Həyatın dibində yaşayanlarımız

Hit: 354
Həyatın dibində yaşayanlarımız
 
Ey dili qafil fil faili məchul fani f...
 
Umudlarını budaya - budaya son dayağını da itirməyə varlığını yem etməkdən çəkinməyən, Unudulmuş oxucu,
Derlər,
Sovetlər birliyi dağılıb Qarabağ, Qərbi Azərbaycan, Zəngəzur işğal edilən ərəfədə bir nəsil vardı ki, ölən öldü, qalanı dəmir yeyib göyə pıxırırdı. İçi özünü, çölü özgəsini yandırırdı. Elə bir dönəmdə çarəsizlikdən gedib haralardasa təhsil almaq adıyla bir növ canını qurtarmaq istəyirdin. Getdik... 
Türkiyədə təhsil illərimiz idi.
O illər ki, biz heç vaxt heç cürə şən ola bilmirdik. Doyunca deyib  - gülmək, sevinmək, şadlanmaq sanki əlimizdən alınmışdı. Bunu istəsək belə alınmırdı. Çünki doğulub böyüdüyümüz, qaçıb oynadığımız, sevib-sevildiyimiz, dədə-babalarımızın məzarı qalmış torpaqlar ermənilərin oylağına çevrilmişdi. Hərdən əsəbdən və gərginlikdən bədənim əsirdi. Başımda saçımın çırtıltısını hiss edirdim. Heç bir daxili və mənəvi rahatlıq varlığımıza yaxın düşmürdü. Eləcə günlər davam edirdi. Mən hər gün İstanbulun küçələrində Azərbaycandan qaçıb gəlmiş saysız-hesabsız insanlarla rastlaşırdım. Bu rastlaşmalar isə 1996-cı ildən sonra daha da artmağa başladı. Düzdü, Azərbaycanın hər rayonundan, bölgəsindən insanlarla qarşılaşsaq da, demək olar ki, bunların əksəriyyətini Naxçıvandan gəlmiş insanlarımız təşkil edirdi. İş elə gətirdi ki, o insanların əksəriyyəti ilə yaxından söhbətləşib tanış olurduq. 
Tələbəçilik belədir ki, bilənlər bilir, üstəlik də, evdən gəlirin yoxsa və kapitalizm tüğyan edən bir məmləkətdə yaşayırsansa, ara-sıra da olsa, işləməlisən. Özün özünü təmin etməlisən. Kapitalizm dünyasının ortasına düşəsən, tələbə olasan, sovetlər sisteminin çöküşündən sonra dünyanın baş kəndi İtanbulda yaşamaq qismətin ola, həm də işləməyəsən, bu çox çətin məsələdir. Elə o dönəmlərdə tanış olduğum Naxçıvandan gəlmiş hər yaş qurupuna məxsus soydaşlarımızla yaxından ünsiyyət dərdə çevrildi. Hamısı bir mənalı şəkildə dolanışıq üçün qardaş Türkiyəyə üz tutmuşdular. Heç nə... nə iş olur olsun, çalışacaq, böyük ümidlərlə gözlərini ardınca dikmiş insanlara, ailə-uşağa pul göndərəcəkdilər. İnandırım sizi ki, o insanların heç biri bəlkə də özünü düşünmürdü. Bəlkə də günlərlə, həftələrlə ac-susuz qalan, amma əyilməyən insanların dəyanətini və sonsuz hüznü gözlərindən oxumaq çətin deyildi. Bütün fikir-zikirləri bir işə girib tezliklə geridə qoyub gəldikləri anasına, bacısınsa, oğul-uşağına dolanışıq üçün qəpik-quruş göndərmək onların günlük qayğısına çevrilmişi. O insanların əksəriyyəti imkansızlıq ucbatından orda burda, küçədə - parkda yatıb gecələyirdi. Belə bir vəziyyət bütün çılpaqlığı ilə davam edirdi. Mən Azərbaycana gələndə Naxçıvandan keçib gəlməyi tərcih edərdim. Çünki Türkiyə sərhəddindən sonra başlayan yollar boyunca avtobusun pəncərəsindən boz çölləri, kənd - kəsəkləri, qazma evləri, həyət-bacalarda solğun üzlü uşaqları, pal-paltarı , üst-başı tökülmüş balaları görüb dağlanırdım. O kasıb, lap orta əsrlərin mənzərəsini xatırladan bir şəkildə Naxçıvanda gördüyüm insanlar yaşından, cinsiyyətindən asılı olmayaraq nədənsə içimi parçalayırdı. O insanları gördükcə, varlığından qopan çarəsizlik, imkansızlıq, yoxsulluq, üstəlik də hüquqsuz olduqları ürəyimi deşirdi. Məni əməlli-başlı doğrayırdı. Anlatmaq, izah etmək çox çətindir. 
Unudlmuş, lap çoxdan unudulmuş oxucu,
Derlər,
Mən yaxşı bilirdim ki, Naxçıvan camaatı olduqca qoçaq, işgüzar, mərt, zəhmətkeş, üstəlik də vətəninə, elinə, yurduna bağlı insanlardır. Bəs onları bu günə, bu kökə, bu duruma kim salıb, niyə salıb, nəyə görə salıb?
Sonrakı dönəmlərdə birmənalı şəkildə mənə məlum oldu, Naxçıvanda bir ağalıq, bir zülm hökm sürür ki, bu vəfalı insanlar bu zülmə, istibdada dözə bilməyib pərən-pərən səpələnmək zorunda qalıblar. İmkanı olan Rusiyaya, Ukraynaya, bəziləri də Türkiyəyə üz tutublar. Bu yer - yurdunu tərk edən insanlar həm də  geridə böyük külfət qoyub gələn soydaşlarımız idi. Onlar nəinki öz başına çarə qılmalıydılar, bir də iş tapmalı, gecə-gündüz çalışıb qoyub gəldikləri doğmalarına pul-para göndərməliydilər. 
Tez-tez onlarla özümü müqayisə edib təskinlik tapmaq istəyirdim. Biz, ermənilərin fitnəsi ilə rusların işə əl qoyması nəticəsində yer-yurdumuzu tərk etdik, boşaltdıq, didərgin düşüb Azıərbaycanın digər bölgələrinə köç saldıq. Bəs yaxşı, bu naxçıvanlı qaraşlarımızı doğma torpağından, ev-eşiyindən uzaqlaşdıran ki, erməni-rus birləşmələri deyildi. Bəs onda kim idi? Kimdən soruşurdun sakit şəkildə deyirdi: Naxçıvan xanı. Düzdür, çoxları deyəcək ki, niyə bu fikirlərini indiyə kimi yazmıırdın. Gözlədin ki, Vasif Talıbov yıxılsın, sonra döşəyəsən?  Mən də deyirəm ki, düz deyirsən, yalançı qəhrəmanlıq lazım deyil, mən Vasif Talıbovdan dünənə kimi yaza bilməzdim. İkinci də, yazsam belə, hansı saytda, qəzetdə o yazını vermək olardı?
Unudulmağı kimsənin tükünü tərpətməyən, hüznlü oxucu,
Derlər, 
Bir onu bilirəm ki, Naxçıvanın rayonlarını, kəndlərini, kəsəklərini hər dəfə görəndə içim qan ağlayırdı. Sıxıntı və dəhşətli yoxsulluq içində orda insanlar günlərini başa vururdular. Üstəlik, qazın, işığın, suyun olmadığı bir mühitdə o insanlar ölümə əməlli başlı tərk edilmişdilər. Bir də qış ayları var idi ki, artıq həyatın dibindən danışmaq lazım gəlir, inanın, heç vaxt bu miqyasda və dərəcədə sözün gerçəkləri əks etdirməyə heç bir şəkildə gücü yetməz,deyirlər. Axı hər kəs sərhəddi keçib ev-eşiyini qoyub qürbət ellərə düşə bilmirdi? Bu o qədər də asan məsələ deyildi. Hər halda qürbət ölkədə yel əsib qoz tökülməmişdi. 
Bu zülm, bu zillət uzun zaman davam etsə də, o mərt, dözümlü, təmiz, igid, çalışqan, zəhmətkeş, namuslu, vətənpərvər insanlar hər zülmə, cəfaya, zillətə, ağrı-acıya dözdülər, ancaq öz doğma Naxçıvanını unutmadılar. Onlar yaxşı bilirdilər ki, bu dünyada hər kəs gəldi gedərdi, elə Naxçıvanın kralı da. Ancaq bu gözəlim torpaqlar, bu müqəddəs yurt qalacaq və qalmalıdır. Onun üçün də ən çətin, ən ağır zamanlarda belə insanın heç nəyi olmasa da, sadaladığım o keyfiyyətləri :-namusu, qeyrəti, kişiliyi, vətənpərvərliyi, zəhmətkeşliyi, səbri olmalıdır. O da Naxçıvan camaatında həmişə olub və olacaq.
Xanəmir Telmanoğlu








Redaktorun seçimi