Unutqan zümrənin əsarəti

Hit: 801
Unutqan zümrənin əsarəti

(Mən bu yazını 3000 -dən çox şəhidimizin, yaralı və döyüşçülərimizin, varlığımızın vətəni olanlarından üzr istəyərək sözə başlamq istəyirəm) Ey dadi bidad danəndə dəhan dərviş d...

Derlər, 
 
Höteyə güvənərək, qardaşlarımı Tanrı yaratdı, ancaq dostlarımı mən tapdım inancını itirməyən unudulmuş, istiqanlı oxucu,
Azərbaycanın bir parçası olan Təbrizdə, Arazın o tayı dediyimiz ərazilərimizdə sənin millətin azadlıq, özgürlük, bütövlük yolunda canını qurban verir, sən isə bu tayda olab - bitənlərlə ya maraqlanmırsan, ya da onların əzilməyinə, öldürülməyinə ağız büzüb hələ bir yağlı söyüş də gillədirsən.
Mənə olduqca anlaşılmaz gələn bir hal budur ki, niyə Arazın o tayında baş verənlərlə bağlı tükümüz tərpənmir, cınqırımız çıxmır, dodağımız qıpırdamır? Yenə də sağ olsun, dövlət başçısı, cənab İlham Əliyevin o tayda axan qanlarla bağlı gözümüzü yaşardan, içmizi tərpədən, ruhumuzu coşduran məlum çıxışları, açıqlamaları, fikirləri olmasa idi, sizi inandırıram, bizim ümumiyyətlə, Arazın o tayındakı baş qaldıran tufandan xəbərimiz olmayacaqdı. Yəni bu qədər laqeyid, etinasız bir eqoya sahiblənmə prinsipiylə yaşayan on milyonuq, əfəndilər! Mən bir suala cavab aramaq istəyirəm: görəsən, niyə bu gün bu qədər laqeyid və etinasız bir varlığa dönüşdük?  Bu milli məsuliyyətsizlik bizdə nə vaxtdan peyda oldu? Bəlkə əzəldən belə laqeyid dəyanətimiz kimlik və həyatımızda atını oynadıb? Əgər elə olsaydı, bəs bu mədəniyyət, bu tarix, bu tarixdəki dövlətçilik ənənələri, bu bir əsrdə dəfələrlə inqilab alqısı, inqilab bolluğunda yollar yoraraq dağları dərə, dərələri dağ etməyimiz hardandır? Yoxsa, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu,  Ş.Xiyabani, S.Pişəvəri, H.Əliyev, Ə.Elçibəy siyasi-mədəni-tarixi iradəsi bizim mənsub olduğumuz xalqın milli energetik- mənəvi sifarişi deyil? 
 
Derlər,
Əbədiyyət yolunda unudulmaqdan zərrə qədər də dərdlənməyən, əksinə qan gördükcə cuşa gələn unudulmaz oxucu,
Bəzən bu tarixi imkanları, cağın zəruri qıldığı, diktə elədiyi fürsətləri əldən qaçırmağımızı görəndə, hiss edəndə, hərdən mənə elə gəlir ki, yox, deyəsən biz, tarixi şüurumuzu deformasiyaya uğratmışıq. Yaxud, tarixi bilgimiz yoxdur. Hətta tarixi bilgimiz olsa da, tarixi hissiyatımız, duyumumuz, istiqanlılığımız ağılalmaz şəkildə taleyin hökmüylə bir -birimizə qarşı kin-küdurət, nifrət, qəddarlıq darlığına, unutqanlıq qılığına yenilməli olub. Nəyə görə bizim tarixi şüurumuzda bütün baş verən olaylar aləmlərə məharətlə öz füsunkar etibarını, mərdanə dəyanətini, dözümlülük lingini göstərə bildiyi halda, bu gün lazım olduğu məqamda sükuta qərq olur, səsini çıxarmır, milli lənglik sindromunu çağın gətirdiyi zəruri və təlqin etdiyi milli fürsət ehtizazına qapılmadan sanki təslimiyyət niyyətinə düşdüyünü bəyan etmək istəyir. Yox, bu olduqca ağır iddiam və çətin bir suala oxşadı. 
Baxın, müğənnilərimiz siyasətdən dəm vurur, 
siyasətçilərimiz segahdan danışır,
politoloqlarımızı UFO-lar maraqlandırır,
ekstrasenslərimiz futbol haqqında gözləri kəlləyə çıxardan proqnozlar verməkdə davam edir,
atlarımız hürür, bu arada bunu da demədən keçməyim, itlərimiz anqırır,
atom fizikası üzrə alimlərimiz qafiyə aramaqdan, barmaqlarında hecalar düzənləməkdən təngə gəlib,
şair və yazarlarımız qədim Çində və Mesapotomiyada xəngəlin arxetipini arayır, kəllə-bozbaş şühədasını gələcəyə necə məharətlə ötürülməyinin narahatlığını yaşayır,
ilahiyyatçılarımız hz. Musanın Tövratında girdikləri səhralarda 40 ilin dadını çıxarmaqla uğraşır,
rəislər, müdürlər çoxdan ölüb getmiş qohum-əqrabalarının adına yazdırdıqları maaşları, bağladıqları pensiyaları banklardan heç tükünü tərpətmədən çəkir,
mollalarımız cinin və şeytanın varlığını hansısa qırğınlar bahasına hələ də isbat etməkdən sonsuz zövq aldıqlarını oturuşlarından, bulunduqları yerlərdən bəlli etməkdə,
tarixçilərimiz hz. Süleymanın sandığının içində hansısa qızılın növünə, çeşidinə ağıllarını qaydırmışlar,
müəllimlərimizin gözlərinin önündə yal-yamaclara daraşmış qoyun-quzu sürüsünün mələrtisi ərşi-alaya ucalır,
jurnalistlərimiz ucqar kəndlərimizdə yaşı 80-dən sonra Əbdül kişiylə Fatma qarının bir -birinə ilişmiş baxışlarının təsvirinə alüdəçilik təslimçiliyi ilə könül veriblər,
... beləcə bir ölkənin  cəmiyyət oluşduran duruşunu Təbrizin, Arazın o tayının gətirdiyi məsuliyyətiylə üz -üzə gətir görüm necə gətirəcəksən, ey qibləsini mərsiyyə həyasıyla süsləyib qəm qalağına dönüşdürənlər, sizlər kimsiniz deməyəcəyəm daha...
Derlər,
Suyun daşı dəldiyini gücündən deyil, davamlı axışından olduğunun həqiqətini xalqının taleyində görməyə ümidləri bol unudulmuş mutlu oxucu,
xalqın laqeyidlik və unutqanlıq çığlığını, bağırtısını, atəşfəşanlığını “namusla” qoruma instiktinin fəsadını dilə gətirmək üçün yanıb - yaxılıram.
Görünür biz, ona görə unutqan və laqeyd həyasına bürünürük ki, sahib olduğumuz, məsuliyyətini daşıdığımız TARİX vaqeəsini artıq həzm etməkdə acizik. Əsrlər boyu yaşadığımız üst-üstə qalaqlanmış sorunlarımızın məcmusuna sinə gərən tarixin çağdaş kimliyimizdəki ağırlığı daxili potensialımızı əritmiş, bütün zəruri izini-tozunu silməklə əzalarımızda rahatlığını qoruya bilməmişdir. Biz bir millət təəssübkeşliyi ilə bu tarixi qoruma, gerçək tarixi hifz etmə həddimizi aşmağımızı da dilə gətirə bilərik. Boşunamı son 100 ildə həm ərazi, coğrafiya və bu (qorunma) uğurda qurban verdiyimiz saysız-hesabsız genefond dəyərindəki heysiyyatını kimlərinsə siyasi manipulyasiyasına səssiz törənlərlə peşkəş çəkməyimiz? Tarix, keçmiş, itgilərimizin mahiyyəti milli varlıq (qalasında) (məqamında)  şəhadətində haqqının itirildiyini görəndə, xalqın coşqunluq, dönməzlik bağları boşalır, gücü-qüdrəti miobların, bakteriaların, mikrobların yaşam coğrafiyasına münbitlik mükəlləfiyyətli zəmnini məharətlə hazırlayır. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi