Hər şeydən üstün - Vətən!

Hit: 535
Hər şeydən üstün - Vətən!
Bir dəqiqəlik gözlərimi yumub şəhərin səsini dinləyirəm. Şəhər sanki dil açıb mənimlə danışır. Səssizliyi unudub balaca uşaq kimi yeni sözlər öyrənir. Lüğətində isə ancaq sevinc sözlərini yazır. Bu səhnəyə şahid olaraq təəccüblənirəm. Mənim əlimdən tutur. Sonra bir fırça verir. Deyir ki, gözəl şəkil çək! O şəkildə çoxlu insanlar olsun. Fərqi yoxdur qoca, cavan, uşaq... Əsas odur ki, Vətəninə bağlı insanlar çəkəsən. Mən o əsərə baxanda millətin gücünü hiss edim. Yaratdığın tablonu seyr edərkən keçmişini gələcəyin uğuruna çevirən birlik görüm. Bu birliyin səsi dünyanın bütün yerlərində eşidilsin. Yad ediləndə yaddaşlarda fəxrlə bir ad səslənsin – Azərbaycan!
 
Bu vaxt sanki gözümə qoca tarixin baxışı tuşlanır. Mənə baxıb söyləyir ki, bu hissi yaşamaq lazımdır. Görmək ilə kifayətlənsən, mənasız olar. Onun dediklərinə əməl edirəm. Ayaq saxlayıb Vətənimə musiqi kimi qulaq asıram. Sətirləri o qədər mənalıdır ki, insanın ruhunu sakitləşdirir. Musiqinin nəqəratı isə “Qarabağ Azərbaycandır” kimi səslənir. Elə bu vaxt 44 günlük Vətən müharibəsini xatırlayıram. Ağlıma isə tək bir kəlmə gəlir. Qələbə! Bu söz çox cümlənin səbəbi, eyni zamanda başlanğıcıdır. Çünki Biz Vətəni hər bir şeydən üstün bildik. Bunu sözdə deyil, əməldə etdik. Biz ölkəmizi yaşatmaq üçün canımızdan, qanımızdan keçdik. Gözümüzün yaşını silib Zəfəri yaşatdıq. Dünyaya xalqımızın gücünü göstərdik. Kim olduğumuzu bildirdik. Özümüzü sübut etdik. Və Qalibiyyətin ayaq səslərini eşitdik!
 
İndi sizə kimlərdən deyim? İki oğlunu vətənə qurban vermiş atadan, yoxsa ümidini şəhid oğluna bağlamış anadan? İstəsəm də deyə bilmərəm. Bu ağrı nə söz, nə də cümlə ilə ifadə olunur. Səbəbi isə bəzi yaraların dilsiz olmasıdır. Biz şəhid kəlməsini eşidəndə qəlbimiz sızlasa belə, ölkəmizi öz canımızdan üstün tutan millətik. Rütbəmizdən asılı olmayaraq mənliyimizi, kimliyimizi daim zirvələrə yüksəldirik. General-mayor Polad Həşimov kimi...O, əsgərlərlə birlikdə düşmənə elə bir dağ çəkdi ki, o yaranın izi bir də sağalmaz. Sağalsa belə, qabıq bağlamağa gücü çatmaz. Çünki türklər bir dəfə şəhid olur, min dəfə dirilirlər. Eynən Cəbrayıl Dövlətzadə kimi...O, Polad Həşimovun qisasını aldı. Yaşının kiçik olmasına baxmayaraq, güclü Vətən oğlu olduğunu sübut etdi. Və Vətən torpağına döndü. Bütün şəhidlərimiz kimi...
Arxa cəbhəmiz də ön cəbhəmizlə birlikdə savaşdı. Ali Baş Komandanımız, Xalqımız, Dövlətimiz, Ordumuz bir səslə “Qarabağ Azərbaycandır!” dedi. Bu söz bizə güc verdi  - “Dəmir Yumruq” olduq! Xalq olaraq bu Qələbəni, Sevinci birlikdə qazandıq.
İndi bütün bunlara nəzər yetirib, göydə hökmranlığını yaşayan bayrağımıza baxıram. Bayrağın ətrafını quşlar bürüyüb. Onlara baxanda səmada bizi izləyən şəhidlərimizi xəyal edirəm. Bu zaman Çingiz Mustafayev gözümün önündə canlanır. Çiynində kamerası ilə Polad Həşimovun başçılıq etdiyi Qələbə paradını çəkir. Uzaqdan Xudayarın “Vətən yaxşıdır!” ifası səslənir. Bu səfər Çingiz Mustafayev insanların kədərini deyil, sevincini kameraya çəkir...
 
Nəzrin Gəncəliyeva
BDU-nun “Zəfər dastanı” esse müsabiqəsində III yerin qalibi, Jurnalistika fakültəsinin III kurs tələbəsi








Redaktorun seçimi