Onu unutmaq namərtliyimizdir

Ey dili qafiol fil faili məchul fani f...
Derlər,
Hər dəfə unudulmaqdan yarım litr həzz alan, oxucu,
Olduqca yanlış və sarsıdıcı bir mənzərəylə qarşılaşırıq. 50 cilidi bir qəpiyə dəyməyənlərin gündə kitabları çıxır, qoy, çıxsın. Gündə yubileyləri və təqdimatları olur, qoy, olsun. Gündə tərif -təhrif yağmuruna tutulub it gününə salınır, qoy salınsın. Orden, medal, təltiflərin yüksək səviyyədə ardı arası kəsilmir. Kəsilməsin. Ölürlər, heykəllərindən, küçə-meydan adlarından keçmək olmur. Bu da olsun. Ancaq araşdırsan, analitik sürəcə zorlasan, bir qram bu adı -sanı aləmi tutuanların nə insanlığa, nə mədəniyyətə, nə də özlərinə xeyirləri olmayıb, yoxdur və olmayacaq da. Sadəcə mənasızlar, əxlqı və şərəfi olmayanlar tərəfindən boş səs-küy, hap-goplar sayəsində LAZIMİ məzənnəyə mindirilirlər. Mindirilsinlər. Bəs bu xalqın 20 əsrdə bir Asif Əfəndiyevi kimi düşünürü vardı və var da. Bu kişinin hanı dövlət tərəfindən cilid - cilid buraxılan kitablları, hanı? Niyə indiki gənclik onun kitablarıyla yaxından tanış olmasınlar? Nədir səbəb ki, bu xalqın gerçək şəxsiyyət və düşüncə sahibləri kimsənin vecinə deyil, eyninə belə gəlmir. İstənilən şəkildə unudulmağa, sıradan çıxarılmağa, ört-basdır edilməyə tərk edilirlər. Yox, bu olmadı, dostlar.
Derlər,
Unudulmaqdansa, qatilliyi gözə alan, oxucu,
1. 20-ci əsr Azərbaycanın düşüncə tarixi baxımından olduqca önəmli bir dönəmdir. Keçən əsrin əvvəlində bu düşüncə tarixini ayaq üstə tutan şəxsiyyətlər Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Məmmədəmin Rəsulzadı, Nəriman Nərimanov olduğu kimi, sonrakı dönəmlərdə də Asif Əfəndiyev oldu. Asif Əfəndiyev çağdaş Azərbaycan fəlsəfi və ideoloji fikrinin yeni müstəvidə intişar tapmasında bir məktəb rolunu oynaya bildi, qafil.
2. Bütün yeni fikirlər və düşüncələr zamanında böyük təpkilərə və etirazlara məruz qalır. Bəzən bu düşüncələr doğulmamışdan da bətndəcə qanına qəltan edilir. Elə Asif Əfəndiyev də sovet dövrünün qızğın zamanında dəhşətli qadağalarla, təzyiqlərlə qarşılaşır.
3. Azərbaycanın düşüncə tarixinə yeni bir düşüncə öz adını yazdırır. Ancaq bütün bu fəlsəfi baxış onun çox şeyləri qurban verməsi bahasına başa gəlir. Necə deyərlər, qada-balasız ötüşmür.
4. Qohumlarından, ailəsindən, doğmalarından imtina etdəndən sonra Asif Əfəndiyevin həyatının nöbəti bir mərhələsi başlayır. Ona qarşı mənəvi terrordan sonra bir müdddət pedoqoji fəaliyyətlə məşğul olmağa üstünlük verir.
5. Sovet sisteminin təməlini və nüvəsini təşkil edən KQP-nin hər cürə təzyiqləri davam etsə də, Asif Əfəndiyev yolundan dönmür. Bu mübariz kişi qurduğu fəlsəfi anlayışın Ocaq Mərhələsini başlatmalı olur, qafil.
6. Sovet diktatura maşının əzici təkərləri altından qurtulmağı başaran Asif Atanı doğmaları, qohumları tərk etsə də, yüzlərlə Azərbaycan gənci onun ətrafında bir yumruq kimi birləşir. Bu insanları sözsüz ki, onun ətrafına yeni ideyalar, düşüncələr yığmışdı. Bu ideyalar sonralar o gəncləri, hətta bir milləti Azərbaycanın müstəqilliyinə doğru əminliklə aparacaqdı.
7. Böyük mübarizələrlə, mənəvi sarsıntılarla keçən ömür bir gün sona erir. O da sevdiyi bu dünyaya, bu ölkəyə, bu insanlara əlvida deyir. (Bu dünyay əlvida deməyi unutmur:-yazacaqdım:-x.t.)
8. Yaşamında heç kimsəyə, düşüncələrində heç bir kəsin düşüncələrinə bənzəmədiyi kimi, dəfni də heç kəsin dəfninə bənzəmir. Özünün kəşfi sayılacaq bir dünyagörüşünün mahiyyətinə uyğun şəkildə geridə qoyub getdiyi tələbələri tərəfindən torpağa əmanət edilir. Ancaq bir zamanlar onu unutmuş, əqidəsindən qorxan qohum - əqraba dedikləri yenidən üzə çıxır, onu ikinci dəfə torpağa tapşırmağa qərar verirlər.
9. İndi Azərbaycan müstəqil bir ölkədir. Bu ölkənin düşünən insanları, dərk edən kəsimi onu gözəl xatırlayırlar. Xatırlayırlar ki, bu dünyadan Asif Ata adlı bir filosof, ideya adamı keçib. Onu unutmaq düşüncə sistemimizə qarşı sayqı və sevgimizin əskikliyidir,qafil.
Derlər,
Unudulmaq üçün dağlarda qaçaqlıq edən, oxucu,
Zəruri qeyd: Şəxsən mənə qaranlıq qalan odur ki, çox da uzaq olmayan tariximizin canlı korifeyi, özünəməxsus dəsti-xətti ilə mədəniyyət dünyamıza işıq tutmağı bacaran filosofun kitablarına qarşı olan bu qədər laqeydlik nədəndir, kimdəndir, hardandır? Nəyə görə prezidentin qərarıyla latın əlifbasıyla çap olunan müəlliflərimizin siyahısı arasında onuin nə adı, nə kitabları yer almır?
Təklif edirəm ki,
1. Asif Əfəndiyevə Bakının ən görümlü, gur yerində heykəl dikilsin.
2. Bakının ən bərtgedən küçəsinə adı verilsin. Ən böyük məktəbi onun adıyla adlandırılsın.
3. Bütün külliyyatı akademik şəkildə çapdan buraxılsın.
4. Heç olmasa yubileyi ərəfisində Mədəniyyət Nazirliyi tərəfindən xatırlansın. Məzarı ziyarət olunsun.
5. Onun yaradıcılığı ilə bağlı beynəlxalq simpoziumlar keçirislin. Konferanslar düzənlənsin.
6. Əsərləri dərsliklərə salınsın. Unversitetlərdə tələbələrə tədris edilsin.
7. Türk Dövlətləri Təşkilatının mədəniyyətlə bağlı hər hansı bir məsləsi onun adıyla etiketlənsin.
8. Hətta imkanımız yetərsə, əsərlərindən seçmə nümunələr qardaş xalqların və digər millətlərin dillərinə çevrilsin.
Bütün bunlar ona görə lazımdır ki, biz dünyaya baxışımızın, düşüncəmizin təməlində Asif Əfəndiyev kimi şəxsiyyət və düşünrləri oturda bilməsək, xalqımızın kimliyinə, mədəni elitarlığına qarşı etinasız yanaşacağıq. Bundan sonra hansı torpağa sahib çıxırsan çıx, şəxsiyyətlərinə sahib çıxmadıqca, torpaq da səndən uzaqlaşacaq.
Xanəmir Telmanoğlu
Xanəmir Telmanoğlu


