“Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib

Hit: 362
“Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və TutorLab.az-ın tərəfdaşlığı ilə Bakı Slavyan Universitetində “Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib. 
Forumda Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, TutorLab.az-ın rəhbəri Azad Manaflı,təhsil ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər. 
 
Tədbir Dövlət Himninin səslənməsi, Vətən uğrunda canından keçən şəhidlərimizin və dünən Tehrandakı Səfirliyimizə qarşı törədilən terror aktının qarşısını alan zaman həlak olan baş leytenant Orxan Əsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Tədbiri giriş sözü ilə açan AGMA-nın sədri Rüfət Əsədzadə Assosiasiya haqqında və onun gördüyü işlər barədə ətraflı məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva son illərdə gənc müəllimlərin peşəkarlıq səviyyəsindən, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən söhbət açıb.
Digər çıxış edənlər hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildiriblər. Bundan əlavə, Vətən Müharibəsində qəhrəmanlıq tariximizinin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin də olmasının qürurverici olduğunu söyləyiblər.
 
Forumda musiqiçilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
 
Daha sonra Forum spikerlərin çıxışları ilə davam edib. 
 
Müzakirələrdə Rüfət Hacıyev “Məktəb-valideyn münasibətləri”, Bəhman Qüdsi “Müəllimin insan mühəndisliyi”, Ayaz Mirzəyev “Medianın gözündə müəllim imici”, Nəcəf Allahverdiyev “Danlayaq ya danlamayaq?” mövzuları ətrafında çıxış ediblər.
 
Sonda AGMA-nın kurslarında fəal iştirak edən müəllimlər təltif olunublar.
İştirak edən qonaqlarımıza, müəllimlərə, spikerlərə və Bakı Slavyan Universitetinə göstərdiyi dəstəyə görə təşəkkür edirik!








Redaktorun seçimi