazanmış ziyalılardan olub.
Tədbirdə həmçinin professor Rəhim Rəhimov adına xüsusi təqaüdün təsis edilməsi barədə müzakirələr aparılıb. Akademikin adının əbədiləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəlim sürülüb.
Qeyd edək ki, 1923-cü ilin martın 23-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulan R.Rəhimov 1974-1989-cu illərdə Milli Onkologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.


