Azərbaycan xalçaçılıq sənətinin inkişafına daha bir töhfə - FOTOLAR

Hit: 508
Azərbaycan xalçaçılıq sənətinin inkişafına daha bir töhfə - FOTOLAR

“Mədəni irsə yeni baxış”

“Azərxalça” ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, PAŞA Holding, “PAŞA Bank” və  Kapital Bank-ın tərəfdaşlığı ilə yanvarın 24-də Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adlı sərgi təşkil olunub.  
 
Sərgidə “AFFFAIR” markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Azərbaycan Milli Xalça Muzeyində saxlanılan qədim “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, bununla yanaşı Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan “Pazırık” və Xalq rəssamı  Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbəkəli” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı kolleksiya nümayiş etdirilib. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda, cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə edilib. 
“Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı müasir xalça kolleksiyasının  əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir.  Qarabağ zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.
 
Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq sənətinin inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən “Azərxalça” ASC bu istiqamətdə ölkəmizdə və xaricdə bir sıra layihələr, sərgilər təşkil edir, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə hər zaman müxtəlif zövqləri oxşayır. 
Sərgidə ictimai və siyası xadimlər, incəsənət nümayəndələri, xalçaçı sənətkarlar da iştirak edib. 
 
Xatırladaq ki, dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan  “Sumakh” geyim  kolleksiyası  Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. 

Faktor.az
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi